Oktyabrın 21-də Dövlət Akademik Opera və Balet Teatrında "Şah İsmayıl" operasının növbəti tamaşası vaxtilə bu teatrın səhnəsində operanın baş qəhrəmanını oynamış görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunacaq.
Dünya şöhrətli müğənni Opera və Balet Teatrının solisti olduğu illərdə repertuarındakı ən populyar partiyalardan biri "Şah İsmayıl"dakı Aslan şah rolu olub. Baba Müslüm Maqomayevin yaratdığı operanın tamaşası bu dəfə nəvə Müslüm Maqomayevin 75 illik yubileyi münasibətilə oynanılacaq.
Tamaşada əsas partiyaları əməkdar artistlər Təyyar Bayramov (Şah İsmayıl), İlahə Əfəndiyeva (Gülzar), Cahangir Qurbanov (Aslan şah), Afaq Ağayeva (Ərəbzəngi) ifa edəcəklər. Dirijor Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.