Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin qurulmasının 94-cü ildönümü münasibətilə Ankarada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Dərnəyi qadınlar təşkilatının təşəbbüsü ilə tədbir düzənləndi. Çay süfrəsi arxasında baş tutan tədbirə ziyalılar, ictimaiyyət nümayəndələri qatılmışdı. Azərbaycan Mədəniyyət Dərnəyi qadınlar təşkilatının rəhbəri Nəsrin Ünal tədbirə gələn qonaqları salamlayaraq 29 oktyabr gününün əhəmiyyətindən danışdı: “1923-cü ilin 29 oktyabrı hürriyyətimiz, istiqbalımız, istiqlalımız olan cümhuriyyətimizin qurulduğu gündür və bu münasibətlə təşrif buyuran bütün qonaqları təbrik edirəm”. O, tədbirdə Türkiyənin başqa şəhərlərindən gələn qonaqların, ziyalıların olduğunu da diqqətə çatdırdı.
Dərnək rəhbəri Cümhuriyyətin qadınlar üçün önəmini bu sözlərlə ifadə etdi: “Xüsusilə də, biz qadınlar üçün dünyəvi bir dövlətin təminatı altında yaşamaq Cümhuriyyətimiz sayəsindədir. Biz bu irsə hər kəsdən çox sahib çıxmağa borcluyuq və gələcək nəsillərə onu Mustafa Kamal Atatürkün bizlərə əmanət etdiyi kimi ötürməliyik”.
Türkiyə Cümhuriyyətinin qurulma tarixi, istiqlal mücadiləsi barədə danışan dərnək rəhbəri, bu yolda mübarizə aparan insanların adlarını vurğuladı, onların xatirəsini ehtiramla yad etdi.
Çıxışdan sonra tədbirin bədii hissəsi başlandı. Mərasimdə sənətçilər Esin Talınlı, Şenol Talınlı, Arzu Qurbaninin ifasında Azərbaycan mahnıları səsləndirildi. İfaları dərnəyin orkestri müşayiət edirdi. Arzu Qurbaninin ifasında “Qarabağ şikəstəsi” alqışlarla qarşılandı. Azərbaycan Mədəniyyət Dərnəyinin nəzdində fəaliyyət göstərən rəqs ansamblının üzvləri milli geyimlərdə müxtəlif rəqslərimizi nümayiş etdirdilər. Dərnək üzvü olan qadınların Azərbaycan rəqsləri ifa etməsi, eləcə də iştirakçıların birlikdə “Yallı” getməsi mərasimin xüsusilə yaddaqalan məqamlarından oldu.
Mehparə Sultanova
Ankara