Oktyabrın 9-da Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq, publisist Pərvin Nurəliyevanın “Səhnə” kitabının təqdimat mərasimi keçirildi.
   Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirdi ki, kitaba müəllifin müxtəlif illərdə teatr sahəsində çalışan sənət adamları ilə müsahibələri, tamaşalar haqqında resenziyaları, Bakıda keçirilən beynəlxalq teatr konfranslarına həsr etdiyi yazılar və pyesləri yer alıb: “Təqdimat mərasiminin Gənc Tamaşaçılar Teatrında keçirilməsi də əbəs deyil. Çünki bu teatrda Pərvin Nurəliyevanın bir neçə əsəri səhnələşdirilib”.
   Qeyd olundu ki, yeni nəşr Mədəniyyət və Turizm Nazirliyi ilə “525-ci qəzet”in birgə layihəsidir. Layihə çərçivəsində növbəti kitab Azərbaycan kinosunun 120 illiyinə həsr ediləcək.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, müəllif ciddi yazılarla özünü təqdim etməyi bacarıb: “Ona cəmiyyətin, elmi ictimaiyyətin, ədəbi mühitin münasibətini görürəm. Pərvin tamam yeni təfəkkürə malik olan, ədəbiyyat havasında yaşayan, düşüncələrində, baxışlarında orijinallıq nümayiş etdirən, heç kəsə bənzəməyən, yeni nəslin ən aparıcı nümayəndələrindən biridir”.
   Müəllifə yaradıcılıq uğurları arzulayan nazir müavini onun paytaxtımızda keçirilən beynəlxalq teatr konfransları haqqında yazılarını da yüksək dəyərləndirdi. Bildirdi ki, o, səmərəli fəaliyyətinə görə bir çox mükafatlara layiq görülüb: “Pərvin teatrsevərləri yaddaqalan yazılarla sevindirir. Bu gün onun əsərləri paytaxt teatrları ilə yanaşı, regionlarda da səhnəyə qoyulur”. 
   AYB-nin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, Xalq artisti Ramiz Həsənoğlu, rejissor, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli, Bakı Dövlət Universiteti Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri, professor Himalay Qasımov, Türkiyənin ölkəmizdəki səfirliyinin müşaviri İrfan Çiftçi çıxış edərək Pərvinin yaradıcılığından söz açdılar. 
   Sonda çıxış edən müəllif qeyd etdi ki, insanın ətrafında onu sevənlər varsa, sürətlə ötüb keçən illər ona təsir edə bilməz: “Mən özümü peşəkar teatrşünas, dramaturq hesab etmirəm. Qələmə aldıqlarım sənətə, səhnəyə olan sevgimin nəticəsidir. Bu sənət dünyasında mənə dəstək olan Mədəniyyət və Turizm Nazirliyi, Yazıçılar Birliyi, “525-ci qəzet”, təhsil aldığım və hazırda dərs dediyim Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyinə təşəkkürümü bildirirəm”.
   
   Lalə Azəri