Oktyabrın 18-də günün ikinci yarısında Azərbaycan xalçası üzrə V Beynəlxalq simpozium (İSAC 2017) işini akademik sessiyalarla davam etdirdi.
Əvvəlcə Xalça Muzeyinin direktoru Şirin Məlikova "Azərbaycan Xalça Muzeyinin yaranması və inkişafında dövlətin rolu" mövzusunda məruzə etdi. Məruzədə vurğulandı ki, ölkəmizdəki xalça muzeyi dünya miqyasında çox az sayda olan bu cür muzeylər arasında öz unikallığı ilə seçilir. Uzun illər muzey üçün uyğunlaşdırılmamış binada, sonra isə dar bir məkanda fəaliyyət göstərmiş xalça muzeyi yalnız Azərbaycan müstəqillik qazandıqdan sonra məxsusi olaraq tikilmiş möhtəşəm binada yerləşib. Azərbaycan dövləti dünya dekorativ-tətbiqi sənət tarixində öz fərqliliyi ilə seçilən milli xalçaçılıq sənətini yaşatmaq və inkişaf etdirmək, o cümlədən tədqiqatların aparılması üçün geniş imkanlar yaratmaq üçün muzeyin inkişafına öz dəstəyini əsirgəməyib.
Simpoziumun birinci sessiyası "Dizayn və rəng" adlanırdı. “İSAC 2017” Akademik komitəsinin həmsədrlərindən olan sənətşünas, Əməkdar mədəniyyət işçisi Toğrul Əfəndiyevin moderatorluq etdiyi sessiya maraqlı çıxışlar ilə yadda qaldı.
İlk məruzəçi, Beyrut Amerika Universitetinin təmsilçisi, humanitar və fəlsəfə elmləri namizədi Hadi Maktabi idi. O, "Azərbaycan və İran arasında xalça dizaynının miqrasiyası" mövzusunda danışdı. Məruzəçi Azərbaycan xalılarında rast gəlinən rəmzi naxışlardan İran, Kirman xalçalarında da istifadə edildiyini, lakin Azərbaycan xalçalarının regiondakı digər xalça məktəblərindən daha qədim olduğu barədə çoxillik araşdırmaları barədə topladığı faktları paylaşdı.
Bizim xalçalar və milli toxuculuq məmulatları üzrə dünyada tanınmış mütəxəssis, Şərq xalçaları üzrə Beynəlxalq Konfransın İcraiyyə Komitəsinin sədri Vendel Svan "Azərbaycanın tanınmış dörd xalça dizayn və motivlərinin inkişafı" adlı məruzəsində əcnəbi alimlərin xalça dizaynı ilə bağlı yanlışlıqlarından bəhs etdi. Mürrey Li Ayləndin (ABŞ) "Lənkəran xalçasının dizaynının təhlili", Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi Telman İbrahimovun "Qasımuşağı Qarabağ xalçasının dizayn xüsusiyyətləri", professor Röya Tağıyevanın "Ornamental simvollar Azərbaycan xalçalarında şəkli dilin funksional faktoru kimi" məruzələri də xalçaçılıq sənətinin tarixilik baxımından şərhi ilə yadda qaldı.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, xalçaşünas Məmmədhüseyn Hüseynovun "Azərbaycan xalçalarında rənglərin dili" məruzəsi xüsusilə böyük maraqla qarşılandı. Məruzəçi Azərbaycan xalçalarında istifadə edilən rənglərdən və onların sakral anlamlarından bəhs edərək, milli xalça sənətinin ayrıca götürülmüş sahə kimi yox, ümumtürk kontekstində və bir neçə elmin qovuşuğundan formalaşmış elm kimi öyrənilməsinin vacibliyini sübuta yetirdi.
Simpoziumun ilk gününün "Təsviri incəsənətdə və memarlıqda xalça nümunələri" adlı ikinci sessiyasında iki məruzə dinlənildi. Rusiya Etnoqrafiya Muzeyinin əməkdaşı Karina Solovyova "Erkən Rusiya fotoqrafiyasında Qafqaz toxuculuq texnologiyalarının təmsil xüsusiyyətləri", Fransanı təmsil edən italiyalı araşdırmaçı Elisa Qrilli di Kortona "Zaçerl ailəsi və piretrium" mövzularında çıxış etdilər.
Gülcahan