Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Qazaxıstan Milli Konservatoriyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
ADMİU-dan bildirilib ki, müqavilənin imzalanmasında məqsəd ölkələr arasında elmi, mədəni əlaqələrin möhkəmləndirilməsi, yeni yaradıcı mühitin formalaşdırılması, müəllim və tələbələrin fəaliyyətlərinin daha da genişləndirilməsidir.
Tədbirdə Qazaxıstan Milli Konservatoriyasının Musiqi təhsili və pedaqogika kafedrasının müdiri, professor Lyalya Kaliakbarova və kafedranın baş müəllimi Dariya Şabdenovanın iştirakı ilə hər iki təhsil ocağında musiqi müəllimliyi ixtisası, tədris olunan fənlər, qəbul zamanı tələb olunan bilik və bacarıqlar haqqında fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, məktəblərdə keçilən musiqi dərslərində əsas yer təcrübi dərslərə verilməlidir.
ADMİU-nun rektoru, professor Fərəh Əliyeva iki təhsil ocağının təşkilatçılığı ilə birgə elmi-təcrübi konfransın keçirilməsini təklif edib.