Almanların Azərbaycanda məskunlaşmasından bəhs edən sərgi açılıb
“Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində “Sərhədlərin silinməsi. Almanlar Vürttemberq və Qafqaz arasında vətən axtarışında” adlı sərgi açılıb.
Almaniyanın ölkəmizdəki səfirliyi, “EuroKaukAsia” elm və mədəniyyət birliyinin birgə təşkilatçılığı ilə reallaşan sərgidə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və nazirliyin şöbə müdiri Fikrət Babayev iştirak edib.
Tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin getdikcə inkişaf etdiyini diqqətə çatdırıb. Sərginin əhəmiyyəti ilə bağlı fikirlərini bildirən səfir burada təqdim olunan fotoların tarixi baxımdan dəyərli olduğunu vurğulayıb. Eyni zamanda, sərginin Azərbaycanın bölgələri ilə tanışlıq baxımdan önəmini də qeyd edib.
“EuroKaukAsia” elm və mədəniyyət birliyinin rəhbəri, professor Eva Maria Aux və digər çıxış edənlər sərgini yüksək qiymətləndiriblər. XIX əsrdə Vürttemberq krallığından Qafqaza köç edən almanların Azərbaycanda məskunlaşması tarixindən bəhs edən sərgi oktyabrın 19-dək davam edəcək.