Mədəniyyət müəssisələrində əlamətdar günlə bağlı tədbirlər
   
   Oktyabrın 18-də Milli Kitabxanada Azərbaycanın müstəqilliyini bərpa etməsinin 26-cı ildönümünə, Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib.
   Kitabxananın direktoru, professor Kərim Tahirov, YAP Səbail Rayon təşkilatının sədri, Milli Məclisin üzvü Şəmsəddin Hacıyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadı Rəcəbli və başqaları çıxış ediblər.
   Çıxışlarda ölkəmizin müstəqillik yolundan söz açılıb. Dövlətçiliyin möhkəmləndirilməsi, respublikada sabitlik və inkişafın, həmrəyliyin, tolerantlığın təmin olunmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub.
   Tədbir iştirakçıları “Heydər Əliyev və müasir Azərbaycan” adlı kitab sərgisi ilə tanış olublar.
   * * *
   Azərbaycan Dövlət Musiqili Teatrında Dövlət Müstəqilliyi Gününə həsr edilmiş “Heydər Əliyev dərsləri” adlı tədbir keçirilib.
   Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev çıxışında müstəqillik tarixindən bəhs edərək deyib ki, 1991-ci ilin 18 oktyabrı Azərbaycan xalqının tarixində parlaq səhifələrdən biridir. Direktor müstəqillik illərində ölkəmizin beynəlxalq arenada əldə etdiyi uğurlardan, nailiyyətlərdən söz açıb.
   * * *
   18 oktyabr - Dövlət Müstəqilliyi Günü Gənc Tamaşaçılar Teatrında da qeyd olunub. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov qeyd edib ki, hər bir xalq üçün müstəqillik, milli dövlətçilik ən böyük sərvətdir.
   Bildirilib ki, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra əldə edib. Ulu öndərin siyasi kursunun layiqincə davam etdirilməsi onu deməyə əsas verir ki, müstəqilliyimiz əbədidir və heç bir xarici qüvvə ona xələl gətirə bilməz.
   * * *
   M.S.Ordubadinin xatirə muzeyində “Müstəqilliyimiz əbədi və sarsılmazdır” adlı tədbir keçirilib. Tədbirdə “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin kollektivi iştirak edib. 
   Təşkilatın sədri Aygün Zamanlı və üzvləri - Nərimanov rayon 212 saylı tam orta məktəbin şagird və müəllim heyəti, muzeyin direktoru Lalə Abaszadə, kiçik elmi işçisi İradə Vəliyeva müstəqillik tariximizlə bağlı çıxış ediblər. Şagirdlər vətənə həsr edilən şeirlər söyləyiblər.