Dünyanın başına oyunlar açan müharibə dövründə hərdən “açılıb-örtülən” o mücrünün çap olunduğu kitab ogündən-bugünə açılıb-baxılmada...
Məşəqqətlər yaşayan bir ailənin ən həssas, ən dərdçəkən üzvü olan Ana və bu ağır gün-güzəran ritminin əksinə olaraq, tez-tez baş verən bir iş; “açıldı mücrü, örtüldü mücrü...”
Müdam çıxarılıb satıldı, ehtiyaclar ödənilmədi ki ödənilmədi və elə hey “açıldı mücrü, örtüldü mücrü...”
Bəli, özünün “növbəti mənsur hekayə”, başqalarının isə “28 kitabı içərisində şah əsəri” hesab etdikləri bu “Mücrü”dəki “təsəvvüri zinət əşyaları”nın başında onun əsl sənətkarlıq zinəti! Bu zinəti bir az da qiymətləndirən cəhət və əlamət də var: “qılıncının dalı-qabağı kəsən” Stalin rejiminə təsadüf edən tələbəliyində yaratdığı antisovet təşkilat səbəbilə həbs cəzası və sonralarkı əyilməzliyi, milli ziyalılıq qüruru ilə bağlı mənəvi haqq!..
Bu bütöv əqidə-əxlaq dayanıqlı şəxsiyyəti sürgünlərdə də sındıra bilməmişdilər və əksinə, həbsdən sonra o, vaxtilə onu satmış bir çox çuğulçulardan irəli gedərək, Azərbaycan Yazıçılar İttifaqının üzvü, gözəl əsərlərilə məşhur ədib, dərin mühakimələrilə seçkin ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor olmuşdur.
Dövrünün “aktiv” ədib və professorları içərisində öz “mənsur-məsum”luğu ilə seçilən bu sənətkarın üslubuyca davam edim ki; mövzusu əbədi Gözəlliyin mabədi olan əsərlərindən biri “Günəbaxan”. Hədsiz qənirsiz bir qız daxil olur avtobus salonuna və bu anadək hərəsi öz xəyal aləmlərinə qapılıb “mürgü döyən” sərnişinlərin hamısı çevrilir “günəbaxan”a...
Bir qəsdim vardı bu hekayə epizodunu xatırlatmaqda. İstəyim bunu hamıya çatdırmaqda ki, böyük sənət sərnişinlərindən və milli mehr-məhəbbət sürücülərindən biri olmuş bu müəllif - Gülhüseyn Hüseynoğlu - elə ilk gəncliyindən bu tip statistik “günəbaxanlar”dan yox, bütün qəlbi-sözü-gözü ilə azsaylı -
“Vətənəbaxan”lardan olub...
Tələbəliyin özünə də zamanın milli tələbi kimi baxan bu Vətən oğlu Milli Cümhuriyyətimizin süquta uğradılmasından üç il keçmiş (16 oktyabr 1923) Masallı rayonunun Mollaoba kəndində anadan olub. Sən demə, həm də o süqutdan 28 il ötənədək sükuta qərq edilmiş millətimizin istiqbal əzmini silkələyib, istiqlal yaddaşını təzələyəsilərdən biri kimi doğulubmuş...
Ailəsi Bakıya köçərkən o hələ 3-4 yaşlı uşaqmış. Orta təhsil illərindən rüşeymlənən milli hiss-duyğuları Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində qönçələnir, aspiranturada siyasi güllər açır, milli pərəstişkarları başına yığıb “İldırım” təşkilatı yaradır və... “şəxsiyyətə pərəstiş” iyçilərinin hökmü ilə 25 illik həbs-sürgün həyatına məhkum edilir. 1956-cı ildə (məlum “siyasi yumşalma” ilə əlaqədar) tam bəraət alır, aspiranturaya bərpa edilir, dərin savadı, dəmir əzm və “daşdan keçən həqiqət” məntiqi sayəsində universitetdə müəllim saxlanılır. İllər ötdükcə ədəbi və elmi fəaliyyətilə daha da şöhrətlənir, Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, Filologiya fakültəsi elmi şurasının üzvü olur. Həbsdən əvvəl yazdığı kiçik ədəbi nümunələri (“Ana” hekayəsi, “Bənövşə əfsanəsi” adlı ilk mənsur şeiri və s.) kəmiyyət və keyfiyyətcə artır, öz milli-vətənpərvərlik ruhunun oyanışında nüvə hesab etdiyi Mikayıl Müşfiqlə bağlı araşdırmalarının nəticəsi olan fundamental monoqrafiyası başda olmaqla, neçə-neçə elmi-tədqiqat əsəri, yüzlərlə maraqlı hekayə, povest, alovlu publisistik məqalə və oçerklər yazır.
Bu qədər dramatik həyat yaşamış ədibin bədii yaradıcılığının əsasını isə... lirikalar lirikası hesab olunan mənsur şeirlər təşkil edir. Az qala hər sətrində yeni məna-məzmunla bahəm, siyasi işarət “kölgə”ləri, hər təzə tərkibin təkrirində milli tonlu məcazlar, aldəyiş vurğu-durğular, ləzzət dolu “çaş-baş”lıqlar da olan mənsur şeirlər...
Adları da məzmun-mənaları kimi dadlı-duzlu (“Bir ömrün çıraqları”, “Yaşatmaq üçün”, “Müşfiq”, “İnsan”, “Beşincilər”, “Gözəl”, “Mücrü”, “Simic”, “Yana-yana”, “Kişi kimi” və s.) otuza yaxın kitabından bir neçəsi keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunub.
Sənətcə çox istedadlı, milli-istiqlali əqidəcə mübariz insan müstəqillik dövrümüzdə də xeyli yaşadı, bir sıra mükafat və təltiflərə, 2005-ci ildə “Xalq yazıçısı” fəxri adına layiq görüldü, 90 yaşında (2013) vəfat etdi. Əziz xatirəsi isə çoxlarının, xüsusən, saysız-hesabsız tələbələrinin sevgili xatirələrində. Onlardan biri də unudulmaz şairimiz Qabilin övladı Mahir Qabiloğluna məxsus (xeyli ixtisarla):
“Mənim Gülhüseyn müəllimim...
Onunla qiyabi tanışlığım hələ 6 yaşımdaykən izlədiyim “Açıldı mücrü, bağlandı mücrü” adlı qısametrajlı filmdən başlayıb. O vaxt janrlardan başım çıxmasa da, atam demişdi ki, bu, mənsur şeirdir. Müəllifindən də danışmışdı: “Yaxşı kişidir. Mənsur şeirin banisidir. Müşfiqşünasdır. Müşfiqşünas yox e... bu dünyadan sonsuz getmiş Müşfiqin oğludur! Bütün həyatını ona həsr edib!..”
1983-cü il. Universitetin birinci kursundayam. Dedilər, 9-cu mərtəbədə Gülhüseyn müəllimin yubiley törəni keçirilir. Hamılıqla getdik. “Rəyasət heyəti”ndə əyləşmiş “Mücrü” müəllifi ilə ilk əyani tanışlığım ordan başlandı. O, sözünə belə başladı:
“Uşaqlar, mən özümə yubiley keçirmək fikrində deyildim. Bu yaxında məni maşın vurdu, qol-qıçımı sındırdı, neçə ay xəstəxanada yatdım. Fikirləşdim ki, belə getsə, çətin 70-ə çatam və bu müxtəsər yubiley tədbirinin keçirilməsinə razılıq verdim...”
...İkinci kursdan orduya çağırıldım və qayıdanda yeni qrupda təhsil almalı oldum. Bir əlaçı qızımız vardı; Aytək Abdullayeva. Bütün müəllimlər razılıq edirdi ondan. Sonradan bildim ki, Gülhüseyn müəllimin qızıdır və o gündən onu gözəl bir ata kimi də tanıdım.
“Xüsusi kurs”da Müşfiq haqda mühazirəni (təbii ki!) Gülhüseyn müəllim deyirdi. “Deyirdi” yox, yaşayırdı! Hərdən də “özündən çıxıb”, ovaxtlar “millətin bu böyük nakam nəğməkarını” satanların qaralarına ağzından alov püskürürdü...
Beşinci kursun son günləri səhər-səhər auditoriyaya girəndə gördüm, qızlar hönkürüşürlər. Birinci partanın üstündə gül qoyulmuşu. O partada Aytək oturardı...
- Nə olub?..
- Aytək evlərinin pəncərəsini siləndə... 5-ci mərtəbədən...
Uşaqların yığışmağını gözləmədim. Atama xəbər verib, tərpəndim. Həyətdə qurulmuş çadıra keçcək, müəllim məni işarətlə çağırıb, yanında oturtdu:
“Deyirdim ki, 4 övladım olsun. Öləndə hərəsi cənazəmin bir qolundan tutub aparsınlar. Üç oğlum oldu, bir qızım. İndi Aytək yoxdur... Stalinin dövründə “İldırım”çıların məhkəməsində üzümə 25 il sürgün oxudular, tüküm də tərpənmədi. Başımı dik tutub qulaq asdım. Amma Aytək mənim belimi qırdı...”
Sən bir qəza-qədərə bax! O vaxt (özü də məhkəmə başlananda!) güllələnmə ləğv edilib, Gülhüseyn müəllimin vətənpərvərlik “cinayət”i 25 illik həbslə əvəz olunmasaydı, nə Aytək olacaqmış, nə də bu müsibət...
Atamın son illərində bu müəllimimlə tez-tez görüşürdük. Atam tez-tez deyərdi, “Gülhüseyn, o olanları yaz, yaz, yaz!” O isə hər dəfə sakitcə qayıdardı ki, “yox, yazmayacağam”. Bir kərə televiziya müxbirləri də mənə yaxınlaşdılar ki, “Gülhüseyn müəllimə zəng edirik, müsahibəyə əl vermir. Səni lap çox istəyir,- desən, razılıq verər. 80 illiyidir”. Mən də zəng çaldım, nə qədər xahiş, “qılıq-qıdıq” elədim, xeyri olmadı.
Son dəfə 90 illik yubileyinə yazı hazırlamaqçün zəng etmək istədim, alınmadı. Bir də məlum “48-ci il tarixçəsi”ni yazıb-yazmadığını soruşacaq, xeyirxəbər almayacağım halda, bunu dönə-dənə xahiş edəcəkdim. Ertəsi gün isə ...
Bəs o yazı?! HEYF!..
Mənsə bunu yazdım. Atam da yazmışdı:
GÜLHÜSEYN
Həm mənzumdu, həm mənsurdu Gülhüseyn.
Həm məsumdu, həm məğrurdu Gülhüseyn.
Zindanların zülmətini əridən
Al şəfəqdi, qızıl nurdu Gülhüseyn.
Müəllimdir - alnıaçıq, üzüağ.
Ona yaddır başqa cürə yaşamaq.
Öz canından keçməyinə keçdi o,
Ölmədisə - bu, Allahın işidir...
Müşfiq dağı sinəsində əbədi,
Müşfiq şeiri — səcdəgahı, məbədi.
Əzabkeşin, cəfakeşin qisməti,
Ömür yolu, tale hökmü belədi.
“Vətən!” - deyib sinəsinə çırpmadı,
Hökm oxundu — gözünü də qırpmadı.
Əsəbinin səbəbi də birdimi?
Dirigözlü oda düşüb gəncliyi...
Ömrü uzun, ürəyi pak, gözü tox,
İndi tapıb bir az qulaq dincliyi.
Kələyi yox, hiyləsi yox, toru yox,
Coşmağı var, daşmağı var, zoru yox.
Masallıda yırğalanıb beşiyi...
Azərbaycan torpağında yeri çox...”
Tahir Abbaslı