“Reallığı sınayaraq” devizi altında keçirilən “DokuBaku” beynəlxalq sənədli film festivalı davam edir. 12-20 oktyabr tarixini əhatə edən festival əsas və müsabiqə proqramından ibarətdir. Layihənin ideyası rejissor İmam Həsənov və prodüser Veronika Yanatkovaya məxsusdur. 
   Əsas proqramda tamaşaçılara Almaniya, İtaliya, Çexiya, Polşa, Kanada və digər ölkələri təmsil edən 17 sənədli film təqdim edilir.
   Festivalın ilk günü rusiyalı rejissor Lidiya Şeinin “Vəhdət” filminin nümayişindən sonra oktyabrın 13-də isveçli rejissor Erik Yandinin “İsveç sevgi nəzəriyyəsi” filmi göstərilib. Həmçinin “Zamanın sonu” (Kanada), “Tanrı bazarları işləmir” (Ruanda), “Açılmayan pəncərənin önündən keçənlər” (ABŞ), “Koudelka. Müqəddəs torpaqları çəkərkən” (Almaniya), “Maşınlar” (Hindistan) və digər filmlər nümayiş olunub. 
   Bundan əlavə, festival çərçivəsində rejissor və prodüserlərlə ustad dərslər, musiqi performansları da maraqla qarşılanır. Musiqişünas Zümrüd Dadaşzadə, kinematoqraf Martin DiCicco ilə görüş və müzakirələr bu qəbildəndir.
   “İsveç sevgi nəzəriyyəsi” sənədli filminə baxışdan sonra filmin rejissoru Erik Gandini ilə müzakirələrdə sənədli ekran əsərlərinin özəlliyi ilə bağlı fikir mübadiləsi aparılıb.
   “Oleq və nadir sənətlər” sənədli filminin müzakirəsini Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə aparıb. Bəstəkar Oleq Karavayçuk haqqında olan bu film öz möcüzəvi musiqisi ilə tamaşaçıları heyrətləndirib. 
   
   Lalə