“Mən sənin sahilinə bir qərib kimi gəldim, evində bir qonaq kimi yaşadım, səndən bir dost kimi ayrılıram, ey dünya”. Bu sözlər böyük hind şairi, dramaturqu Rabindranat Taqora məxsusdur. Düz 7 il bundan əvvəl Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, görkəmli kinooperator və kinorejissor Rasim İsmayılov da bu sözləri təkrar etdi və bizdən ayrıldı. Sağ olsaydı, bizimlə birgə 75 yaşını qeyd edəcəkdi.
   
   Rasim Rza oğlu İsmayılov 1936-cı il iyulun 13-də Bakıda pedaqoqlar ailəsində anadan olmuşdur. Uşaqlıq çağlarında aviasiya ilə maraqlanır, hər gün dərsdən sonra aerokluba gedir, şənbə və bazar günləri Zabrat aeroportundan kiçik təyyarədə uçur və təyyarəçi olmağa hazırlaşırdı. Lakin tale onunla başqa cür rəftar edir. Təyyarəçilik məktəbinə imtahan verərkən tibb komissiyasından keçmir.
   Rasimin ikinci əyləncəsi fotoqrafiya idi. 1958-ci ildə o, Bakı kinostudiyasında operator assistenti işləməyə başlayır. Həmin il Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olur, məşhur operator B.Volçekin emalatxanasında təhsil alır. 1962-ci ildə institutu bitirib Bakıya qayıtdıqdan sonra bir neçə il Azərbaycan televiziyasında çalışır. Burada onun ssenariləri əsasında “Azərbaycan raport verir” sənədli, “Daha iki nəfər” qısametrajlı bədii televiziya filmləri istehsal olunur.
   Rasim müəllim televiziya animasiya filmlərinin yaradıcılarından biri kimi də tanınır. 1965-ci ildə “Danışan işıqlar”, 1969-cu ildə “Qırmızılar, qaralar və başqaları” animasiya filmlərinə quruluş vermişdir. İkinci film Kiyevdə “Prometey - 69” festivalında ən yaxşı rejissor işinə görə diploma layiq görülmüşdü.
   R.İsmayılovun Moskvada təhsil aldığı illərdə çəkdiyi kurs işləri ilə tanış olarkən onun artıq operator kimi yetişdiyini görürük. Rasimin üçüncü kursda çəkdiyi “Zəncirlə buxovlanmışlar” qısametrajlı filmi institutun tələbə filmlərinin festivalında yüksək qiymət almışdır.
   Rasim müəllim söhbət edirdi ki, institutda diplom işinə buraxılan kimi Bakıya qayıdır, Azərbaycan televiziyasında iki sənədli film çəkir: “Səma ilə görüş” və “Şəhərin ritmləri”. Gənc operator hər iki filmin həm ssenari müəllifi, həm də rejissor-operatoru olur. “Səma ilə görüş”dən aydın olur ki, R.İsmayılov aviasiyanı, səmanı hələ də unutmamışdı. Bu filmlər diplom işində müəllifinə əla qiymət qazandırdı. Bu filmlər onu da göstərdi ki, kinematoqrafiyaya sıravi bir operator yox, dramaturgiya ilə, rejissorluqla çox ciddi maraqlanan gənc istedad gəlib. Filmlər Tbilisidə keçirilən Zaqafqaziya sənədli filmlər festivalında diploma layiq görüldü, sonralar Çexoslovakiya, ADR, Bolqarıstan və Macarıstanda keçirilən Azərbaycan incəsənəti bayramları günlərində nümayiş etdirildi.
   Adları Azərbaycan kinosu tarixinə qızıl hərflərlə yazılmış filmlərin - “Yenilməz batalyon” (Xan Babayevlə birgə), “Sevil” (film-opera), “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Gün keçdi”, “Nəsimi”, “Dədə Qorqud”, “Sevinc buxtası”, “Babək” kimi bədii filmlərin quruluşçu operatoru olan Rasim İsmayılovun operator kimi kinoda böyük debütü rejissor Z.Kazımovanın quruluş verdiyi “Dağ meşəsindən keçərkən” novellası oldu. Bu, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Kimi daha çox sevirik” kinoalmanaxının bir novellası idi. Sıx ağaclarla örtülmüş dağ meşəsinin yarpaqları arasından süzülən günəş şüalarının təbii gözəlliyi, müxtəlif rakurslardan dinamik çəkilmiş kadrlar filmi baxımlı etmişdir.
   1965-ci ildə Şəkidə çəkilişləri davam etdirilən “Yenilməz batalyon” tarixi-inqilabi filminin istehsalı birdən-birə dayandırıldı. Səbəb filmin quruluşçu operatoru Xan Babayevin qəflətən xəstələnməsi oldu. Filmin heç yarısı belə çəkilməmişdi. Əlbəttə, belə bir vaxtda operatoru başqası ilə əvəz etmək asan məsələ deyildi. Filmi də yarımçıq qoymaq olmazdı. Rejissor H.Seyidzadə X.Babayevdən onun işini kimin davam etdirə biləcəyini soruşduqda o, tərəddüd etmədən Rasimin adını verdi. Gənc operator çəkilmiş materiallara baxıb lentə aldığı kadrları X.Babayevin dəst-xəttinə uyğunlaşdırdı. Xüsusilə filmdə R.İsmayılovun çəkdiyi “Təqib” və “Güllələnmə” epizodlarına həyəcansız baxmaq olmur.
   Türk yazıçısı Nazim Hikmətin “Romantika” romanı əsasında ekranlaşdırılmış “Yaşamaq gözəldir, qardaşım” kinopovesti operator R.İsmayılovun yaradıcılığında əhəmiyyətli yer tutur. Film yaradıcılıq baxımından mürəkkəb olsa da, o ən yaxın dostu, rejissor R.Əsgərovla birgə işindən fərəh duyurdu. Burada operatorun həm təbii, həm də süni işıqla işləmə bacarığı bütün dolğunluğu ilə özünü göstərdi.
   R.İsmayılov rejissor E.Quliyevlə irihəcmli üç bədii film üzərində işləmişdir: “Səmt küləyi”, “Sevinc buxtası” və “Babək”.
   “Səmt küləyi” tarixi-inqilabi filmi çex kinematoqrafçıları ilə birgə yaradılmışdır. Bu filmdə xalqlar arasındakı dostluq, onları birləşdirən vahid, ali məqsəd öz əksini tapmışdır. “Sevinc buxtası” filmində yaradıcı qrup yenidən tarixi mövzuya müraciət etmişdir. Burada 20-ci illərdə Azərbaycanda gedən inqilabi hadisələrdən, neft uğrunda aparılan mübarizədən bəhs edilir. Filmdəki operator işi olduqca mürəkkəb idi. Lakin nəticə uğurlu alınmışdır. Filmin yaradıcılarının bir qrupu, o cümlədən R.İsmayılov respublika Dövlət mükafatına layiq görülmüşdür.
   “Babək” film-epopeyası üzərində işi xüsusi qeyd etmək lazımdır. Bu filmin necə alınacağını hamı böyük səbirsizliklə gözləyirdi. Filmin taleyi Rasimi də çox narahat edirdi. Çünki filmdə operator işini çətinləşdirəcək döyüş səhnələri, Bəzz qalasının çəkilişləri - bir sözlə, ümumi planlar o qədər idi ki... Yaradıcı qrupu narahat edən yeganə məqsəd xalq qəhrəmanı Babəkin uğurlu ekran obrazını canlandırmaq idi. Yaradıcı qrupun hər bir üzvünün gərgin əməyi sayəsində onlar buna nail ola bildilər.
   Rasim İsmayılovun adı milli kino tarixinə həm də kinorejissor kimi daxil olmuşdur. O, on üç il ərzində yeddi bədii filmə - “Şir evdən getdi”, “Anın quruluşu”, “İşgüzar səfər”, “Asif, Vasif, Ağasif”, “Sizi dünyalar qədər sevirdim”, “Alman klinikasına rəsmi səfər” və “Tələ” kinolentlərinə quruluş vermişdir.
   1977-ci ildə istehsal olunmuş “Şir evdən getdi” müasir nağıl-filmi R.İsmayılovun kinorejissorluq sahəsində debütüdür. Bu, yazıçı Y.Yakovlevin eyniadlı nağıl-povestinin ekran variantıdır. Müsahibələrinin birində uşaq filmlərindən söhbət düşərkən Rasim müəllim demişdir: “Ümumiyyətlə, uşaq filmləri çətin janrdır. Uşaqlarla işləmək üçün xüsusi pedaqoji üsul olmalıdır. Ən vacibi isə odur ki, gərək uşaqları sevəsən və səbirli olasan. Hərdən çəkilişlərdə elə çətinliklərlə üzləşirdim ki, amma uşaqlarla işləmək mənə zövq verirdi”.
   Rasim İsmayılovun yaratdığı filmlərin sınaq çəkilişlərinə 200-dən artıq uşaq gəlirdi. O, uşaqların arasından filmlərin qəhrəmanlarını seçirdi.
   “Asif, Vasif, Ağasif” filmindəki hadisələrin süjeti İsmayılovlar ailəsində baş verənlərdən götürülüb. Obrazlar həqiqətən də Rasim və onun qardaşlarının xarakteri ilə eyni idi. Asif isə Rasimin prototipi idi. Filmin ssenarisini Rasimin həyat yoldaşı, jurnalist Nadejda İsmayılova yazmışdır.
   Ümumiyyətlə, bu filmin maraqlı tarixçəsi var. 1969-cu ildə “Lenfilm” kinostudiyasının yaradıcı heyəti Bakıda “Mənim xeyirxah atam” bədii filmini çəkərkən məlum oldu ki, bu film İsmayılovlar ailəsinə həsr olunmuşdur. Burada müharibədən əvvəl Bakı həyətlərindən birinin sakinləri haqqında söhbət gedir.
   Filmin ssenari müəllifi Viktor Qolyavkin özü bakılı idi. Gördüyü hadisələri qələmə almışdı. Onun qonşuları məhz İsmayılovlar ailəsi idi. Əli dayını R.Əzimov, Fatma xalanı Əminə Yusifqızı oynayırdı. Məhz bu filmdən sonra İsmayılovlar ailəsi haqqında ikinci dəfə “Asif, Vasif, Ağasif” lentə alındı.
   Filmdə uşaqları gün ərzində iki saatdan artıq çəkmək olmurdu. Onlar tez yorulurdular. Buna görə də çəkilişlər zamanı kinostudiyanın otaqlarından birini uşaq bağçası etmişdilər. Orada çarpayı, oyuncaqlar, bir sözlə, uşaqların istirahəti üçün hər şey var idi. İki saatlıq çəkilişdən sonra dincəlirdilər. Bir neçə saatdan sonra yenidən çəkilişlər davam edirdi.
   Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun həyat və döyüş yolundan bəhs edən “Sizi dünyalar qədər sevirdim” filmi qəhrəmanın ömrünün son günlərini ekranda canlandırır. Bu film kinostudiyanın yaradıcılıq uğuru kimi qiymətləndirilmiş, sovet kinematoqrafiyası ustalarının ən yaxşı işlərinin siyahısına daxil edilmiş və filmə ümumittifaq baxışı keçirilmişdir.
   R.İsmayılovun quruluş verdiyi son film “Tələ” adlanır (1990). N.İsmayılovanın ssenarisi əsasında çəkilən film Qarabağda baş verən məlum hadisələri ekranda canlandırır. Burada gənclərin həyatından, onların vətən təəssübkeşliyindən də söhbət açılır.
   Bədii film yaratmağa imkan olmayan vaxtlarda Rasim müəllim çoxlu sənədli film (“Sovet Azərbaycanı”, “İmadəddin Nəsimi”, “Nabran”, “Fransa qəhrəmanı”, “Səs”, “Azərbaycan - Odlar ölkəsi”, “Labirint”, “Dədə Qorqud dünyası”, “Laçın dağlarında cingilti” və s.), “Mozalan” satirik kinojurnalı üçün süjetlər çəkmişdir.
   Son illər R.İsmayılov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, uşaqlar üçün maraqlı nağıllar, hekayələr yazırdı. Onun “Uçan çinarlar” kitabı ölümündən sonra işıq üzü gördü.
   Yazını Xalq artisti, kinorejissor Eldar Quliyevin dostu haqqında dediyi sözlərlə bitirmək istəyirəm: “Rasim İsmayılov xoşbəxt adam idi. Çünki o, sevdiyi peşəsi ilə məşğul olurdu. Həm də ən yaxşı fikirlərini həyata keçirə bilmişdi. Ona görə də çəkdiyi işıqlı və xeyirxah filmlər hələ uzun illər yaşayacaqdır. Tamaşaçıların hər yeni nəsli bu filmlərə baxarkən deyəcəkdir: “Rasim, çox sağ ol ki, sən hələ də bizimlə birlikdəsən”.
   
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar