Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və TÜRKSOY-un birgə təşkilatçılığı ilə Braziliyada türk dünyasına həsr olunmuş elmi konfrans keçirilib.
Ölkənin parlamentində keçirilən tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkiyə, Azərbaycan və Qazaxıstan diplomatik korpusunun nümayəndələri iştirak ediblər.
Tədbirdə hər üç ölkənin səfirləri çıxış edib. Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov çıxışında ölkəmizin mədəni irsi barədə məlumat verib.
Senator Kristomas Rikardo Kavalkanti Buark qeyd edib ki, qədim türk mədəniyyəti müasir cəmiyyətin formalaşmasında əvəzsiz rol oynayıb. “Braziliyaya bu gün lazım olanlardan biri də Azərbaycan, Türkiyə və Qazaxıstandakı siyasi sabitlikdir”, - deyə senator vurğulayıb.
Tədbirin bədii hissəsində Azərbaycan, Türkiyə və Qazaxıstan musiqiçilərinin ifasında geniş konsert proqramı təqdim olunub. Azərbaycanı kamança ifaçısı Şəhriyar Musayev təmsil edib.
Konfrans çərçivəsində parlamentin sərgi zalında “Braziliyada türk irsi” mövzusunda fotosərgi açılıb. Sərgi noyabrın 3-dək davam edəcək.