Beynəlxalq simpoziumun bağlanış mərasimində bu təəssürat bir daha ifadə edildi
   
   Oktyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində «Ənənə və innovasiyalar» devizi altında keçirilən Azərbaycan xalçası üzrə V Beynəlxalq simpozium (İSAC) başa çatdı.
   Bağlanış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva dedi ki, Azərbaycan xalça sənətinin qorunub yaşadılması və beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyilə dövlətimiz tərəfindən mühüm layihələr həyata keçirilir. Bakıda işini başa çatdıran beynəlxalq simpozium da buna bariz nümunədir. 
   Diqqətə çatdırıldı ki, dövlət başçısının 14 noyabr 2016-cı il tarixli sərəncamına əsasən təşkil edilən mötəbər beynəlxalq tədbirə 20-dən çox ölkədən mütəxəssislər qatılıb. Üç gün ərzində elmi sessiyalarla yanaşı seminarlar, poster sərgiləri keçirildi, üstəlik, muzeylərdə açılan sərgilər də dolğun və informativ idi. Aparılan diskussiyalar, müzakirələr bir daha təsdiqlədi ki, dünyada xalça sənətinə maraq sönmür, əksinə, ona olan maraq artmaqdadır. 
   Sevda Məmmədəliyeva çıxışının sonunda simpoziumun bütün iştirakçılarına təşəkkür edərək dedi: «Arzu edirəm ki, tədqiqatçılar və ekspertlər dünya muzeylərində və şəxsi kolleksiyalarda qorunan Azərbaycan milli xalça sənəti nümunələrinə həqiqi ünvan, həqiqi məkan verməkdən çəkinməsinlər». 
   Sonra “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov, Şərq Xalçaları üzrə Beynəlxalq Konfransın (İCOC) Akademik Komitəsinin sədri Alberto Boralevi, Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi araşdırmalar şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əfəndiyev çıxış edərək simpoziumun təşkilinə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya bütün iştirakçılar adından təşəkkürlərini bildirdilər.
   Çıxışlarda qeyd edildi ki, V simpozium öz adını doğrultdu. Müzakirələrdə həm ənənələr araşdırıldı, həm də innovasiyalar nəzərdən keçirildi. Azərbaycan xalçası beynəlxalq miqyasda tanınmış milli sənət olmaqla yanaşı, həm də bəşəri dəyərdir. Simpozium Azərbaycan xalçasını və xalçaçısını tanıtdırmağa, tarixi xalçaçılıq məntəqələri ilə tanış olmağa daha bir imkan yaratdı. Azərbaycan xalçasının keçmişi və müasir vəziyyəti, xalçaçılığın iqtisadiyyatın müstəqil sahəsi kimi inkişafı məsələlərinin nəzərdən keçirilməsi bu istiqamətdə yeni araşdırmalara təkan verəcək.
   
   G.Mirməmməd