Kino tariximizdən
      
   
   Mircəfər Bağırovun məktubu SSRİ Kino Komitəsinin sədrini niyə hövsələdən çıxartdı?
   
   Ötən əsrin 30-40-cı illərində Azərbaycan kinosunda baş verən proseslərə nəzər saldıqda kinematoqrafiyamızın mərkəz dairələrin diqqətindən kənarda qaldığını və bu səbəbdən yerli kinostudiyanın fəaliyyətində nəzərəçarpacaq dəyişikliklərin olmadığını görürük. Ona görə də kinonun vəziyyəti istər “Bakı” kinostudiyasında, istərsə də respublika K(b)P MK-da dəfələrlə müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmiş, hətta kinostudiyanın rəhbərliyi bir neçə dəfə dəyişdirilmişdir. Bununla belə çəkilən filmlərin keyfiyyəti dəyişməmiş və bu fakt respublika rəhbərliyini qəti addımlar atmağa məcbur etmişdir. 
   
   Milli kinematoqrafiyamızın tarixi və inkişafı ilə bağlı silsilə məqalələrimizdən növbətisi də bu mövzunu əhatə edir. Məqalədə qısa ixtisarlarla Azərbaycan K (b) P MK katibi M.Bağırovun ÜK(b)P MK katibi A.Jdanova ünvanladığı 18 mart 1941-ci il tarixli şikayət məktubu və onun nəticələri öz əksini tapmışdır. M.Bağırov üç səhifəlik məktubunda “Bakı” kinostudiyasındakı vəziyyətlə əlaqədar narahatlığını bildirmiş, qurumun fəaliyyəti ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirməyə çalışmışdır.
   Məktubda etiraf olunur ki, Azərbaycanda kinematoqrafiya Sovet İttifaqının kinematoqrafiyasının səviyyəsindən, eləcə də respublika mədəniyyət və incəsənətin ümumi tempindən geridədir: “Onu demək kifayətdir ki, Azərbaycanda Sovet hakimiyyətinin mövcud olduğu bütün illərdə respublika bir dənə də olsun yaxşı film buraxmamışdır. Bu təkcə bizim yox, SSRİ Xalq Komissarları Soveti yanında Kinematoqrafiya İşləri üzrə Komitənin də günahıdır. Azərbaycan Respublikası hələ də texniki cəhətdən təchiz edilmiş kinostudiyaya malik deyil. Məsələ ilə əlaqədar İttifaq Xalq Komissarları Soveti yanında Kinematoqrafiya İşçiləri üzrə Komitəyə dəfələrlə müraciət etmiş və “Bakı” kinostudiyasının rəhbərliyinə həm yaradıcı kadrlarla, həm də maddi-texniki bazanın gücləndirilməsilə bağlı kömək göstərməsini xahiş etmişik.
   İttifaq XKS yanında Kinematoqrafiya İşləri üzrə Komitənin Bakıya gələn nümayəndələri fikirlərimizlə razılaşıb, kömək göstərəcəklərinə vədlər versələr də, elə bu vəd olaraq qalıb. 1939-cu ilin dekabrında yol. Bolşakov Bakıya gəlmiş, kinostudiyanın vəziyyəti ilə şəxsən tanış olmuş, konkret köməklik göstərəcəyinə söz vermişdir. Vədini yerinə yetirmək üçün yol. Bolşakov 1939-cu il dekabrın 13-də “Bakı” kinostudiyasının işinin yaxşılaşdırılması haqqında 796 nömrəli əmr imzalamışdır. O vaxtdan düz 15 ay keçib. Əmr isə yerinə yetirilməmiş qalır.
   Belə bir fakta da diqqət yetirməmək olmaz. Komitə bizimlə razılaşmadan açıq-aydın qüsurlu ssenariləri (“Yeraltı sərvətlər”, “Ayna”, “Qalanın alınması” və s.) təsdiq edir və onları istehsala buraxır. Filmlər isə son nəticədə ekrana yox, rəflərə gedib çıxır.
   Son vaxtlar kinostudiya, nəhayət ki, “Səbuhi” adlı mükəmməl ssenari hazırlamışdır. Burada Azərbaycan xalqının ən ləyaqətli oğullarından maarifçi M.F.Axundovun obrazı göstərilmişdir. Filmin istehsalına hərtərəfli hazırlıq işləri görülməsi, çəkiliş üçün kinostudiyanı lazımi materiallarla təchiz etmək əvəzinə, Komitə kinostudiyanı bu filmin çəkilişlərinə başlaması və onu cari ilin oktyabr ayında ekranlara buraxması haqqında 1941-ci il 3 mart tarixli, 94 nömrəli əmr vermişdir. Başqa cür desək, Komitə özünün qeyri-ciddi münasibəti ilə bu filmi də əvvəlcədən uğursuzluğa düçar edir.
   Belə misallardan çox göstərmək olar.
   Və nəhayət, Sizin diqqətinizi müstəqil fəaliyyət göstərən və bilavasitə Komitəyə tabe olan çoxlu filiallara yönəltməyi vacib hesab edirik. Azərbaycanda Az. SSR XKS yanında Kinematoqrafiya İdarəsi fəaliyyət göstərir. Bu idarə filmlərin istismarı ilə məşğuldur və bilavasitə Komitəyə tabedir. “Bakı” kinostudiyası filmlərin istehsalı ilə məşğul olur. “Baş kinoprokat”, “Bakı foto” idarəsi və s. mövcuddur.
   Bununla bərabər Bədii Filmlər Baş İdarəsi aparatının təcrübəsinə əsasən hədsiz mərkəzləşdirilmə kinostudiyanın hər cür operativliyini və təşəbbüsünü əlindən alır. İstehsalat işi ilə bağlı ən xırda məsələlərlə əlaqədar çox vaxt işçilərin bütöv bir qrupu Moskvaya gedir və həftələrlə, bəzən aylarla bu və ya digər məsələlərin həllini gözləyirlər.
   “Bakı” kinostudiyasının geri qalmasını ləğv etmək, onun işini kökündən yaxşılaşdırmaq, eyni zamanda Azərbaycanda kinematoqrafiyanın işini qaldırmaq məqsədilə aşağıdakı məsələlərin həllində köməklik göstərməyinizi xahiş edirik:
   1. SSRİ XKS yanında Kinematoqrafiya İşləri üzrə Komitəyə bir vəzifə olaraq tapşırılsın ki, yaxın vaxtlarda “Bakı” kinostudiyasının yeni binasının layihəsini başa çatdırsın, təsdiq etsin və tikinti işlərinə başlasın;
   2. Azərbaycan XKS yanında İncəsənət İşləri üzrə İdarənin nümunəsində Kinematoqrafiya işləri üzrə İdarə yaradılsın. Respublika kinematoqrafiyasının bütün obyektlərinə (kinostudiya, kinolaşdırma, kinoprokat, kino kursları, kino təchizatı, tikinti və s.) rəhbərlik bu İdarədə cəmləşdirilsin.
   3. SSRİ XKS yanında Kinematoqrafiya İşləri üzrə Komitəyə bir vəzifə olaraq tapşırılsın:
   a) Kino sənətinin ən böyük sənətkarları arasından “Bakı” kinostudiyasına bədii rəhbər təyin olunsun;
   b) Sovet İttifaqının ən yaxşı kino ustalarından bilik və təcrübə almaq məqsədilə bir qrup gənc yaradıcı işçini “Lenfilm” və “Mosfilm” kinostudiyalarına təcrübə keçməyə göndərmək üçün Bakı kinostudiyasına icazə verilsin;
   v) Azərbaycan SSR, Zaqafqaziya respublikaları və Orta Asiya üçün kinematoqrafiya kadrları hazırlamaq məqsədilə 1942-ci ilin planına Bakıda kino texnikumunun tikintisi daxil edilsin;
   q) Normal iş üçün kinostudiya lazımi maddi-texniki baza ilə təchiz edilsin;
   d) Kinostudiya işçilərinin yaşayış evinin üst qatının tikilib başa çatdırılması üçün müvafiq vəsait ayrılsın”.
   
   Bolşakovdan sərt cavab
   
   Məktubda yazılanlar “Bakı” kinostudiyasının mövcud vəziyyətini tam əks etdirirdi. Vəziyyət həqiqətən xoşagəlməz idi. Lakin Azərbaycan K(b)P MK katibi M.Bağırovun kinomuzdakı ağır vəziyyətlə bağlı birbaşa A.Jdanova məktub ünvanlaması SSRİ XKS yanında Kinematoqrafiya İşləri üzrə Komitənin sədri İ.Bolşakovu bərk narahat etmişdi. O özünü təmizə çıxartmaq, bütün günahları kinostudiyanın direktoru Şəmsəddin Abbasovun üstünə yıxmaq üçün təcili 8 səhifəlik məktub hazırlatdırıb (1941-ci il aprelin 16-da) ÜK(b)P MK katibi A.Andreyevə, surətini isə Azərbaycan K (b) P MK katibi M.Bağırova göndərmişdir.
   Məktub ixtisarla dərc olunur: “Yol. Bağırov “Bakı” kinostudiyasındakı vəziyyət haqqında düzgün məlumatlandırılmadığından Komitəyə bir sıra əsassız ittihamlar irəli sürmüşdür. Mən bu ittihamlarla razılaşa bilmərəm.
   Yol. Bağırov təsdiq edir ki, Komitə kinostudiyaya “heç bir şeylə real köməklik göstərməmişdir”.
   Bu təsdiq həqiqətə uyğun deyil.
   1. Yaradıcı kadrlar məsələsi üzrə. Komitə hesab edir ki, yerli milli yaradıcı kadrlar hazırlanmayınca milli kinematoqrafiya inkişaf edə bilməz. Buna əməl edərək biz çalışırıq ki, digər studiyalardan yaradıcı kadrları yerli kadrlarla əvəz etməyək. Əksinə, yerli kadrlara köməklik göstərərək, onları praktik işdə möhkəmləndirək. Bu məqsədlə Komitə tərəfindən 1940-cı ilin noyabrında “Lenfilm”in rejissoru yol. Armand “Ayna” filmi üzrə gənc rejissor Mikayılova kömək məqsədilə rejissor-məsləhətçi kimi, 1940-cı ilin oktyabr ayında “Yerevan” kinostudiyasının bədii rəhbəri, rejissor Beknazarov gənc rejissor Təhmasiblə birgə “Səbuhi” filminə quruluş vermək, 1940-cı ilin avqustunda “Mosfilm” kinostudiyasının rəssamı yol. Utkin “Ayna” filminin eskizlərinə məsləhət üçün “Bakı“ kinostudiyasına göndərilmişlər. Həmin vaxt “Ayna” filmində işləməkdən ötrü “Soyuzdetfilm” kinostudiyasının operatoru yol. Aptekman da ezam olunmuşdur.
   “Bakı” kinostudiyasına digər kinostudiyalardan bədii rəhbər təyin olunmasını isə hal-hazırda məqsədəuyğun hesab etmirəm. Çünki kinostudiya 1941-ci ildə yalnız bir film istehsal edəcək. Hazırda həmin film üzərində yerli milli şəraiti yaxşı bilən və kadrlara kömək göstərə biləcək rejissor Beknazarov işləyir. Belə vəziyyətdə başqa bir rejissorun gəlib bekar qalması məqsədəuyğun deyil. Kinematoqrafiyanın yüksək ixtisaslı rejissorlara ehtiyacı vardır.
   Yeni milli kadrlara, o cümlədən kinoaktyorlara gəldikdə, 1939-cu il dekabr tarixli əmrimlə ÜDKİ-də “Bakı” kinostudiyası üçün xüsusi qrupun təşkili nəzərdə tutulmuşdur. Təəssüf ki, studiyanın rəhbərləri və yerli təşkilatlar bu qrup üçün adamların seçilməsində olduqca diqqətsizliyə yol vermişlər. İnstituta yoxlama zamanı 14 nəfərdən yalnız 2 nəfər qəbul olunmuşdur.
   2. Kinostudiyanın texniki-təchizatı məsələsi. Yol. Bağırov təsdiq edir ki, “Bakı” kinostudiyasının texniki-təchizatı dəyərli filmlər yaratmağa imkan vermir”. Bu həqiqətə uyğun deyil. Çünki kinostudiyada film çəkmək üçün vacib olan hər şey var. 1939-cu ildə bu studiyada “Kəndlilər”, 1940-cı ildə isə “Yeni horizont” filmləri çəkilmişdir. Bundan başqa bir sıra bədii-sənədli filmlər yaradılmışdır.
   1939-cu ilin dekabrında verdiyim əmrə görə 1940-cı ilin sonu və 1941-ci ilin əvvəlində 1 çəkiliş aparatı PSK, 1 çəkiliş aparatı KC-5, 1 tonvaqen və 1 “Dolli” arabacığı Bakı kinostudiyasına göndərilmişdir. Digər material və avadanlıqlar Komitəyə az verildiyindən “Bakı” kinostudiyasını təmin edə bilməmişik.
   3. “Yerin dərinliyi”, “Ayna” və “Qalanın alınması” ssenariləri yerli təşkilatlarla razılaşdırılmadan və “Bakı” kinostudiyası tərəfindən qəbul edilmədən Komitəyə təqdim oluna bilməz.
   4. Bakıda kinematoqrafiya işçiləri üçün binaların üst tikililərinin başa çatdırılması haqqında yol. Bağırovun təklifini Komitə qəbul edir. 1941-ci ildə xərclənmiş 58.000 rubldan başqa Komitə yaşayış evinin üst tikililərinin başa çatması üçün 314.000 rubl ayıracaqdır.
   5. Bakıda kinostudiyanın tikintisi haqqında. Milli respublikalarda, o cümlədən Bakıda studiya tikintisi üçün Komitə tərəfindən hazırlanmış sənədlər Dövlət Plan Komitəsində təsdiq olunsa, texniki nümunəvi layihə 1941-ci ildə başa çatdırılacaqdır. Digər tərəfdən 1941-ci il üçün Komitəyə yeni obyektlərin tikintisinə icazə verilməyib.
   6. Azərbaycan SSR XKS yanında Kinematoqrafiya İşləri üzrə İdarənin yaradılması məsələsində yol. Bağırovun təklifi ilə mən razı ola bilmərəm. Çünki belə bir idarənin yaradılması və kinostudiyanın, kino şəbəkəsinin və kinoprokatın bu idarədə birləşməsinin xeyri yoxdur. Kinolaşdırma İdarəsi kino şəbəkəsinin inkişafı və istismarı ilə məşğul olur. Onun kino istehsalı məsələsi ilə heç bir əlaqəsi yoxdur. Prokat kontoru Azərbaycan Respublikasına xidmət edir.
   Azərbaycan kinematoqrafiyasının uğurlu inkişafı artıq qurumların təşkilindən deyil, kinostudiya üçün rəhbər kadrların düzgün seçilməsindən, Azərbaycan K(b)P MK tərəfindən studiyaya gündəlik rəhbərlikdən və kömək göstərilməsindən asılıdır. Təəssüf ki, Azərbaycan K(b)P MK studiyanın işinə az diqqət yetirir. Yol. Bağırov öz məktubunda haqlı olaraq bunu düzgün qeyd edir.
   Azərbaycanda kino texnikumun tikintisini də məqsədəuyğun hesab etmirik. 1940-cı ildə Alma-Atada yeni kino texnikumu açılmışdır. Bu təhsil ocağı Orta Asiya və Zaqafqaziya respublikalarını kinotexnik ixtisasına yiyələnən kadrlarla təmin edə bilər”.
   SSRİ XKS yanında Kinematoqrafiya İşləri üzrə Komitənin sədri İ.Bolşakov ÜK(b)P MK katibi A.Andreyevə yazdığı məktubla kifayətlənməyib, özünü sığortalamaq məqsədilə erməni rejissoru A.Beknazarovdan “Bakı” kinostudiyası haqqında bildiklərini yazıb ona göndərməsini xahiş edir. Təbii ki, erməni rejissor da sədrin tapşırığını can-başla yerinə yetirir.
   Bu barədə növbəti yazılarımızda.
   
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar