BMT-nin baş katibinin məruzəsində Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən bəhs olunur
BMT-nin baş katibi Antoniu Quterreş Baş Assambleyaya “Dünyanın rifahı naminə sülh mədəniyyətinin, dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” adlı məruzə təqdim edib.
Məruzədə BMT Baş Assambleyasının müvafiq qətnamələrinin icrasında BMT-nin sülh mədəniyyəti, dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi məsələləri ilə məşğul olan əsas təşkilatları haqqında informasiya yer alıb.
Məruzənin dayanıqlı inkişafın maraqları baxımından dialoqa, onun etnik, dini, sosial və mədəni tərkib hissələri məsələlərinə həsr edilən bölməsində Azərbaycanın UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESCO-nun tərəfdaşlığı ilə keçirdiyi Dünya Mədəniyyətlərarası Dialoq Forumu xüsusilə vurğulanır.
Baş katib qeyd edir ki, 2008-ci ildən reallaşdırılan “Bakı Prosesi” mədəniyyətlər arasında dialoqun dəstəklənməsi cəhdlərində əsas yer tutur, bu proses çərçivəsində iki ildən bir keçirilən Dünya Forumu isə mədəniyyətlərarası dialoqun təşviqi üçün zəruri qlobal platforma kimi özünü təsdiqləyib.
Məruzədə bildirilir ki, 2017-ci il mayın əvvəlində “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda Bakıda keçirilən IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunda əvvəlki forumlardan daha çox nümayəndə iştirak edib, daha çox tədbirlər və işçi iclaslar keçirilib.
Baş katibin məruzəsində Forum çərçivəsində keçirilmiş Nazirlər görüşü, “Qızların təhsili vasitəsilə zorakı ekstremizmə qarşı” mövzusunda iclas barədə məlumat verilir.
Məruzədə vurğulanır ki, Forumda 120-dən çox ölkədən 800 nümayəndə resursların, toplanmış bilik və təcrübənin mübadiləsi məsələlərini müzakirə edib. Baş katibin sözlərinə görə, bu müzakirələr Mədəniyyətlərin Yaxınlaşması üzrə Beynəlxalq Onilliyin Məqsədlərinin birgə dərkinə və reallaşdırılmasına yönələn tədbirlər görməyə, Dayanıqlı İnkişafın 16-cı məqsədində göstərilən sülhpərvər və açıq cəmiyyətlərin qurulmasına, “Bakı Prosesi”nin həyata keçirilməsinə yeni imkanlar yaradır.