Oktyabrın 27-də Azərbaycan Dövlət Teatr Muzeyində görkəmli teatr və kino aktyoru, Xalq artisti Ağasadıq Gəraybəylinin (1897-1988) anadan olmasının 120 illiyinə həsr edilmiş tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə görkəmli sənətkarın yaradıcılıq yolundan bəhs edən fotosərgiyə baxdılar.
Muzeyin direktoru Sevinc Mikayılova qonaqları salamlayaraq diqqətə çatdırdı ki, tədbir Prezident İlham Əliyevin Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncama uyğun olaraq təşkil edilib. S.Mikayılova korifey aktyorun həyat və yaradıcılığından bəhs etdi. Bildirdi ki, A.Gəraybəyli 1897-ci ildə Şamaxı şəhərində dünyaya göz açıb. Zəngin sənət ömrü yaşayıb, səhnədə və ekranda 100-dən artıq bir-birindən maraqlı obraz yaradıb.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev sənətkarın həm teatrda, həm də milli kinomuzun inkişafında mühüm xidmətləri olduğunu bildirdi. Qeyd etdi ki, Ağasadıq Gəraybəyli canlandırdığı maraqlı obrazlarla tamaşaçıların sevimlisinə çevrilib. O, 1933-cü ildən ömrünün sonuna kimi Akademik Dram Teatrında çalışıb. “Müfəttiş”, “Nişanlı qız”, “Əliqulu evlənir”, “Ölülər”, “Aydın”, “Fərhad və Şirin”, “Ovod” və digər səhnə əsərlərində bir-birindən fərqli rollarda çıxış edib.
Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə aktyorun kinoda fəaliyyətindən danışdı. Bildirdi ki, o, kinoya ilk dəfə 1924-cü ildə çəkilib. “Qız qalası” filmində həkim obrazını yaradıb. 1928-ci ildə “Hacı Qara” filmində Əsgər bəy, 1947-ci ildə “Fətəli xan” tarixi-bioqrafik filmində İran sərdarı rollarında çıxış edib. Aktyor “Bəxtiyar” filmindəki (1955) Ağabala obrazı ilə daha çox tanınıb. “O olmasın, bu olsun” kinokomediyasındakı (1956) Rüstəm bəy surəti isə ona xüsusi şöhrət qazandırıb. A.Gəraybəyli bundan əlavə “Qızmar günəş altında” filmində Sərdarov, “Leyli və Məcnun”da İbn Xalid, “Yaşamaq gözəldir, qardaşım”da Dayı, “Ulduzlar sönmür”də Jandarm, “Bizim küçənin oğlanları”nda Rüstəm kişi və s. filmlərdə yaddaqalan rollar oynayıb.
Tədbirdə daha sonra Xalq artisti Hacı İsmayılov, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov, teatrşünas, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə aktyorla bağlı xatirələrini bölüşdülər. Bildirildi ki, A.Gəraybəyli gənc aktyorlara qarşı çox tələbkar, həm də qayğıkeş bir sənətkar idi. O, yaradıcılığı və insani keyfiyyətləri ilə həmişəyaşar sənətkara çevrilib.
Sonra aktyorun ailəsi adından nəvəsi - Azərbaycan Dövlət Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək sənətkarın xatirəsinə göstərilən diqqətə görə ölkə başçısı İlham Əliyevə minnətdarlığını ifadə etdi, tədbirin təşkilində əməyi olan hər kəsə, bütün iştirakçılara təşəkkürünü bildirdi.
Savalan Fərəcov