Ölkə başçısının böyük şair və dramaturq Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında sərəncamına müvafiq olaraq Azərbaycan Turizm və Menecment Universiteti Tələbə gənclər təşkilatının təşəbbüsü ilə “Şərqin Şekspiri” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən universitetin rektoru İlham Mədətov diqqətə çatdırıb ki, milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan Hüseyn Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin əsasını qoyub.
Tədbirin qonağı - “Hədəf nəşrləri”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq görkəmli ədibin zəngin irsindən bəhs edib. Tədbir iştirakçılarına Hüseyn Cavidin “Hədəf nəşrləri”ndə işıq üzü görən kitabları hədiyyə edilib.