“Bu tədbir Azərbaycan xalçasının dünyada təbliğinə təkan verəcək”
   
   Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun keçirilməsi haqqında 14 noyabr 2016-cı il tarixində sərəncam imzalayıb. Beynəlxalq simpoziumun cari ilin 17-20 oktyabr tarixində keçirilməsi nəzərdə tutulub.   
   Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə birgə tədbirlər planı hazırlanıb. 
   Dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmiş Azərbaycan xalça sənətinin beynəlxalq aləmdə təbliği istiqamətində müvafiq fəaliyyət uğurla davam etdirilir. Simpoziumun əsas tərəfdaşları İCOC (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) və 1978-ci ildən nəşr edilən, dünya xalçaçılıq sənətində gedən prosesləri işıqlandıran və geniş oxucu auditoriyasına malik olan “Halı” jurnalıdır. 
   Oktyabrın 11-də mədəniyyət və turizm naziri, V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun Təşkilat komitəsinin sədri Əbülfəs Qarayevin iştirakı ilə komitənin geniş iclası keçirilib.
   Nazir Əbülfəs Qarayev tədbiri açaraq Azərbaycan xalçasının dünyada təbliğinə böyük təkan verəcək beynəlxalq simpoziumun mahiyyəti barədə ətraflı məlumat verib. V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu çərçivəsində keçiriləcək sərgi və tədbirlərin əhəmiyyəti vurğulanıb. Simpoziumun proqramına dair müvafiq təşkilati məsələlər müzakirə edilib və aidiyyəti üzrə tapşırıqlar verilib.
   Sonra nazir müavini Sevda Məmmədəliyeva çıxış edərək vurğulayıb ki, simpozium dünya muzeylərində və dünya tekstil bazarında Azərbaycan xalçasının düzgün atribusiyasına əvəzedilməz töhfə verəcək. Nazir müavini simpozium çərçivəsində təqdim ediləcək dörd sərgi barədə məlumat verib. Onlardan xüsusilə ikisinin - Azərbaycan Xalça Muzeyində “Müasir incəsənət xalçalarda” sərgisinin və Azərbaycan Milli İncəsənət Muzeyində Londonun Viktoriya və Albert, Berlinin İslam İncəsənəti, Azərbaycan Milli İncəsənət muzeylərinin və şəxsi kolleksiyaların nümunələri əsasında təşkil ediləcək sərgininin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
   AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli çıxışında simpoziumun işinə akademiyanın elmi tədqiqat institutlarının və muzeylərinin aktiv cəlb edilməsinin, eləcə də tədbirə xaricdən qatılacaq alimlərlə aidiyyəti sahələr üzrə görüşlərin və müzakirələrin aparılmasının əhəmiyyətini diqqətə çatdırıb.
   “Azərxalça” ASC-nin sədr müavini Orxan Rzayev çıxış edərək təşkilat tərəfindən xalçalarımızla bağlı hazırlanan nəşrlər və “Qədim Azərbaycan xalçası” (18-19 əsr) sərgisi barədə danışıb və simpoziuma gələcək qonaqlarla “Azərxalça” ASC-nin istehsal məkanlarında görüşlərin təşkilinə dair təkliflər verib.
   Nazir Əbülfəs Qarayev tədbir çərçivəsində qonaqlar tərəfindən ziyarət ediləcək obyektlər sırasında “İçərişəhər” Tarix-memarlıq qoruğunun xüsusi önəm daşıdığını qeyd edib. İçərişəhərdə qonaqların qəbul olunmasına müvafiq şəraitin yaradılması ilə bağlı tapşırıqlar verilib.
   “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov tədbirin yüksək səviyyədə təşkili ilə bağlı lazımi tədbirlərin görüləcəyini bildirib.
   Sonda nazirliyin müstəqil eksperti Əsli Səmədova çıxış edərək İCOC (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) rəhbərliyinin salamlarını müşavirə iştirakçılarına çatdırıb və simpoziumun tərəfdaşları - geniş oxucu auditoriyasına malik olan “Halı” jurnalı və İCOC tərəfindən son iki il ərzində aparılan işlər barədə qısa məlumat verib.