Parisdə, UNESCO-nun mənzil-qərargahında təşkilatın Baş Konfransının 39-cu sessiyası işə başlayıb. Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov və UNESCO üzrə Milli Komissiyanın rəhbəri Elnur Sultanov konfransda iştirak edirlər. Tədbirdə UNESCO Baş Konfransının keçmiş prezidenti Stenli Mutuba Simataa, qurumun baş direktoru İrina Bokova və İcra Şurasının sədri Maykl Vorbs çıxış edərək təşkilatın üzləşdiyi məsələlərdən, problemlərdən çıxış yollarından və qarşıdan gələn növbəti iki ildə görüləcək işlərdən danışıblar.
UNESCO Baş Konfransı 39-cu sessiyasının açılışında Azərbaycan Respublikası konfransın vitse-prezidenti seçilib. Ölkəmiz, həmçinin Baş Konfransın nominasiya komitəsinin sədr müavini seçilib. İki ildən bir keçirilən sessiya qurumun ən mühüm tədbiri hesab edilir. Üzv ölkələr UNESCO üzrə milli komissiyalar, qurum yanında daimi nümayəndəliklər və təşkilatın əhatə etdiyi bütün prioritet sahələr üzrə təmsilçilərin iştirakı ilə Baş Konfransın işində təmsil olunurlar.
Sessiya çərçivəsində mədəniyyət, təhsil, informasiya və kommunikasiya sahələrində aktual məsələlərə baxılacaq, müzakirələr aparılacaq.
Sessiyada həmçinin UNESCO-nun növbəti 4 il müddətinə (2018-2021) baş direktoru seçilmiş Odri Azuleyin bu vəzifəyə təyinatı təsdiqlənəcək.