Xəbər verdiyimiz kimi, oktyabrın 11-dən 15-dək Almaniyanın Frankfurt şəhərində keçirilən Beynəlxalq kitab yarmarkasında ölkəmiz də ənənəvi olaraq təmsil olunub. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından və ölkəmizin nəşriyyat nümayəndələrindən ibarət heyət iştirak edib. Yarmarkada qurulan milli pavilyonumuzda alman, ingilis və Azərbaycan dillərində 380 adda 700-ə yaxın nəşr məhsulu ziyarətçilərə təqdim olunub.
Sərginin açılış günündə bir sıra işgüzar görüşlər keçirilib. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dövlət katibi (müstəşar) Ömer Arısoy nümayəndə heyəti ilə birgə Azərbaycan pavilyonunu ziyarət edib.
Nizami Gəncəvi yaradıcılığına Almaniyada hər zaman böyük maraq var
Yarmarkanın ikinci günü - 12 oktyabrda milli pavilyonda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Tədbiri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin elmi və mədəni layihələr rəhbəri Arzu Təbrizli açaraq mərkəzin fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.
Sonra Nizami irsinin tədqiqatçısı, uzun illərdən bəri Almaniyada yaşayan soydaşımız Sevil Fuks "XVIII-XXI əsrlərdə almandilli nizamişünasların elmi tədqiqatlarının nəticələri" mövzusunda məruzə ilə çıxış edib. O, on beş il ərzində apardığı tədqiqatlara əsaslanaraq Almaniyada hər zaman Nizami irsinə böyük marağın olduğunu və “Xəmsə”nin əcnəbi dillər arasında tam formada yalnız alman dilinə tərcümə olunduğunu vurğulayıb.
Növbəti çıxışçı - Nizami qəzəllərinin alman dilinə tərcüməçisi Rozmari Kuperin böyük şair-mütəfəkkirin “Yeddi gözəl” poemasından tərcümə etdiyi “Fitnə” hekayəsini alman dilində iştirakçılar üçün oxuması iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.
Daha sonra AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin "Berlin Dövlət Kitabxanasında qorunan 21 ədəd "Xəmsə" poemalar toplusu, Drezden Kitabxanasında qorunan “Kitabi-Dədə Qorqud” dastanı və 1751-1817-ci illərdə yaşamış görkəmli alman diplomatı və elm xadimi Henrix Fridirx fon Ditsin kolleksiyasında qorunan qədimi əlyazmalara çəkilmiş miniatür nümunələrinin tədqiqi" mövzusunda məruzəsi dinlənilib. Qeyd olunan qədim əlyazmalarda yer alan miniatür nümunələrinin fotoları tədbir iştirakçılarının diqqətinə təqdim olunub.
Tədbirdə Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür, Avropa Əməkdaşlıq Forumunun sədri, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Samirə Patzer-İsmayılova və digər qonaqlar iştirak ediblər.
Frankfurt yarmarkasında iştirak edən Ermənistan tərəfi bu dəfə də öz xislətinə uyğun olaraq ölkəmizə qarşı təxribata əl atıb. Ermənistanın stendində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və digər işğal olunmuş ərazilərini qondarma “DQR” adı altında göstərən xəritələr yerləşdirilib. Amma bu çox çəkməyib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Almaniyadakı səfirliyinin əməkdaşlarının səyləri sayəsində həmin xəritələr stenddən yığışdırılıb.
“Azərbaycan - Odlar yurdu”
Oktyabrın 13-də Frankfurt Beynəlxalq kitab yarmarkası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniyadakı səfirliyimizin təşkilatçılığı ilə “Azərbaycan - Odlar yurdu” adlı tədbir keçirilib.
Əvvəlcə Avropa Əməkdaşlıq Forumunun sədri Samirə Patzer-İsmayılova çıxış edərək son illərdə Azərbaycanın beynəlxalq aləmdə təbliği istiqamətində aparılan uğurlu fəaliyyətin nəticəsi kimi ölkəmizə səfər edən almanların sayının artdığını qeyd edib.
Sonra 2016-cı ildə Almaniyanın “Vinand” nəşriyyatı tərəfindən çap olunmuş “Azərbaycanda qonaq olarkən” kitabının müəllifi fotoqraf Barbara Luterbek ölkəmiz haqqında təəssüratlarını bölüşüb. O, Azərbaycanın geniş turizm potensialına, xarici vətəndaşları maraqlandıran qədim və zəngin mədəni irsə malik olduğunu qeyd edib.
Müzakirələrin davamı olaraq, “Vinand” nəşriyyatının rəhbəri Mixael Vinand və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Almaniyada və Azərbaycanda kitab nəşri haqqında fikir mübadiləsi aparıblar. K.Tahirov ölkəmizdə kitab çapının, özəl nəşriyyat və mətbəələrin sayının çoxaldığını, dövlətin bu sahəyə xüsusi qayğı göstərdiyini bildirib.
Daha sonra “Mədəniyyətlərarası təbabət və kommunikasiya" adlı kitabın müəllifi, Hessen əyaləti parlamentinin sabiq üzvü Rahim Şmidt yaxın zamanlarda işıq üzü görmüş kitabı haqqında iştirakçılara məlumat verib.
"Azərbaycanlılar Almaniyada” mövzusu ətrafında diaspor nümayəndələri - Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür, Frankfurt şəhərinin kommunal əcnəbilər nümayəndəliyinin sədri Cümə Məmmədov, Azərbaycan Dağ Yəhudiləri Cəmiyyətinin sədri Orxan Şafadyayev, Frankfurt Azərbaycan Dostluq Cəmiyyətinin sədri Kəmalə İskəndərova, alman dilində dərc olunan "İRS" jurnalının baş redaktoru Vüqar Aslanov (Dəmirbəyli) fəaliyyətləri barədə iştirakçılara məlumat veriblər.
Həmçinin müzakirə mövzularına dair materiallar, fotoşəkillər video formatında təqdim olunub.
Cənubi Qafqazda alman məskənlərinin 200 illiyinə həsr olunmuş tədbir
Frankfurt Beynəlxalq kitab yarmarkası çərçivəsində Azərbaycan pavilyonunda keçirilən daha bir tədbir Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunub. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin Almaniyadakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsini icra edən Aslan Cəfərov tədbirdə çıxış edərək, Azərbaycandakı alman məskənlərinin yaradılmasının tarixindən bəhs edib, tolerant mühitdə iki xalq arasında formalaşan mədəni əlaqələri diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsinə dövlət tərəfindən daim xüsusi önəm verilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” 2016-cı il 30 avqust tarixli sərəncamının icrası ilə əlaqədar bir çox tədbirlər, layihələr həyata keçirilməkdədir.
Daha sonra çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov multikultural dəyərlərin qorunması və təbliği baxımından bu kimi tədbirlərin önəmindən söz açıb, multikulturalizmin çoxmillətli dövlətlərdə yaşadılmasının əhəmiyyətindən danışıb. O, qonaqlara qeyd edilən sərəncamla bağlı cari ildə çap olunmuş kitablar barədə də məlumat verib. Direktor gələcəkdə Milli Kitabxananın fondunda olan arxiv materialları əsasında Almaniyada belə kitabların nəşri ilə bağlı birgə layihələrin gerçəkləşdirilməsinin vacib olduğunu bildirib.
Sonra Şprendlingen Gensingen bölgəsi icmalar birliyinin (yerli hakimiyyət) rəhbəri Manfred Şerer, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Samira Patzer-İsmayılova, Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür, əyalət parlamentinin sabiq üzvü Rahim Şmidt Azərbaycan ilə Almaniya xalqlarının mədəni bağları, dostluq əlaqələri barədə söz açıblar.
Tədbirin sonunda qonaqlara “İRS” jurnalının Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş nömrəsi hədiyyə edilib.