Oktyabrın 24-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari ilə görüşüb.
Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Əbülfəs Qarayev bununla bağlı hüquqi bazanın formalaşdırıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan və İtaliya arasında turizm sahəsində, habelə mədəniyyət, elm və texnologiya sahəsində sazişlər, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyət, Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu” və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Roma şəhərinin meriyası arasında saziş”in imzalanması sözügedən sahələrdə əməkdaşlığa mühüm zəmin yaradır.
Nazir Bakıda iki ildən bir təşkil olunan Dünya Mədəniyyətlərarası Dialoq Forumu barədə də məlumat verib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” çərçivəsində İtaliya ilə əməkdaşlığa xüsusi maraq göstərildiyini qeyd edib. Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən fəaliyyət ölkə rəhbərliyinin İtaliya ilə əlaqələrə diqqətinin təzahürü kimi qiymətləndirilib.
Görüş zamanı həmçinin Azərbaycan və İtaliya ekspertlərinin birgə iştirakı ilə reallaşdırılan “Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı tvinninq layihəsi çərçivəsində görülən işlər, o cümlədən muzey işi, mədəni sərvətlərin idxalı, ixracı və tranziti üzrə milli qanunvericiliyin və yerli praktikanın təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsi barədə danışılıb.
Nazir xalqlararası məlumatlılıq və yaxınlaşmanın, qarşılıqlı bilik, təcrübə və turist mübadiləsinin artırılması məqsədilə mədəniyyət və turizm sahələri üzrə birgə layihələrin sayının artırılmasının əhəmiyyətini vurğulayıb.