Gürcüstanın Marneuli rayonundakı Mədəniyyət evində məşhur Borçalı aşığı, türk dünyasının azman sənətkarı aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konsert keçirilib.
Tədbiri folklorşünas, Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən “İncəgül” aşıqlar ansamblının rəhbəri Məhəmmədəli Məşədiyev açaraq Aşıq Kamandarın yaradıcılığı haqqında ətraflı məlumat verib. O, Borçalı aşıq məktəbinin Göyçə və Ağbabanın saz-söz ənənələrini qoruyub saxlayan bir ozan mühiti olduğunu və bu mühitdə aşıq Kamandarın xüsusi yer tutduğunu bildirib.
Tədbirdə Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev, Kvemo-Kartli bölgəsi qubernatorunun müavini Zaur Darğallı çıxış edərək aşıq Kamandarın 85 illik yubileyinə həsr olunan konsert münasibətilə sənətsevərləri təbrik ediblər, azərbaycanlıların kompakt yaşadığı bölgələrdə aşıq sənətinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ramiz Quliyev Azərbaycanda dövlət səviyyəsində aşıq sənətinə göstərilən qayğı və diqqətdən danışıb, ənənəvi beynəlxalq aşıq festivalının keçirildiyini bildirib.
Tədbirdə Borçalı və Qazax sənətkarları aşıq Kamandarın yaratdığı mahnıları ifa ediblər.
Aşıq Kamandarın oğlu Əflatun Əfəndiyev atasının yubileyinə həsr olunan konsertin təşkilinə görə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə və Azərbaycan Aşıqlar Birliyinə, Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyevə, “Salam” Xeyriyyə Cəmiyyətinin rəhbəri Maya Rəcəbovaya və yubiley tədbirinə gələn qonaqlara, Marneuli rayon rəsmilərinə minnətdarlığını bildirib.