“Qızıl şir” rusiyalı rejissor Aleksandr Sokurovun “Faust” filminə qismət oldu
Sentyabrın 10-da İtaliyanın Lido adasında dünyanın ən nüfuzlu film müsabiqələrindən biri - 68-ci Venesiya kinofestivalı başa çatdı. Hər il olduğu kimi, bu il də festivalın son günü baş mükafatın - “Qızıl şir”in qalibinin elan olunması ilə yadda qaldı. Beləliklə, festival günlərində kifayət qədər marağa səbəb olan rusiyalı rejissor Aleksandr Sokurovun “Faust” filmi Venesiya kinofestivalının baş mükafatına layiq görüldü.
Böyük alman şairi, yazıçı və mütəfəkkir Yohann Volfqanq Götenin məşhur əsərinin motivləri əsasında çəkilmiş “Faust” filmi münsif heyətinin də zövqünü oxşamışdı. Filmin ssenarisini rejissorla birgə Yuri Arabov yazıb. Operator fransalı Brüno Delbonneldir (“Ameli”, “Paris, mən səni sevirəm!” filmlərinin operatoru). Filmdə bir neçə alman aktyor çəkilib. Ümumilikdə ekran əsərinin ərsəyə gəlməsində 30-dan çox ölkədən yaradıcı və texniki heyət üzvü yer alıb.
Qeyd edək ki, bu film A.Sokurovun tetralogiyasına daxil olan sonuncu filmdir. Bundan öncə çəkilmiş ekran əsərləri “Molox” (Adolf Hitler haqqında), “Buzov” (Vladimir Lenin haqqında) və “Günəş” (yapon imperatoru Xiroxito) filmləri idi.
Münsiflər heyətinin sədri, amerikalı rejissor Darren Aronofski bildirdi ki, “Faust” filminə festivalın əsas mükafatını təqdim etmək bütün münsiflərin yekdil qərarı olub: ““Faust” ağladan, güldürən, düşündürən, eyni zamanda, hiss etdirib dərdə şərik edən və insan həyatını dəyişən filmdir”.
Mükafatlandırma mərasimində səhnəyə çıxan rejissor A.Sokurov filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Onu da qeyd edək ki, “Faust” filmi festival gedişində daha iki alternativ mükafata - SIGNIS katolik assosiasiyasının mükafatına və “Future Film Festival Digital Award”a layiq görüldü.
68-ci Venesiya kinofestivalında “Gümüş şir” isə Çin rejissoru Tsay Şantszyunun “Dağ insanları, dəniz insanları” (People mountain, people sea) filminə qismət oldu.
“Volpi kuboku”nu (ən yaxşı baş rola görə verilən mükafat) “ən yaxşı aktrisa” nominasiyasında Dianiye İp (“Sadə həyat” filmi, Çin) qazandı. Festivalın “ən yaxşı aktyor”u mükafatına isə aktyor Maykl Fassbender “Həya” (Shame) filmindəki roluna görə layiq görüldü.
“Ən yaxşı ssenari” nominasiyasında yunan rejissor Qriorqos Latimozun “Alplar” filmi qalib oldu.
FIPRESCI beynəlxalq tənqidçilər assosiasiyasının mükafatına Stiv Makkuinin “Həya” filmi layiq görüldü.
Sosial problemlərin işıqlandırılmasına görə münsif heyətinin xüsusi mükafatını “Materik” filmi qazandı.
Festivalın paralel keçirilən “Üfiqlər” proqramında isə ən yaxşı tammetrajlı film adına yapon rejissoru Sinya Tsukamotonun “Kotoko” psixoloji dramı layiq görüldü. Ən yaxşı qısametrajlı ekran əsəri isə italyan Feliçe d`Aqostino və Arturo Lavoratonun “Hadisə gözləntisində” filmi oldu.
Həmçinin italiyalı rejissor Marko Bellokko (Marco Bellocchio) kinematoqrafda xidmətlərinə görə festivalın xüsusi mükafatına layiq görüldü. İtalyan rejissorun kinodakı ən yaxşı ekran əsərləri “Yumruqlar cibdədir”(1965), “Diri iblis” (1986) və 2009-cu ildə ekranlara çıxan “Qalib gəlmək” filmləridir. Festivalda isə rejissorun “Ata naminə” filmindən kadrlar göstərildi. 1972-ci ildə ekranlara çıxan filmdə italyan cəmiyyətində dini dəyərlər tənqid olunur. Bellokkonun filmləri hər zaman həm tənqidçilər, həm də tamaşaçılar tərəfindən birmənalı qarşılanmır.
Beləliklə, Lido adasında daha bir kino bayramı sona çatdı. Mükafatlar sahiblərini tapdı, mərasim təmtəraqlı geyim və dünyanın dörd yanından müsabiqəyə qatılan filmlərin nümayişi ilə yadda qaldı. Qeyd edək ki, dünyanın ən qocaman film müsabiqəsi olan Venesiya kinofestivalı ilk dəfə 1932-ci ildə italyan diktator Benito Mussolininin təşəbbüsü ilə gerçəkləşib və 1934-cü ildən hər il (1943-1945, 1973-1978-ci illərdən başqa) Lido adasında keçirilir.
Hazırladı: Reyhan