Oktyabrın 20-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında görkəmli rus ədibi Nikolay Nekrasovun «Peterburqlu sələmçi» vodevili əsasında hazırlanmış tamaşanın premyerası keçirilib. N.Nekrasov daha çox şair kimi tanınsa da, yaradıcılığının ilk illərində pyeslər də qələmə alıb. 
   Bu tamaşa teatrın Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin nəzdindəki Dövlət Teatr Agentliyi ilə birgə layihəsi nəticəsində ərsəyə gəlib. Səhnə əsərinin quruluşçu rejissoru Vladimir Danay, quruluşçu rəssamı Olqa Kuznetsova (hər ikisi Moskvadan dəvət edilib), bəstəkarı Eldar Babayevdir. 
   Rolları Yuri Omelçenko, Fəridə Nesterenko, Murad İsmayılov, Maqsud Məmmədov, Aleksey Saprıkin, Fərid Bəhramov, Lüdmila Saprıkina, Natiq Hüseynov və İlkin Mehdiyev oynayır.
   Quruluşçu rejissorun süjetini «17 şəkildə soyğun» kimi müəyyənləşdirdiyi tamaşanın əsas qəhrəmanı istənilən situasiyada öz mənafeyini güdən, pulu hər şeydən və hətta öz balasından çox sevən sələmçi Potap İvanoviç Loskutkovdur. Minimalist səhnə həlli verilmiş «Peterburqlu sələmçi»nin ilk tamaşası müvəffəqiyyətlə keçib. 
   
   G.Mirməmməd