“YARAT” Müasir İncəsənət Mərkəzi noyabrın 1-dən 6-dək ilk “M.A.P” Bakı İncəsənət Festivalını keçirəcək.
   
   Festivalın bədii məqsədi və yüksək hədəfi, ilk növbədə, gənc nəslə müasir teatr sənətinin mahiyyətini çatdırmaqdır. Məhz bu səbəbdən festivalın təşkilatçısı teatr banilərimizin maarifpərvər ideyalarına üz tutacaq, böyük uğur qazanmış modern teatrın parlaq əsərlərini nümayiş etdirəcək, musiqi ilə səhnə arasında dərin əlaqələri üzə çıxaracaq.
   “Bakcell” şirkətinin dəstəyi ilə keçiriləcək festivalda aşağıda qeyd edilən tamaşalar nümayiş olunacaq:
   “Bir əsgərin hekayəti” balet-tamaşasının premyerası, bəstəkar İqor Stravinski, rejissor Mehdi Məmmədov, dirijor Yalçın Adıgözəlov (Azərbaycan); “Gülməli adamın yuxusu” - “Pyotr Fomenkonun Emalatxanası” teatrı (Rusiya); “Ked” - “Praktika” teatrı (Rusiya); “Troya zövcələri” - “Royal District” teatrı (Gürcüstan); “Birgə yaşama” - “Eskizı v prostranstve” aktyor qrupu (Rusiya); “Sovrulanlar”, “Çevrilmə” və “Bolero” baletləri - hər üçü “Novıy Balet” teatrı (Rusiya).
   Festival çərçivəsində, həmçinin üç gün “Gaga Intensive” müasir rəqs məktəbinin (İsrail), eləcə də Ruslan Malikovun rejissor sənətinə dair ustad dərsi (“Praktika” teatrı, Rusiya) keçiriləcək.
   Aktyor və rejissor Oleq Lyubimovun (“Pyotr Fomenkonun Emalatxanası” teatrı, Rusiya), səhnə dekoratoru, rəssam Alisa Malikovanın (“Praktika” teatrı, Rusiya) mühazirələri də festivalın yaddaqalan tədbirlərindən olacaq.
   Festivalın konsert proqramına Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Bencamin Brittenin “Frenk Bric mövzusuna dair variasiyalar”ı, Sofiya Qubaydulinanın “Fachwerk” əsəri daxildir. Orkestrə Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edəcək. Konsertin solisti Roman Yusipey (Almaniya) olacaq.