Rəşid Şəfəqin əziz xatirəsinə
   
   Avqust ayının çox isti keçən günlərindən birində bir xəbər məni sarsıtdı. Uşaqlıqdan tanıdığım, 190 saylı məktəbdə ilk musiqi müəllimim olan Rəşid Şəfəq dünyasını dəyişmişdi. 
   Axırıncı dəfə bir-iki ay əvvəl görüşmüşdük. Abdulla Şaiqin “Gözəl bahar” uşaq pyesinə və “Fitnə” dramına musiqi yazmaq istəyirdi. Müəllimimin xahişi ilə hər iki əsərin surətini çıxarıb muzeydə iş masamın üzərində saxlamışdım. Özü gəlib aparmalı idi... 
   
   Rəşid müəllim mənim sadəcə müəllimim deyildi. O həm də bizim ailəyə çox yaxın və əziz olan bir insan idi. Hərdən bizə gələrdi, atamla, anamla maraqlı söhbətlər aparardı, xatirələri, yaradıcılıq planlarını bölüşərdi. Abdulla Şaiqin sözlərinə yazılmış musiqi əsərlərindən ibarət toplu yaratmaq fikri də elə bu söhbətlər əsnasında yaranmışdı.
   R.Şəfəq məktəbimizdə xorun, məktəbimizin bazasında ilk Məktəbli filarmoniyasının, Uşaq opera studiyasının yaradıcısı idi. Onun təşkil etdiyi konsertlərdə iştirak edir, yaratdığı kvartetdə oxuyurdum. Dəfələrlə həm məktəb xorunun solisti kimi, həm də kvartetlə müxtəlif müsabiqələrdə, bayram şənliklərində çıxış etmişəm. Rəşid müəllimin gərgin əməyinin, sonsuz həvəsinin, peşəkar səviyyəsinin canlı şahidi olmuşam. Onunla saatlarla danışmaq olurdu. Çox maraqlı, ölkənin bir çox görkəmli simaları ilə yaradıcılıq və dostluq əlaqələri olan bu insanın sinəsi, hafizəsi xatirələrlə dolu idi. Bu xatirələr Üzeyir Hacıbəyli, Abdulla Şaiq, Səməd Vurğun, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və digər bu kimi Azərbaycanın görkəmli şəxsiyyətləri ilə bağlı olub, mədəniyyət tariximizin, ədəbiyyat tariximizin müəyyən səhifələrinə işıq salırdı.
   Özümə onunla təskinlik verirəm ki, son illər müəllimimlə ünsiyyətdə olmuşam. Tərtib etdiyi kitabın nəşrində iştirak etmişəm, onun haqqında Azərbaycan Bəstəkarlar İttifaqının sifarişi ilə kiçik kitabça hazırlamışam. 2015-ci ildə Abdulla Şaiqin mənzil-muzeyində tanınmış ziyalıların, musiqi, elm və təhsil xadimlərinin iştirakı ilə R.Şəfəqin 75 illik yubileyini qeyd etdik. Çox səmimi və ilıq bir ab-havada keçən bu gecə boyu bəstəkar piano arxasına keçib, öz əsərlərini xüsusi bir şövqlə ifa edirdi, uşaqlarla hazırladığı mahnıları tamaşaçılara təqdim edirdi. Sevinirəm ki, ona həsr edilmiş televiziya filminin çəkilişində biz də əlimizdən gələni elədik, muzeyin fondunda qorunan müəyyən sənədləri, topluları və fotoları çəkiliş qrupuna təqdim etdik, filmin müəyyən hissəsinin çəkilişini muzeydə keçirməyə şərait yaratdıq. 
   Müəllimim haqqında nəşriyyatda növbəsini gözləyən kitabçanın bəzi hissələrini oxuculara təqdim edirəm. 
   * * *
   Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar, pedaqoq və ictimai xadim Rəşid Şəfəq Azərbaycan mədəniyyəti tarixində özünün çoxşaxəli fəaliyyəti ilə görkəmli yerlərdən birini tutur. Uşaqların sevimlisi... Bu ifadənin R.Şəfəqin adı ilə yanaşı deyilməsi heç də təsadüfi deyil. Bəstəkar ömrünü böyüməkdə olan gənc nəslin musiqi-estetik zövqünün inkişafına, gələcəyinə həsr edib. Heç də asan olmayan bu sahədə çalışmaqdan yorulmayıb, uşaqların zövqünü oxşayan rəngarəng musiqi əsərləri yaradıb, xor kollektivlərinin əsasını qoyub. 
   Rəşid Camal oğlu Əliyev 1940-cı il oktyabrın 13-də Bakıda ziyalı ailəsində anadan olub. Atası Camal Əliyev tarix müəllimi olub, 40-cı illərdə indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsində çalışıb. Anası Böyükxanım Mursaqulova orta məktəbdə müəllimlik edib. Kiçik Rəşidin musiqiyə olan həvəsi və istedadı çox erkən məlum olub. Yaxın qohumları C.Cuvarlı Rəşidin musiqi qabiliyyətinin şahidi olub və onu Qori seminariyasından tanıdığı Üzeyir Hacıbəylinin yanına aparıb. Uşağın gözəl musiqi duyumu olduğunu müəyyənləşdirən Ü.Hacıbəyli ona musiqi ilə məşğul olmasını tövsiyə edib.
   R.Şəfəq 1958-ci ildə musiqi məktəbini, 1970-ci ildə isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsini bitirib. Azərbaycan bəstəkarlıq məktəbinin parlaq simaları - C.Hacıyevin, sonra isə Q.Qarayevin sinfində təhsil alan R.Şəfəqin ilk ciddi əsərləri fortepiano üçün prelüdlər, iki sonatina, iki simli kvartet, skripka ilə fortepiano üçün “Poema”, Azərbaycan şairlərinin sözlərinə bəstələnmiş mahnı və romanslar olub. 
   Əmək fəaliyyətinə hələ tələbəlik illərində müəllim kimi başlayıb. 55 illik pedaqoji fəaliyyəti dövründə Bakının bir sıra məktəblərində uşaq xoru, indiki Xətai rayon pioner və məktəblilər evində uşaq xor studiyası yaradaraq onlara rəhbərlik edib. Özünün dediyi kimi, bu xor kollektivləri onun ilk “yaradıcılıq laboratoriyası” olub. 1967-1974-cü illərdə 190 saylı məktəbin nəzdində ilk dəfə olaraq Məktəbli filarmoniyası, daha sonra isə Uşaq opera studiyası yaradıb. Bu səhnədə balaca aktyorların ifasında onun A.Şaiqin eyniadlı poeması əsasında yazdığı “Tülkü həccə gedir” ilk milli alleqorik uşaq nağıl-operası göstərilib. Əsər 1982-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rejissor V.Həsənoğlunun quruluşunda öz yeni səhnə təcəssümünü tapıb. 
   Bəstəkar müxtəlif yaşlı uşaq və gənclər üçün Azərbaycan bəstəkarlarının mahnılarından ibarət onlarla toplu və almanax tərtib edib. 1979-cu ildə “Beynəlxalq uşaq ili” münasibətilə Azərbaycan bəstəkarlarının 1920-70-ci illərdə yazdıqları uşaq mahnılarının bir qismini xor üçün işləyərək, ”Göyərçinik biz!” adlı mahnılar toplusunda nəşr etdirib. Daha sonra “Məktəblinin musiqi aləmi” adlı kitabı uşaqların və müəllimlərin istifadəsinə verilib. “A capella” uşaq xoru üçün əsərlərdən ibarət olan ”Pioner və məktəbli mahnıları” adlı digər topluya rəy verən və ön sözün müəllifi olan görkəmli rus bəstəkarı və pedaqoqu D.Kabalevski R.Şəfəqi “uşaq musiqisinin bilicisi” adlandıraraq, onun tərtib etdiyi mahnılar toplusunu antologiya səviyyəsində olan bir nəşr kimi dəyərləndirib. 1988-ci ildə R.Şəfəqin uşaq xorları üçün “Ana yurdumuz” mahnı almanaxı Moskvada nəşr edilib. Bəstəkarın ərsəyə gətirdiyi “Uşaq mahnıları” üçcildlik antologiyasında Azərbaycan bəstəkarlarının uşaq və gənclər üçün yazdıqları rəngarəng mahnılar yer alıb. Tərtib etdiyi növbəti nəşr - “Abdulla Şaiqin sözlərinə bəstələnmiş musiqi əsərləri” kitabı 2011-ci ildə yeni yazılmış mahnılardan ibarət olan əlavələrlə çox nəfis şəkildə çapdan çıxıb. Topluya Ü.Hacıbəyli, S.Rüstəmov, Ə.Abbasov, C.Cahangirov, N.Əliverdibəyov, T.Quliyev, O.Zülfüqarov, H.Nəcəfova, A.Rzayeva və digər bəstəkarlarımızın əsərləri daxil edilib. H.Cavidin oğlu bəstəkar, musiqişünas Ə.Cavidin A.Şaiqin sözlərinə yazdığı mahnıları da topluda yer alıb. Kitabda olan əsərlərin əksəriyyəti ilk dəfədir ki, nəşr edilib. 
   R.Şəfəq Azərbaycanın II Dünya müharibəsində cəbhəyə getmiş və dünyadan vaxtsız köçmüş gənc bəstəkarların Hacağa Nemətov, Məmməd İsrafilzadə, Ərtoğrol Cavid haqqında tədqiqat xarakterli məqalələr yazıb. Hüseyn Cavidin oğlu Ərtoğrolun musiqi dünyası haqqında öz fikrini ilk olaraq R.Şəfəq bildirib. 1979-cu ildən H.Cavidin ev-muzeyində qorunan əlyazmalarını araşdıran bəstəkar, Ərtoğrolun musiqi irsini ictimaiyyətə çatdırmağı qarşısına məqsəd qoyaraq, 1981-ci ildə onun fortepiano üçün 9 variasiyasını, uşaqlar üçün “Musiqi albomu”nu, “Uşaq almanaxı”nı redaktə edərək nəşr etdirib. 
   Uşaqların bədii-estetik tərbiyəsinə xüsusi önəm verən R.Şəfəq 70-ci illərdə çoxsaylı mədəni-kütləvi tədbirlərin təşkilində fəal iştirak edib. 1970-ci ildə Respublika stadionunda ilk dəfə keçirilən pioner və məktəblilərin Mahnı və rəqs bayramının təşəbbüskar və təşkilatçılarından olub. Onun Bakı məktəblərindən və respublikanın bütün bölgələrindən olan 10 min nəfər uşağı özündə birləşdirən xorun yaranmasında müstəsna rolu olub. Birləşmiş nəfəsli alətlər orkestrinin müşayiəti altında mahnıları ifa edən birləşmiş xora maestro Niyazi dirijorluq edirdi. Bu təntənəli Mahnı bayramının böyük uğurundan sonra R.Şəfəq respublikanın “Qabaqcıl maarif xadimi“ nişanı ilə təltif edilib. 
   R.Şəfəqin Azərbaycanın musiqi tarixində göstərdiyi xidmətlərdən biri də odur ki, o, Azərbaycan bəstəkarlarının unudulmuş, az ifa edilən mahnılarını axtarıb tapıb, onları solo və xor ifası üçün yenidən işləyib, müxtəlif konsert və tədbirlərin proqramlarına salıb, toplularda, mətbuat səhifələrində nəşr etdirib. Azərbaycan mahnı sənətinin klassiki T.Quliyev onun haqqında yazırdı: “R.Şəfəq xalq musiqimizdən, folklorumuzdan qidalanan bəstəkarlarımızdandır. Yaradıcılığının bu xüsusiyyəti “Rahab” muğam-poemasında özünü daha qabarıq göstərir. Eyni sözləri onun “Azərbaycan avazları” vokal-xor triptixinə, “Beş portret” xor silsiləsinə, “Talış təranələri” əsərlərinə də aid etmək olar”. Doğrudan da, bəstəkar yaradıcılığı boyu daim Azərbaycan xalq musiqisinə, onun zəngin ənənələrinə müraciət edib, bu xəzinədən həqiqi peşəkarlıqla istifadə edib. 
   O, uşaqlar üçün 18 musiqili tamaşanın (“Tülkü həccə gedir” opera-nağılı, “Baş tutmayan hiylə” və “Qiymətlərin sərgüzəşti” musiqili komediyaları, “Meşə nağılı” müzikli, “Bir saatlıq xəlifəlik” operettası və s.) müəllifidir. Bu səhnə əsərlərinin bir qismi Bakı teatrlarında uğurla nümayiş etdirilib. Bəstəkarın solo və xor üçün mahnıları ümumtəhsil və musiqi məktəblərinin proqramlarında özünə layiqli yer tutub. Əsərləri həmçinin Moskva, Sankt-Peterburq, Tallin və başqa şəhərlərin uşaq xorları, Çexiya, Bolqarıstan, Almaniya, Türkiyə, Özbəkistan, Türkmənistan, Gürcüstan və s. ölkələrin kollektivlərinin ifasında səslənib. 
   Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra bəstəkar yeni mövzulara müraciət edib. Təbii ki, bir yaradıcı insan və vətəndaş sənətkar olaraq Qarabağ hadisələri R.Şəfəqə təsir göstərməyə bilməzdi. Azərbaycan şairlərinin şeirləri əsasında yazılan “Ana torpaq - Qarabağ” mahnılar silsiləsində zəbt olunmuş Azərbaycan torpaqlarından qovulan həmvətənlərimizin ağrı-acısı, doğma torpaq həsrəti, vətənpərvərlik hissləri özünün dolğun ifadəsini tapıb. 
   R.Şəfəqin son yaradıcı layihələrindən biri, uzun illər üzərində işlədiyi “Nizami musiqidə və sənətdə” monumental kitabı oldu. Prezident İlham Əliyevin Nizami Gəncəvinin anadan olmasının 870-ci ildönümü ilə əlaqədar imzaladığı sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap edilən kitabda dahi şairin sözlərinə yazılan musiqi əsərləri, şairin abidələri, portretləri, onunla bağlı süjetli xalçalar, monumental mozaika işləri və digər incəsənət əsərləri geniş oxucu auditoriyasına təqdim edilib. Azərbaycan incəsənətində Nizami şəxsiyyətinin təkrarolunmaz obrazını canlandıran əsərləri toplayıb bir araya gətirmək, onları sistemləşdirib belə bir böyük həcmli toplu şəklində nəşr etdirmək, söz yox ki, bəstəkarın gərgin əməyi və özəl bacarığı sayəsində mümkün olub. 
   Rəşid Şəfəq ömrünün son günlərinədək durmadan çalışdı, yeni əsərlər yaratmaq eşqi ilə yaşadı. Allah rəhmət eləsin, qəbri nurla dolsun.
   
   Ülkər Talıbzadə
   sənətşünaslıq üzrə fəlsəfə doktoru