Kinoda kompyuter qrafikasından istifadə son illər xüsusilə geniş yayılıb. Bu sahədə çoxlu yeni texniki imkanlar var. Lakin peşəkar səviyyəli iş ortaya qoymaq heç də təkcə texniki imkanlarla başa gəlmir.
   
   Kompyuter animasiyasının yaranması
   
   Kompyuterin incəsənətə “müdaxiləsi” ötən əsrin 60-cı illərində başlanıb. Qərbdə rəssamların incəsənət və texnikanı bir araya gətirməsi ilə bu prosesə “start” verildi. 70-ci illərdə rəssamların texnikaya kifayət qədər yiyələnməsindən sonra “kompyuter qrafikası” sənət olaraq yayıldı. 1973-cü ildə Amerikada kompyuter qrafikası və animasiyasının inkişafına həsr olunmuş beynəlxalq SIGGRAPH konfransından sonra bu işə maraq xüsusilə artdı. Proqramçılar, texniklər, rəssamlar, dizaynerlər, hətta kompyuter istehsal edən iri şirkətlər bu sahədə yeniliklərlə maraqlanmağa başladılar.
   İlk kompyuter animasiyaları sadə kliplərdə nümayiş olunurdu. Texniki bazanın inkişafı və rəssamların səyi nəticəsində iş üslubu da dəyişdi. Əgər əvvəllər texniki tərəflər önəm kəsb edirdisə, sonralar bədii tərəflər dəyərləndirildi. Cizgi film rəssamları personajların, ümumi fonun yaradılmasında bu texnikadan istifadə etməyə başladılar. Onlardan bəziləri kompyuter animasiyasına keçərək filmlər çəkməyə başladılar. Disney məktəbinin multiplikatoru Con Lasseter (John Lasseter) “Piksar” animasiya studiyasında 1989-cu ildə “Oskar”a layiq görülən “Toy Story” (“Oyuncaq hekayə”) cizgi filmini çəkdi.
   
   Kinoda kompyuterin rolu
   
   Bu gün filmlərdəki kompyuter qrafikası ilə çətin ki, kimisə təəccübləndirmək olar. Kompyuter qrafikasından ilk dəfə istifadə olunan film 1973-cü ildə ekranlara çıxan “Qərb dünyası” ("West world") filmi oldu. Bir qədər sonra isə onun davamı - “Gələcək dünya” ("Future world") filmi tamaşaçılara təqdim olundu. Hər iki filmdə robotların gözləri ilə peyzajlar da təsvir olunmuşdu. 1977-ci ildə ekranlara çıxan rejissor Corc Lukasın “Ulduz müharibələri. Epizod IV. Yeni ümid” filmi də kompyuter qrafikası ilə yadda qaldı. Baxmayaraq ki, “Ulduz müharibələri” silsiləsi xüsusi effektləri ilə böyük rezonans doğurmuşdu, həmin filmlərdən yalnız birində kompyuter qrafikası işlənmişdi. Burada 90 saniyə kosmik gəminin uçuşu nümayiş olunmuşdu.
   Kompyuter qrafikası kino sənayesində ciddi qəbul olunması üçün kifayət qədər uzun yol keçdi. 1982-ci ildə çəkilən “Tron” filmi isə kino tarixində əsas personajları kompyuterdə hazırlanan ilk film oldu. Filmdə 30 dəqiqəlik qrafik səhnələr var. Burada canlı və kompyuterdə hazırlanmış qəhrəmanlar birlikdə göstərilmişdi. Bu gün isə kompyuter qrafikasından istifadə olunan çoxsaylı filmlər bir o qədər qeyri-adi görünmür. Müasir tamaşaçı 3D formatlı filmlərə də öyrəncəlidir. Xüsusi eynəklər vasitəsilə filmlər izləmək yeni əyləncə növlərindəndir.
   
   Azərbaycan kinosunda vəziyyət necədir?
   
   2001-ci ildən kompyuter qrafikası ilə məşğul olan Fərid Yusifoğlu bu günə yeddi tam və qısametrajlı filmdə (“Sirat körpüsü”, “Qanadlarıma sığal çək”, “Niyyət”, ”Yol” və s.) çalışıb: “İlk olaraq onu qeyd edim ki, kompyuter qrafikası ilə 3D format fərqli anlayışlardır. 3D formatı xüsusi eynəklə izlənilən filmlərdir. Kinoda kompyuter qrafikası isə çəkiliş prosesində mümkün olmayan əlavələrin edilməsidir. Mənim peşəm “vizual effektlərə nəzarətçi” (“visual effect supervisor”) adlanır. Bu, qrafikada rejissorluq deməkdir.
   “Yol” filmində “Matte painting”dən istifadə elədik. Bəzi kadrlara duman yerləşdirdik. “Matte-painting” müəyyən məkanların - qalaların, arxa fonun sonradan yaradılmasıdır. Kompyuter qrafikası həmçinin filmin büdcəsi üçün də sərfəlidir və mümkün olmayanı yaradır. Süni dağlar, meşələr qurmaq və ya iri masştablı binaları, obyektləri asanlıqla yaradır”.
   Kinoda vizual effektlərdən də geniş istifadə olunur. Partlayışlar, güllə atılması zamanı kənara yayılan əlavələr və s. bu yolla əldə edilir.
   Fərid Yusifoğlu hazırda “Mən evə qayıdıram” filmində bu cür əlavələrdən istifadə etdiyini bildirdi: “Filmdə 15-dək qrafik epizod var. “Object remove” (hər hansı lazımsız obyektin silinməsi), “object replacement” (mövcud obyektin başqası ilə əvəz etmək) və s. istifadə etmişik. Filmdə bir yazı səhv yazılıb. Biz onu vizual olaraq dəyişdik”.
   Hər hansı obyekt real halda varsa onu çəkmək daha məqsədəuyğun sayılır: “Əgər həmin obyekt yoxdursa, o zaman qrafikaya müraciət edilir. Filmdə tüstü, yanğın kimi detalları texniki baxımdan kompyuter qrafikası ilə işləməyin çətinlikləri də var. Buna uyğun texnikamız çox azdır”.
   “3Dost production” şirkətinin direktoru və qrafik animatoru Rəşad Əfəndiyev də texniki imkanlara görə iş prosesinin zəif getdiyini bildirdi: “Hazırda şirkətimiz tərəfindən qrafist Yusif Qabilovla birgə “Cırtdan və Təpəgöz” 3D animasiyasını hazırlayırıq. “Caracter animation” deyilən prosesdə personajlar hazırlanır. Buna modelləşmə deyirlər. Lakin ən çətin proseslərdən biri həmin personajlara hərəkət verməkdir. Bəzən 2-3 saniyəlik hərəkət üçün 1 gün, bir qədər çətin hərəkət olduqda 2-3 gün zaman sərf edilir.
   Digər ölkələrlə müqayisə etsək, məsələn, Hollivudda bir animasiya üzərində çoxlu sayda qrafist və rəssam çalışır. İş də sürətli gedir. Məşhur “Şrek” cizgi filmi iki ilə çəkilib. Həmçinin hazırda dünyada mo-cap sistemi ilə animasiyalar çəkilir ki, bu da canlı aktyorlara qoşulan ötürücülərlə informasiyanın kompyuterə köçürülməsidir. “Avatar” filmində olduğu kimi. Bizdə isə texniki imkanlar zəifdir. Lakin çalışırıq ki, müasir texniki tələblərə cavab verən animasiya hazırlayaq”.
   
   Reyhan İsayeva






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar