Dövlət Yuğ Teatrında 29-cu mövsümün yeni - “Quş dili” tamaşasının məşqləri başlayıb.
Tamaşanın müəllifi rejissor Əbdülqəni Əliyev, mətnin müəllifi, yazıçı-jurnalist Təranə Vahiddir.
Tamaşada cərəyan edən hadisələr gözdən uzaq bir dağ kəndində baş verir. Bir gecə kəndə Əzrail gəlir. Ölüm mələyi qızmarda və sazaqda bərkimiş canlardan birini aparır. Hava nə qədər sərt olsa da, amansızlıqda insan laqeydliyinə çatmaz - külüngün torpağa batmadığı bir şaxtada qoca bağban yerdə qalmış tənha ölüyə qəbir qazır, dəfn edir. Səhnə əsərində qaydalar belədir: kütlədən seçildinsə, sınaqlarla üzləşəcəksən. Qoca bağban da həyatının ən ağır imtahanı ilə - ilk, məsum sevgisi ilə sınanacaq...
Səhnə əsərində Əməkdar artist Yaqut Paşazadə, aktyorlar Qasım Nağı, Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və Ləman Novruzova iştirak edəcək.