Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), ölkəmizin Bolqarıstandakı səfirliyi, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Azərbaycan dili və mədəniyyəti mərkəzi və Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə Sofiyada görkəmli şair və dramaturq Hüseyn Cavidin (1882-1941) 135 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Konfrans Hüseyn Cavidin 135 illiyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin 2017-ci il 24 oktyabr tarixli sərəncamına əsasən təşkil olunub.
Konfransda çıxış edən ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Azərbaycanın şair, yazıçı və mütəfəkkirlərinin dünya ədəbiyyatı tarixinə dəyərli töhfələr verdiyini vurğulayıb. Diplomat Hüseyn Cavidin romantik poetik dramaturgiyanın parlaq nümayəndəsi kimi Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu, ədib və filosof kimi ölkəmizin hüdudlarından kənarda da şöhrət qazandığını deyib.
Bolqarıstan Elmlər Akademiyasının (BEA) vitse-prezidenti Vasil Nikolov konfransın iki ölkə arasında mədəniyyət və elm sahəsində əlaqələrin genişlənməsinə şərait yaratdığını söyləyib, bolqar alimlərinin ənənəvi olaraq Bakı Beynəlxalq Humanitar Forumunda məruzə ilə çıxış etdiklərini deyib.
Konfransda çıxış edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli tədbirin Avropada Cavid irsinə həsr olunan ilk konfrans olduğunu diqqətə çatdırıb. Akademik böyük şair-dramaturqun “Maral” və “Şeyda” dramlarının bolqar dilinə tərcümə edilməsinin əhəmiyyətini vurğulayaraq, bu hadisənin Bolqarıstanda Cavid irsinin öyrənilməsinə kömək edəcəyini söyləyib.
BEA-nın Ədəbiyyat İnstitutunun direktoru Elka Traykova konfransın H.Cavid yaradıcılığının Bolqarıstanda öyrənilməsinə imkan yaratdığını bildirib. Repressiya qurbanı olmuş ədibin acınacaqlı taleyi barədə tədbir iştirakçılarına məlumat verən E.Traykova XX əsrdə Bolqarıstanın mədəni-siyasi tarixində belə tale yaşayan yazıçı və ziyalıların olduğunu xatırladıb.
Çıxışlarda H.Cavid yaradıcılığının müxtəlif cəhətlərinə toxunulub, əsərləri qısa təhlil edilib.
Konfrans çərçivəsində H.Cavidin Sofiya Universiteti nəzdində Bakı Slavyan Universiteti Azərbaycan dili və mədəniyyəti mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska tərəfindən bolqar dilinə tərcümə edilmiş “Maral” və “Şeyda” əsərlərinin təqdimatı keçirilib, tələbələr Azərbaycan və bolqar dillərində sözügedən əsərlərdən parçalar söyləyiblər.