Biologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Hacı Musa Bədəlov Lerik rayonunun ən hörmətli, nüfuzlu ağsaqqallarındandır. Ömrünün 87-ci ilini yaşayan bu dəyərli şəxsiyyət 60 il gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuşdur. İndi də insanlara yaxşılıq etməkdən yorulmur. Hamıya doğru yol göstərir, çətinə düşənə kömək və məsləhətini əsirgəmir. Rayon camaatı el ağsaqqalının adını həmişə uca tutur.
Qocaman ziyalının kitablara məhəbbəti sonsuzdur. 16 kitab müəllifidir. Həm də yaşadığı Lerik şəhərində zəngin kitabxana yaratmışdır. Şəxsi kitabxanasında 6 minə yaxın kitab var. Burada bir çox sahələrə aid ədəbiyyat tapmaq mümkündür. Odur ki, kitabxanaya müraciət edənlər çoxdur.
Kitab həvəskarları Musa Bədəlovun bu yaşında kitaba olan vurğunluğuna qibtə edirlər. Söz düşəndə müdrik ağsaqqal deyir ki, kitab oxumaq, mütaliə etmək insanın dünyagörüşünün artmasında, bədii-estetik zövqünün və düşüncə tərzinin formalaşmasında böyük əhəmiyyət daşıyır. Həyatda bütün yaxşılıqlara görə oxuduğum kitablara borcluyam.
Zəfər Orucoğlu,
Lerik