Xəbər verdiyimiz kimi, Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyası Kalmıkiya Respublikasının Elista şəhərində oktyabrın 1-dən 5-dək keçirilən “Keyeda” uşaq və yeniyetmələr üçün Beynəlxalq teatr festivalında iştirak edib. Festivalda A.Şaiqin “Tıq-tıq xanım” əsərini təqdim edən kollektiv diplom və fəxri fərmanla geri dönüb.
Yaradıcı heyət Elista şəhəri Təhsil İdarəsinin fəxri fərmanı, gənc nəslin təlim-tərbiyəsində milli dəyərlərin yüksək səviyyədə qorunması və teatr sənətinin estetikasının düzgün çatdırılmasına görə Kalmıkiya Teatr Xadimləri İttifaqının diplomuna layiq görülüb.
Tamaşaya Xalq artisti Ağaxan Salmanlı quruluş verib. Rolları Günel Məmmədova, Aygün Fətullayeva, Elnur Hüseynov, Elnur Kərimov, İlham Əsədov, Müşfiq Əliyev, Elşən Şıxəliyev ifa edir.
* * *
Gənc Tamaşaçılar Teatrının qatıldığı daha bir sənət tədbiri isə Kiyevdə keçirilən “Mariya” Beynəlxalq monotamaşalar festivalı olub. Festivalda Əməkdar artist Şövqi Hüseynovun oynadığı P.Züskindin “Kontrabas” tamaşası təqdim olunub. Tamaşanın nümayişindən sonra festival iştirakçısı olan slovakiyalı və polşalı sənət adamları Gənc Tamaşaçılar Teatrının kollektivini ölkələrində keçiriləcək festivallara dəvət edib.
Qeyd edək ki, Şövqi Hüseynov “Kontrabas” monotamaşası ilə Rusiyanın Nijnevartovsk şəhərində 25-28 oktyabr tarixində keçiriləcək “Şimal görüşləri” Beynəlxalq teatr festivalında da çıxış edəcək.