Səlcuqlu və Osmanlı dövrlərində Anadoluda yaşayan türklərin sənət, ticarət kimi sahələrdə yetişməsini təmin edən, onların əxlaqi cəhətdən kamil, iş həyatında yaxşı insan üstünlüklərini əsas götürən bir təşkilatlanma Əxilik adlanıb. İslamda sufiliyin bir qolu kimi tanınan əxilikdə halal qazancla yaşamaq əsas götürülürdü. Halal qazancın yolu insanın öz zəhməti ilə dolanacağı bir sənətinin olmasından başlayır.
   Orta əsrlərdə Orta Asiyadan Balkanlara qədər türklərin yaşadığı coğrafiyalarda geniş yayılmış və bu bölgələrin türkləşmə və islamlaşmasında böyük əhəmiyyətə malik olmuş Əxiliyin formalaşdığı ilk bölgələrdən biri də Azərbaycandır. Hazırda Türkiyədə bir sıra qurumlarda, hətta dövlət qurumlarında buna diqqət ayrılmağa başlanılıb. Ankarada fəaliyyət göstərən Yeni Osmanlı Dərnəyi də Əxilik fəlsəfəsi üzərində qurulub. Dərnəyin sədri Saffet Atakla söhbətimiz bu barədədir.
   
   - Saffet xanım, bildiyimizə görə, Əxilik düşüncələrinin Anadoluda yayılması və önəmli bir quruluşa çevrilməsində də Azərbaycan türkləri əhəmiyyətli rol oynamışlar. Yəni belə demək mümkünsə, Əxilik bizim ortaq dəyərimizdir. Dərnəyinizin adı Yeni Osmanlılar, fəlsəfəsi isə Əxilik. Bunlar nəyi əxz edir?
   - Qurani-Kərimdə Allahın bizdən istədiyi davranış biçimlərinin sosial həyatın hər nöqtəsində tətbiq olunmasıdır. Bu iş həyatın bütün sahələrindəki davranışlarda da özünü əks etdirir. İnsanların bir-birinə dəyər verib, hər bir insanın layiq olduğu həyata qovuşmasıdır. Yəni siz hər bir şeyə sahib olduğunuz halda kasıb bir qonşunuzu unutmamalısınız. Başqası üçün yaşayan Allah üçün yaşayandır. Mən sənin üçün yaşayıram, sən də mənim üçün. Ortada heç bir dava, münaqişə yoxdur. Nəticədə münaqişədən, gurultudan uzaq xoşbəxt və geniş bir toplum meydana gəlir. Əxilərin əsas təməl prinsipi zənginlə kasıb arasında körpü quraraq ictimai rifah, əminlik, əxlaqi gözəllik və mənəvi təmizlik yaratmaq olub. Dünyada ilk dəfə Səlcuq dövlətinin son dönəmində təşkilatlanan qadınlar Anadolu qadınları olub. 1290-cı ildə “Anadolu Bacıları” təşkilatı qurulub. Osmanlı dövləti qurulduğu zaman Ankarada bir “Əxi cümhuriyyəti” mövcud olub. Yəni əsnaf o qədər təşkilatlanıb ki, onun öz ordusu olub, ticarəti inkişaf edib. Bu bir dərviş-əsnaf quruluşu idi. 
   Mənim ulu babam Osmanlıya xidmət etmiş bir adam olub. O, padşahın fərmanlarını daşıyan bir tatar atlısı idi. Sonra Ankaraya köçür. Sonrakı babalarım da Atatürkü Ankaraya dəvət edənlərdən olub və Türkiyə Cümhuriyyətinin qurulmasına da öndərlik ediblər. Biz böyük bir nəsilik və Əxilik mədəniyyəti ilə yetişdik. 2003-cü ildə bu dərnəyi qurduq. Yeddi qadın bir araya gəlib düşündük ki, tariximizə, adətlərimizə sahib çıxan bir dərnək yaradaq. Prinsipimiz də bu idi: özümüzü tanıyaq və sonra da bütün dünyaya tanıdaq. Yanlış olanları da yaddaşımızdan silək. Mövcud düşüncəni yenidən inşa etdik. Adını Yeni Osmanlılar Dərnəyi qoyduq. 
   
   - Həyata keçirdiyiniz layihələrdə Əxilik, Osmanlı qaydalarını hansı yöndən tətbiq edə bilirsiniz?
   - Osmanlının sosial həyatı tamamilə türklərin sosial həyatıdır. Ankaranın kəndlərində otaqlar var idi. Buna kənd otaqları deyərdilər və bu da Əxilikdən qalan bir qayda idi. Bu otaqların qurulmasında məqsəd o idi ki, yoldan keçən, ac olan qonaq həmin otaqda dincəlsin və yemək yesin. Bütün bu gözəl işlərin yenidən inşası, tətbiq olunması üçün bir qurum qurmaq lazım idi. Amma əsas məsələ dərnəyin fəaliyyətə başlaması, adını və qəbul etdiyi fəlsəfəni doğrultması idi. Bunun üçün də Osmanlı arxivlərində çalışdıq, tarixçilərlə görüşdük. Layihələrimizi yazıb nazirliklərə verdik. İlk 5 proqramımız sağlam kənd təsərrüfatı ilə bağlı oldu. Çünki toxumlarımız yavaş-yavaş dəyişdirilirdi. Görürdük ki, yemək mədəniyyətimiz də yavaş-yavaş yoxa çıxmaq üzrədir. Biz mətbəximizə sahib çıxmalıyıq ki, sağlam nəsil yetişsin. Getdikcə fəaliyyət sahəmiz genişləndi, başqa layihələr də gerçəkləşdirdik, tarixə üz tutduq. Çünki tarixi yaxşı oxumasaq, gələcəyə işıq da tutmaq olmaz. Tarix mövzusunu çalışa-çalışa xaricə çıxdıq. Avropaya, Balkanlara üz tutduq. Bu işlərimizlə sanki bir şam yandırdıq, tarixlə bağlı layihələr gerçəkləşdirdik. Oradakı qardaşlarımızla görüşdük, konfranslar keçirdik. 
   Bizdən sonra da dərnəklər, fondlar quruldu, tarix istiqamətində xeyli layihələr həyata keçirildi. Yeddi qadın ancaq bunu söyləyirdik: gənclərimizə özünəinam, özgüvən qazandırmalıyıq. Yəni hər bir məsələyə baxış tərzimiz var. Məsələn, mən hələ də hündür mərtəbəli binaları sevmirəm. Əvvəllər Osmanlıda çox gözəl memarlıq anlayışı olub. Təəssüf ki, artıq bu yoxa çıxır. Hündür binalar yüksəlir, qonşuluqlar da aradan çıxır. 
   
   - Nə üçün son dönəmlərdə Əxilik geniş şəkildə gündəmə gəldi?
   - O qədər nəzəriyyələr, sistemlər sınaqdan keçirildi ki, amma heç biri uğurlu olmadı. Osmanlıda divarlar möhkəm olsun deyə, yumurtanın sarısı istifadə olunurdu. Əxilik deyir ki, insan ən mükəmməlinə, yaxşısına layiqdir. Bu sadəcə bir əsnaf təşkilatlanması deyil, bir toplumun təşkilatlanmasıdır. O dönəmlərdə atasız-anasız uşaq küçədə qalmır, ehtiyacı olub ailə qura bilməyənlər evləndirilir, yaşlı bir adama sahib çıxılırdı. Məqsədimiz həm də türk dünyasında bir-birimizi tanımaqdır. Keçmişimiz, özümüzlə bağlı nə qədər çox bilsək, o qədər ayaqda qala bilərik. Çünki o dövrdə təhsilə də çox böyük önəm verilib. Dərnəyimiz yavaş-yavaş böyüdü və türk-islam dünyasından qonaqlarımız gəlməyə başladı. Dərnəyin İstanbuldakı mərkəzində Osmanlıya aid bir mətbəx açdıq. İstanbuldan sonra təkrar Ankaraya döndüm. Hazırda fəaliyyətlərimiz sırasında tarixi məruzələr və yenə Balkan ölkələri ilə bağlı çalışmalar var. Osmanlıda çox böyük bir mədəniyyət olub və biz bunu gələcək nəsillərə ötürməyi hədəf etmişik. 
   
   Mehparə Sultanova
   Ankara