Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabrın 3-dən 9-dək Kiyev şəhərində keçirilən “Mariya” Beynəlxalq monotamaşalar festivalında təmsil olunub. Teatrın aktyoru, Əməkdar artist Şövqi Hüseynovun ifasında P.Züskindin “Kontrabas” tamaşası festivalda böyük maraqla qarşılanıb.
Müxtəlif ölkələrdən teatr xadimləri səhnə əsəri haqqında müsbət rəy bildiriblər.
Yazıçı, teatr tənqidçisi Dmitri Drozdovskinin festivalda təqdim olunan ən yaxşı tamaşalar haqqında Ukraynanın “Gün” qəzetində dərc etdirdiyi “Sənət mədəniyyətin müxtəlifliyində” adlı məqaləsində ilk olaraq “Kontrabas” tamaşasından söz açılır.
Bildirilir ki, Şövqi Hüseynov fəlsəfi, insani hisslərlə dolu bir əsərdə qəhrəmanın dramını ustalıqla təqdim edir. Aktyor “balaca adam”ın sərhədlər tanımayan, bitib-tükənməz intellektini tamaşaçıya səmimi şəkildə ötürür. Müəllif vurğulayır ki, tamaşanın maraqlı səhnə həlli qəhrəmanın həm daxili, həm də xarici duyğularını dəqiqliklə, inandırıcı ştrixlərlə çatdıra bilib.