Azərbaycan xalçası üzrə V Beynəlxalq simpoziumun üç gün davam edən sessiyaları maraqlı müzakirə və diskussiyalara da səhnə oldu. Simpoziumun sonuncu günü, oktyabrın 20-də keçirilən “Təsir və müqayisələr” adlı sessiya xüsusilə yaddaqalan oldu.
Şərq Xalçaları üzrə Beynəlxalq Konfransın (İCOC) baş katibi Dennis Doddsun moderatorluq etdiyi sessiyada əvvəlcə İsraildən Orit Şamir və Alisa Baginskinin «Ağır xalçalar, zərif səthli xalçalar (sumax, zili), islamiyyətin ilk dövrlərindən orta əsrlərədək (VII-XIII əsrlər) müqəddəs torpaqlardakı tikiş növləri və həmin texnikaların Azərbaycanda yayılması” məruzəsi tarixilik baxımından maraqlı idi.
Özbəkistan Elmlər Akademiyasının əməkdaşı Elmira Gül isə «Azərbaycan və Orta Asiya xalçaları: mədəni əlaqələr problemi haqqında» məruzəsində Azərbaycandan Orta Asiyaya «köç edən» çeşni və xalça naxışlarından bəhs etdi. Həqiqətən də ən gözəl və zəngin xalça naxışları dünyanın dörd bir yanına məhz Azərbaycandan və indiki İran ərazisindən, Ön Asiyadan yayılıb.
Harvard Universitetində (ABŞ, Kembric) çalışan islam və Yaxın Şərq mədəniyyəti üzrə mütəxəssis Cefri Bi Sper avropalıları, sonradan da bütün dünyanı məftun edən Kəşmir şallarından danışdı. «Kəşmir şalı və onun Qafqaz xalçalarına təsiri» məruzəsində maraqlı müqayisə və örnəklər diqqətə çatdırıldı. Əslində, Kəşmir şalının və yununun dünyaya yayılma tarixi Avropanın Asiyaya, Hind-Çinə doğru istilası ilə təxminən yaşıd olduğu üçün bu tendensiyanın izlənilməsi avropalı tədqiqatçılar üçün bir qədər asandır.
AMEA-nın əməkdaşı, Qərb Universitetinin dosenti Gülnarə Mirzənin araşdırdığı mövzunun da tarixilik baxımından zamanı dəqiq idi. O, “Dekorativ-tətbiqi sənətdə Qacar üslubu - Azərbaycan incəsənətinin fenomenal nümunəsi” adlı məruzəsində xalçaçılığın inkişaf meyllərində tarixilik ənənələrinə toxundu, dövrün siyasi olaylarından kənarda qalmayan sənət nümunələri üzərində apardığı araşdırmalarını təqdim etdi.
Türkiyəli mütəxəssis, muzey təşkilində böyük təcrübəsi olan Suzan Bayrakdaroğlu Ankara Sənət Muzeyinin fondunda saxlanılan, əsasən Anadoludakı camelərdən toplanmış Qafqaz xalçaları barədə danışdı. Bu yerdə illərdən bəri Azərbaycan xalçasına dair araşdırmalar aparan professor Röya Tağıyeva mikrofona yaxınlaşaraq, məruzəçiyə sual ilə müraciət etdi: “Suzan xanım, illərdir ki, biz elmi məclislərdə rastlaşırıq. Hər dəfə də mən deyirəm ki, dünyada Qafqaz xalçası kimi tanıdılan xalçaların 90 faizi məhz Azərbaycan xalçasıdır. Sizin nümunə gətirdiyiniz, şəkillərini göstərib haqqında danışdığınız xalçaların da Azərbaycanın bölgələrində toxunduğu aşkardır. Olmazmı ki, hər şeyi öz adı ilə çağıraq?”.
Suzan xanım bu iradı gözləməsə də, «Sizinlə tam razıyam, biz də bilirik ki, bunlar Azərbaycan xalçasıdır. Sadəcə, Qafqaz xalısı demək bir dil alışqanlığıdır» deyə cavab verdi.
Berlin İslam İncəsənəti Muzeyinin əməkdaşı Maykl Frensis söz alaraq dedi: “Sizdə XVIII-XIX əsrlərə aid xalılar demək olar ki, heç qalmayıb. Odur ki, həmin xalıları araşdırmaq imkanınız yoxdur. Buna görə də xalıları rəsmlərinə baxaraq, onların çeşnisinə, naxışlarına əsasən öyrənirsiniz. Lakin onları sizlərdən alıb aparanlar öz texnologiyaları üzrə toxumağa başlayıblar. Çalışın ki, həmin xalıları alıb Azərbaycana gətirməklə bu boşluğu doldurasınız”.
Bu fikirdən sonra azərbaycanlı tədqiqatçılar Məhəmmədhüseyn Hüseynov, Telman İbrahimov, şərqşünas-rəssam Afaq Hüseynova da müzakirəyə qoşularaq, Azərbaycanda xalı toxuma ənənəsinin heç vaxt yarımçıq kəsilmədiyini, Avropa və Amerika kolleksiyalarını, muzeylərini bəzəyən XVIII-XIX əsr xalça və xalça məmulatlarının kökünü XV-XVI əsrlərdə, hətta daha qədim dövrdə axtarmaq lazım gəldiyini söylədilər. Vurğuladılar ki, əgər Azərbaycanın bölgələrinə səfər etsəniz, görərsiniz ki, xalçaçılıq sənətini yaşadan ailələrdə gənc qızlar elə nənələrindən-analarından öyrəndikləri çeşnilərdən istifadə edir, eyni naxışları vururlar.
Çox maraqlı diskussiyaya çevrilən sessiyanı yekunlaşdıran moderator Dennis Dodds vurğuladı ki, əslində, elm bu cür inkişaf edir, mübahisələr yeni araşdırmalara təkan verir: “Mən şadam ki, simpozium belə canlı və maraqlı keçir. Deməli, çıxışlar diqqətlə dinlənilir, fikir mübadiləsi aparılır”.
Gülcahan