Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin layihəsi bu dəfə Türküstanda baş tutacaq
Oktyabrın 9-da Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY və Türk Dünyası Mühəndislər və Memarlar Birliyi (TDMMB) arasında əməkdaşlıq çərçivəsində görüş təşkil edildi. TÜRKSOY-un qərargahında baş tutan tədbirə qurumun baş katibi Düsen Kaseinov, müavini Fırat Purtaş, TDMMB-nin baş katibi İlyas Demirçi və digər təmsilçilər qatılmışdı.
Toplantıda türk-islam mədəniyyətləri və sivilizasiyalarının dərin izləri olan şəhərlərin tarixi, mənəvi dəyərləri, memarlıq, sənət və ədəbiyyatını elmi cəhətdən dəyərləndirərək bütün bunları gündəmə gətirmək məqsədilə “Türk-islam şəhərləri simpoziumu” və bu çərçivədə “Kaşğardan Əndəlüsədək türk şəhərləri” - “Şəhrəngiz layihəsi”nin təşkili ilə bağlı müzakirələr aparıldı.
Müzakirələrdən sonra tədbirlərin 7-11 noyabr tarixində 2017-ci ilin “Türk dünyasının mədəniyyət paytaxtı” olan Türküstan şəhərində (Qazaxıstan) keçirilməsi qərara alındı.
İlyas Demirçi rəhbərlik etdiyi təşkilatın TÜRKSOY-la əməkdaşlığının önəmini vurğulayaraq bundan məmnunluğunu ifadə etdi.
Mehparə Sultanova
Ankara