Dövlət başçısının sərəncamları ilə təltif olunan şəxslərə mükafatlar təqdim edildi 
   
   Oktyabrın 17-də Muzey Mərkəzində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycanda mədəniyyət və turizmin inkişafında xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş şəxslərə mükafatların təqdimetmə mərasimi keçirildi. 
   
   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində çalışan insanlara göstərilən dövlət qayğısından danışdı. Bildirdi ki, artıq əlamətdar bayramlar ərəfəsində fəxri ad alan sənət adamları ilə belə görüşlər ənənəyə çevrilib.
   Qeyd olundu ki, mədəniyyət sahəsində çalışan insanlara dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yaradıcı əməyin qiymətləndirilməsi, mədəniyyət və incəsənətlə bağlı müvafiq dövlət proqramlarının qəbul edilməsi, qeyd olunan sahələrə dair qanunvericiliyin, normativ-hüquqi bazanın daha da təkmilləşdirilməsi bu diqqətin bariz nümunəsidir. 18 oktyabr - Dövlət Müstəqilliyi Günü ərəfəsində təqdim edilən mükafatlar ikiqat bayram ovqatı yaradır. 
   Nazir qeyd etdi ki, Azərbaycan incəsənəti tükənməz və zəngindir. Mədəni irsimizin müxtəlif sahələri ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın xidmətiləri sayəsində UNESCO-nin müvafiq siyahılarında təmsil olunur: “Yaxın gələcəkdə bu siyahı daha da genişlənəcək və Azərbaycan incəsənəti, tariximiz bu siyahını öz töhfələri ilə daha da zənginləşdirəcək”. 
   Vurğulandı ki, Azərbaycan son dövrlər böyük bir inkişaf yolu keçib və bu inkişafın bünövrəsində müstəqil dövlətçilik dayanır. Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə sistemli təbliği yalnız müstəqillik illərində mümkün olub. 
   
   “Mədəniyyət və turizm qarşılıqlı şəkildə ölkənin rifahına xidmət edir”
   
   Prezident İlham Əliyev tərəfindən müxtəlif sahələrdə çalışan insanların əməyinin hər zaman qiymətləndirildiyini deyən nazir qeyd etdi ki, bu sırada mədəniyyət sahəsində çalışanlar mühüm yer tutur: “Mədəniyyət və incəsənət xalqın sərvətidir. İnsanların yaradıcılığa sevgisi, sənətə fədakar yanaşması olmasa, xalqın milli sənəti yaşaya bilməz. Bütün bu xidmətlərin arxasında böyük bir tarix yaşayır. Teatr, musiqi, kino, rəssamlıq və s. sahələrdə çalışan insanlar əslində ölkənin mədəni tarixini yazırlar. Düşünürəm ki, ölkə rəhbərliyinin mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğı onların daha da səmərəli fəaliyyətinə təkan verir. 
   Ümumilikdə isə bu gün mədəniyyət aləmi ölkə siyasətinin önündə gedən sahələrdən biridir. Nəinki ölkəmizdə, həmçinin beynəlxalq aləmdə elə bir rəsmi tədbir yoxdur ki, orada Azərbaycan mədəniyyəti və incəsənəti təbliğ edilməsin. Biz bu sahədə çalışan insanlardan daha böyük uğurlar, mədəniyyətimizin inkişafı və tanıdılmasına xidmət edən yeni layihələr və nailiyyətlər gözləyirik”. 
   Nazir daha sonra dedi: “Çox sevinirəm ki, Müstəqillik Günü ərəfəsində mədəniyyət sahəsində çalışan insanlarla yanaşı, turizm sahəsində fəaliyyət göstərən insanlara da dövlət təltiflərini təqdim edirik. Bu da o deməkdir ki, mədəniyyət və turizm bir-birindən ayrılmaz sahələrdir. Əgər mədəniyyət sahəsində çalışan insanlar incəsənətimizi beynəlxalq aləmdə tanıdırlarsa, bunun nəticəsində ölkəmizə maraq yaradırlar. Sənət və turizm qarşılıqlı şəkildə ölkənin rifahına xidmət edir. Bunun müqabilində hər bir yaradıcı insan daha da şövqlə yazıb-yaratmalı, turizm sahəsində çalışanlar isə ölkəmizə gələn hər bir turistə layiqli xidmət göstərməli, bu sahənin inkişafı üçün səylərini əsirgəməməlidir. Biz hamımız bu ölkənin çiçəklənməsi üçün var qüvvəmizlə çalışmalıyıq”.
   Sonra Əbülfəs Qarayev ölkə başçısının müvafiq sərəncamları ilə təltif olunmuş şəxslərə “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medallarını təqdim etdi. Həmçinin Prezidentin sərəncamları ilə “Xalq artisti”, “Əməkdar artist”, “Əməkdar müəllim”, “Əməkdar mədəniyyət işçisi” adları verilmiş şəxslərə fəxri adların nişan və vəsiqələri təqdim edildi. 
   Daha sonra bir qrup şəxsə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı verildi. 
   Təltif olunanlardan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Xalq artisti fəxri adına layiq görülmüş Opera və Balet Teatrının solisti Sabir Əliyev çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirdilər. 
   Mərasimin sonunda nazir Əbülfəs Qarayev bir daha təltif olunan mədəniyyət xadimlərini, turizm işçilərini təbrik edərək onlara gələcək işlərində, ölkəmizin tərəqqisində yeni uğurlar arzuladı.
   
   Lalə Azəri