Azərbaycan Dillər Universitetinin (ADU) Ümumi dilçilik kafedrasının professoru, Eksperimental fonetika və tətbiqi dilçilik elmi-tədqiqat laboratoriyasının müdiri Fəxrəddin Veysəllinin “Dilçiliyə giriş” kitabının təqdimat mərasimi keçirildi.
   Tədbiri kafedranın müdiri, professor Azad Məmmədov açaraq “Dilçiliyə giriş” fənni ilə bağlı alimlərimiz tərəfindən bir sıra kitablar yazıldığını bildirdi. Qeyd etdi ki, növbəti kitabı görkəmli dilçi Fəxrəddin Veysəlli yazıb. 
   Professor F.Veysəlli müəllifi olduğu dərs vəsaitinin özəlliklərindən, kitabda əhatə edilən mövzulardan danışdı. Dilçinin fikrincə, indiyə kimi bu adla bir neçə kitab yazılsa da, onların çoxu ilkin qaynaqlara əsaslanmayıb, daha çox rus dilçiliyinin təsiri ilə yazılıb: “Məqsədim dünya dilçilik ənənələrini Azərbaycana gətirmək, müəllim və tələbələri elmin yeni uğurları ilə tanış etmək, nəzəriyyə ilə təcrübəni bir-birilə bağlamaqdır”.
   Tədbirdə professor Qulu Məhərrəmli, dosent Cəmil Babayev, şair Zakir Fəxri və başqaları çıxış edərək kitab haqqında düşüncələrini söylədilər. Çıxışçılar professor F.Veysəllinin kitablarının təkcə elmi yox, həm də populyar dildə yazıldığını vurğuladılar. Bildirildi ki, “Dilçiliyə giriş” kitabı dilin və dilçiliyin yaranması, strukturu və sistemi, dilçiliyin şöbələri və başqa elmlərlə əlaqəsi məsələlərini, bu elmin obyekt və predmetini, onun tədqiqat metodlarını işıqlandırır, dilin daxili quruluşu, söz və cümlə semantikasını çağdaş nəzəriyyələr baxımından şərh edir.
   Qeyd edək ki, bu il F.Veysəllinin “Azərbaycan yazısının linqvistik əsasları” və “Fonologiyaya giriş” kitabları Almaniyada (rus və alman dillərində) çap olunub. 
   
   S.Qaliboğlu