“Azərbaycan tarını və musiqi sənətimizi dünyanın hər yerində təbliğ etmək arzusundayam”
   
   Tar Azərbaycan xalqının mədəniyyətində əvəzsiz yeri olan ecazkar musiqi alətidir. Dünya musiqisinin incisi olan muğam məhz onun səsi ilə sehrlənir. Tar sənətimiz bu gün artıq bütün dünyanın mədəniyyət xəzinəsinin bir gövhəridir. Bu gövhərin qiymətini artıranlar isə onu dilləndirib, simlərindən qopan səsləri insanlara ötürən tarzənlərimizdir. 
   Müasir tar ifaçılığı sənətində öz dəst-xətti ilə seçilən, Azərbaycan tarının şöhrətini beynəlxalq aləmdə tanıdanlardan biri də Əməkdar artist Sahib Paşazadədir. Tarzən üçün 2017-ci il bir sıra uğurlarla yadda qalacaq. Çünki o, bu il növbəti “Muğam televiziya müsabiqəsi”ni uğurla tamamlamaqla yanaşı, bir sıra beynəlxalq festivalların mükafatlarını da vətənə gətirib. 
   Prezident mükafatçısı, Milli Konservatoriyanın dosenti olan tarzən həm də “Muğam dünyası” layihəsinin daimi iştirakçısıdır. İstedadlı ifaçı ilə bu il qazandığı nailiyyətlər haqqında söhbət etdik. 
   
   - Sahib müəllim, ilk olaraq “Muğam televiziya müsabiqəsi”ndən danışaq...
   - Bu müsabiqə mənim həyatımda çox böyük rol oynayıb. Bəlkə də başqa sənətkarların 10 il ərzində əldə etdiyi təcrübəni mən bu müsabiqə nəticəsində əldə edə bilmişəm. Bütün bunlar dövlətimizin qayğısı və etimadı sayəsində baş verib. Ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın etimadı sayəsində müsabiqə iştirakçılarının müşayiəti mənə həvalə olundu. Çalışdım ki, bütün məsuliyyət və bacarığımı sərf edim. 
   Mən ilk vaxtlardan solo ifaçı kimi fəaliyyət göstərmişəm. Müxtəlif simfonik, kamera, xalq çalğı alətləri orkestri və dünyanın bir çox tanınmış dirijorları ilə birgə solo çıxışlar etmişəm. 2007-ci ildə, muğam müsabiqəsindən sonra yaradıcılığımda dönüş oldu. Solo ilə yanaşı, müşayiətçi kimi də özümü sınamağa başladım. Bu mənim üçün əsl təcrübə bazası oldu. Sonradan beynəlxalq tədbirlərdə həm solo, həm də müşayiətçi kimi iştirak etdim. 2011, 2013, 2015-ci illərdə keçirilən müsabiqələrdə daha da püxtələşdim. 
   - Bəs builki müsabiqə nə ilə yadda qaldı?
   - Bu müsabiqədə, təvazökarlıqdan uzaq olsa da, deyərdim ki, peşəkar ifaçı kimi özümü bir daha təsdiq edə bildim. Çox şadam ki, rəhbərlik etdiyim “Muğam” instrumental ansamblı ilə iştirakçıları müşayiətimiz yüksək dəyərləndirildi. Müsabiqədə ən yaddaqalan məqam isə 10-12 rəng özümün olsa da, 200-ə yaxın tamamilə işlənməyən rəng və dəramədi yenidən işləyib ərsəyə gətirməyim oldu. 
   Gecə saat 12-də müsabiqə bitəndən sonra səhər saat 4-5-dək köhnə lent yazılarına, qrammofon vallarına qulaq asıb onları işləyib növbəti efirə hazırlayırdım. İstəyirdim ki, yenilik olsun. Hər çıxışda 2-3 yeni rəngi təqdim etməyim tamaşaçılarda məmnuniyyət yaradırdı. Ümumilikdə isə müsabiqədə yeni səslər kəşf olundu. Muğam sənətimizə böyük maraq həmişə var və inanıram ki, müsabiqə zamanla bu ulu sənətə yeni adlar bəxş edəcək. 
   - Kanadada “Ağcaqayın yarpağı” beynəlxalq festivalının Qran-pri mükafatına, Niaqara şəhərində keçirilən musiqi festivalında “Tarın Paqaninisi” tituluna layiq görülmüsünüz. Bu il də Özbəkistanda keçirilən “Şərq təranələri” festivalından Qran-pri ilə qayıtdınız...
   - Festivala sənət yoldaşım, nağara ifaçısı, Əməkdar artist Kamran Kərimovla qatıldım. Bu festivala qatılmaq çoxdankı arzum idi. Dəvət alanda sevindim. Bu günə qədər qazandığım uğurlar sırasında Səmərqəndin öz yeri var. Bu arzunun da maraqlı tarixçəsi var. Uşaq yaşlarımda, 1980-ci illərin sonunda Səmərqənddə keçirilən bu festivalda iştirak edən görkəmli mədəniyyət xadimlərimiz Bəhram Mansurov, Elmira Abbasova, Ramiz Quliyev, Zemfira Səfərova ölkəyə qayıtdıqdan sonra bu musiqi tədbiri ilə bağlı verilişlər efirə gedərdi. Mən də bu verilişlərə baxıb xəyal qurardım. Arzulayırdım ki, kaş mən də nə vaxtsa, o müsabiqədə ifa edəydim. 1997-ci ilə qədər simpozium kimi keçirilən tədbir həmin ildən festival kimi qeyd edilməyə başlayıb. Bu il 11-ci festival idi. Mədəniyyət və Turizm Nazirliyindən mənə təklif gələndə elə ilk anda uğur qazanacağıma əminlik yarandı. Bütün yayı hazırladığımız kompozisiyanı ləğv edib, Milli Konservatoriyanın İnstrumental muğam ifaçılığı kafedrasının müdiri, Əməkdar artist Malik Mansurovun təklif etdiyi əsəri hazırlamağa başladım. Səhnəyə çıxdığımız ilk dəqiqələrdən münsiflərin bizim musiqiyə və ifamıza olan marağını hiss etdik. Festivalda böyük kollektivlər iştirak edirdilər və biz ikinəfərlik heyətlə xanəndəsiz, sadəcə instrumental ifa ilə diqqəti cəlb edə bildik. Hazırladığımız 17 dəqiqəlik “Şur” kompozisiyası həm tamaşaçılar, həm də münsiflərin alqış sədaları ilə yekunlaşdı. Beləliklə, festivalın baş mükafatı bizə nəsib oldu. Elə orada da Çində keçiriləcək İpək Yolu festivalına dəvət aldıq. 
   - Bildiyim qədərilə, Çin və Polşa səfərləriniz də uğurlu keçib...
   - Çində keçirilən IV İpək Yolu Beynəlxalq Musiqi Festivalında Kamran Kərimovla iştirak etdik. Festivalın xüsusi diplom və mükafatlarına layiq görüldük. Əlavə olaraq Çinin Sian, Sianyan və Cencen şəhərlərində konsert proqramı ilə də çıxış etdik. Polşa səfərimin məqsədi isə Varşavada dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin anadan olmasının 90 illiyinin qeyd edilməsi ilə əlaqədar keçirilən tədbirdə iştirak idi. Varşavanın Kral Sarayında reallaşan konsertdə çıxışlarım böyük alqışlarla qarşılandı. Bu təəssüratları bəzən sözlə ifadə etmək belə çətin olur. Yaradana şükür, bu il sənət baxımından mənim üçün düşərli oldu. Sənətimlə Azərbaycan tarını və milli incəsənətimizi dünyanın hər yerində təbliğ etmək arzusundayam. 
   - Braziliyada haqqınızda lentə alınan sənədli filmdən də danışardınız...
   - 2015-ci ildə braziliyalı musiqiçi Benjamin Taubkinin dəvəti ilə San Paulo ştatının Braqanza Paulista şəhərində keçirilmiş "Serrinya" incəsənət festivalında iştirak etmişdim. Orada olduğum 10 gün müddətində ifalarım və konsertlərdən ibarət “Azərbaycan tarı” adlı sənədli film çəkilib. Bu film Latın Amerikası sənədli filmlər festivalında “Ən uğurlu film” nominasiyasında mükafata layiq görülüb. Filmdə Benjamin Taubkinin bəstələdiyi “Sahib üçün mövzu” əsəri və mənim onlara həsr etdiyim, braziliyalı, koreyalı və digər ölkələrin musiqiçiləri ilə birgə səsləndirdiyimiz “Çahargah” əsəri də yer alıb. 
   * * *
   Yazını hazırlayarkən xəbər tutduq ki, Sahib Paşazadə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə ölkəmizin müstəqilliyinin 25 illiyinə həsr edilmiş mədəniyyət bayramında da iştirak edib. İfaçıya Azərbaycan incəsənətinin təbliği naminə yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. 
   
   Lalə Azəri