Koreya Respublikasının paytaxtı Seulun Yonqsan rayonunda “İtaewon Global Village Festival”ı keçirilib. Ölkəmizin Koreya Respublikasındakı səfirliyi və Bakının Qaradağ Rayonu İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan da festivalda yüksək səviyyədə təmsil olunub.
Səfirlikdən bildiriblər ki, festivalda qurulan milli guşədə ölkəmizin tarixini, mədəniyyətini əks etdirən materiallar, o cümlədən xalçalar, milli geyimlər, musiqi alətləri, müxtəlif suvenirlər, fotoşəkillər nümayiş etdirilib. Festivalın açılış mərasimindəki konsert proqramında Azərbaycan rəqsləri və musiqisi də təqdim olunub.
Azərbaycanın festivalda təmsil olunması Bakının Qaradağ rayonu ilə Seulun Yonqsan rayonu arasında əməkdaşlıq əlaqələri çərçivəsində baş tutub.
Bu arada Qaradağ rayonunun nümayəndə heyəti əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə dost ölkədə səfərdə olub.
Nümayəndə heyəti ilə görüşdə rayonun rəhbəri Sonq Çanq-Hyonq, Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov və Qaradağ rayon İH başçısının müavini Emil Abbasov çıxış ediblər. Görüşdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair videoçarx nümayiş etdirilib.
Sonra Qaradağ və Yonqsan rayonları arasında dostluq əlaqələrinin qurulmasına dair memorandum imzalanıb.