Rəssam Həsən Haqverdiyevin 100 illik yubileyinə həsr olunmuş sərgi açılıb
   
   Oktyabrın 24-də Muzey Mərkəzində görkəmli Azərbaycan rəssamı, rəngkar və qrafik Həsən Haqverdiyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Davam” adlı sərginin açılışı oldu. Sərgini sənətsevərlərin marağını çəkmək baxımından əsl hadisə saymaq olar. 
   
   
   Tədbiri Mədəniyyət və Turizm Nazirliyi Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov açaraq iştirakçıları salamladı. Sonra söz mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə verildi. 
   Nazir rəssam Həsən Haqverdiyevin Azərbaycan təsviri sənətində görkəmli yeri olduğunu, bu nəsildən böyük sənətkarların yetişdiyini diqqətə çatdırdı. Bildirdi ki, Haqverdiyevlər nəsli uzun illərdir xalqımızın mədəniyyətinə və incəsənətinə layiqincə xidmət edirlər. 
   Nazir mərhum rəssamın sonuncu fərdi sərgisinin 1967-ci ildə keçirildiyini, 50 ildən sonra tamaşaçıları onun əsərlərilə yenidən görüşdürməyin böyük sevinc olduğunu dilə gətirdi. Əbülfəs Qarayev milli mədəniyyətimizin keşiyində duran bu nəslin davamçılarına yeni sənət uğurları dilədi. 
   Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov sənətkarın həyatından, yaradıcılığının özəlliklərindən söz açdı. 
   Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov rəssam H.Haqverdiyevlə bağlı xatirələrini çözələdi, onun faciəli həyatından bəzi məqamları diqqətə çatdırdı. 
   Xalq rəssamı Cəmil Müfidzadə rəssamla tələbəlik illərindən başlayan, sonradan həqiqi dostluğa çevrilən münasibətləri sənətsevərlərlə bölüşdü. 
   Sonda rəssamın qızı, tanınmış musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək ailə üzvləri adından tədbirin təşkilatçılarına, sərgiyə gələn sənətsevərlərə minnətdarlığını bildirdi.
   Açılışdan sonra sərgi ilə tanışlıq başlandı. Sərgidə H.Haqverdiyevin Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından, ailə və başqa şəxsi kolleksiyalardan seçilmiş əsərləri nümayiş olunur. Onun realistik üslubda çəkdiyi iri yağlı boya əsərləri bu gün də öz canlılığını qoruyur. Mövzular köhnəlsə də, rəssamın rənglərinin istiliyi, doğmalığı adamı əsərlərə bağlayır. Sərgilənən əsərlərin yarısı rəssamın qrafik yaradıcılığının nümunələridir. Burada daha çox onun öz çağdaşlarının şarjlarını çəkməsi, həmin əsərlərdə onların incə xarakterini tutması və ustalıqla ifadə etməsi diqqətdən yayınmır. 
   Zalın biri Haqverdiyevlər ailəsindən olan Əli, Hüseyn, Səidə, Ucal, Yelena, Bütünay, Səbinə və Fərhadın yaradıcılığına həsr olunub ki, bu da rəssamlar soyunun ardıcıllığını aydın göstərir. 
   Bildirək ki, H.Haqverdiyev 1917-ci ildə Güney Azərbaycanın Mamağan şəhərində doğulub. O, 1931-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olub. İkinci Dünya savaşının iştirakçısı olan rəssam öncə almanlara əsir düşür, sonra isə buna görə Sibirə sürgün olunur. Rəssam yalnız İ.Stalinin ölümündən sonra vətənə qayıdıb. 1978-ci ildə vəfat edib.
   H.Haqverdiyev Azərbaycan qadınına həsr etdiyi “Oyanma” (1970) tablosunu və uşaq aləmi, psixologiyası ilə bağlı “Balaca rəssam” (1966), “İlk söz” (1970) kimi tabloların müəllifidir. “A.S.Puşkinin A.S.Qriboyedovun cənazəsi ilə qarşılaşması” (1937), “Əzim Əzimzadənin portreti” (1939), “Zemfiranın portreti”, “Füzuli oğlunun şeirini dinləyərkən” (1958), “Rəssamlarımız yaradıcılıq növbəsində” (1959) kimi əsərləri də maraqla baxılır. 
   Rəssam “Azərbaycan”, “Ulduz”, “Təşviqatçı”, “Azərbaycan qadını”, “Pioner” və “Göyərçin” jurnallarının bədii tərtibində də yaxından iştirak edib. Yaradıcılığında teatr dekorasiya sənəti ayrıca yer tutub. O, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulan bir neçə əsərin səhnə tərtibatını verib. P.Çaykovskinin “Yevgeni Onegin” və “Qaratoxmaq qız” operaları, C.Məmmədovun “Dan ulduzu” pyesi üçün çəkilmiş dekor eskizlərin də müəllifidir. 
   Muzey Mərkəzində “Davam” sərgisi oktyabrın 28-dək davam edəcək. 
   
   S.Qaliboğlu