Sumqayıt şəhər Poeziya evində Nizami Gəncəvi adına kitabxana-klubun təşkilatçılığı ilə 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Əbdülməcid Axundovun xatirə günü keçirilib.
Tədbirdə çıxış edən Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov bildirib ki, bütün şəhidlər bizim üçün əzizdir və onların xatirəsi qəlbimizdə yaşayır. Belə tədbirlərin keçirilməsi şəhid ailələrinə təsəlli olmaqla yanaşı, uşaqların və gənc nəslin vətənpərvər ruhda böyüməsinə xidmət edir.
Qarabağ müharibəsi veteranı Rüxsarə Cumayeva, şair Əşrəf Veysəlli, şəhidin müəlliməsi Nazilə Əsgərova və başqaları çıxış ediblər.
Tədbirdə kitabxananın oxucuları şəhidin xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər. Fikrət Əmirov adına Uşaq musiqi məktəbinin muğam üçlüyünün ifası hər kəsə təsirli anlar yaşadıb.
Şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova çıxış edərək tədbirin təşkilatçı və iştirakçılarına təşəkkürünü bildirib. Oğlu Əbdülməcidlə qürur duyduğunu deyən Ceyran xanım onunla bağlı xatirələrini bölüşüb. Şəhid ailələrinin daha çox mənəvi dəstəyə ehtiyacı olduğunu qeyd edən ana belə tədbirlərin keçirilməsinin onlara ruh verdiyini bildirib.
Sonda tədbir iştirakçıları şəhid Əbdülməcid Axundovun şəxsi əşyalarından və fotolarından ibarət sərgi ilə yaxından tanış olublar. Tədbirdən sonra şəhidin məzarı ziyarət olunub.
Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanasında və M.Ə.Sabir adına kitabxanada da şəhid Əbdülməcid Axundov anılıb. Tədbirlərdə şəhidin xatirəsinə kitabxana oxucularının ifasında şeir nümumələri səslənib, sərgilər tərtib olunub.