Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə Ankarada Türkiyə Cümhuriyyəti ilə dost və qardaş ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib.
Tədbirdə dost və qardaş ölkələrlə diplomatik münasibətlərin inkişafından, eləcə də 25 il ərzində görülən işlərdən söz açılıb.
Oktyabrın 5-də Türkiyənin xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə səfərdə olub. M.Çavuşoğlu UNESCO İcraiyyə Şurasının 202-ci sessiyasında çıxış edib.
Səfər çərçivəsində Türkiyənin xarici işlər naziri ilə UNESCO-nun baş direktoru İrina Bokova arasında görüş keçirilib. Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKSOY-un baş katibi Düsen Kaseinov da iştirak ediblər.
UNESCO-nun baş direktoru söhbət zamanı türk dünyası mədəni irsinin təbliğatı istiqamətində TÜRKSOY-un, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işlərdən də danışıb. UNESCO ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlıq memorandumunun imzalanması perspektivləri müzakirə olunub.