Türkiyə Milli Kitabxanasında Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş konfrans və kitab sərgisi
Noyabrın 2-də Ankarada Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, iki ölkənin milli kitabxanaları və Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un təşəbbüsü ilə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş konfrans və kitab sərgisi keçirildi.
Türkiyə Milli Kitabxanasının ev sahibliyi etdiyi tədbir TÜRKSOY tərəfindən elan olunan “Molla Pənah Vaqif ili” çərçivəsində təşkil edilmişdi.
Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, ədəbiyyat, mədəniyyət, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Öncə Molla Pənah Vaqifin əsərləri, haqqında yazılmış kitablardan ibarət sərginin açılış mərasimi oldu. İştirakçılar Azərbaycan Milli Kitabxanasının fondundan təqdim edilmiş nəşrlərlə tanış oldular.
Sonra çıxışlar başlandı. Əvvəlcə Türkiyə mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman çıxış edərək iki qardaş dövlət arasında mədəni əlaqələrin günü-gündən daha da genişləndiyini diqqətə çatdırdı. O, Molla Pənah Vaqifin həyat və yaradıcılığından bəhs etdi, şairin eyni zamanda dövrünün görkəmli dövlət xadimi olduğunu vurğuladı.
Sonra çıxış edən Yalçın Topçu tədbir iştirakçılarını Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın adından salamladı. TÜRKSOY-un həyata keçirdiyi layihələri təqdir etdiyini bildirən baş müşavir Vaqiflə bağlı maraqlı bənzətmə də dilə gətirdi. Bildirdi ki, Molla Pənah Vaqif Anadoludakı Qaracaoğlana bənzəyir: “Onlar bir millətin əkiz qardaşlarıdır”. O, çıxışında bu günlərdə açılışı keçirilən Bakı-Tiflis-Qars dəmir yolundan da söz açaraq layihənin gerçəkləşməsini türk dünyasının uğuru kimi dəyərləndirdi. Yalçın Topçu öz çıxışını ümidverici cümlələrlə başa vurdu: “Şair Vaqif BMT-nin gözü önündə işğal edilmiş Şuşada uyuyur. İnanırıq ki, tezliklə türk dünyasının şeir dünyası Vaqifi öz məzarı başında anacaq. Bir gün bu işğal sona yetəcək”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev böyük Azərbaycan şairinin 300 illiyinin qardaş ölkənin paytaxtında qeyd olunmasının əhəmiyyətini vurğuladı, tədbirin Yunus Əmrənin adını daşıyan salonda keçirilməsinin xüsusi məna kəsb etdiyini dedi: “Azərbaycanda da Türkiyə ədib və şairlərinin adları hörmətlə anılır. Mədəni əlaqələrimiz günü-gündən inkişaf edir. Nəticədə bizim sənət dünyamız daha da zənginləşir. Əlbəttə, bu əlaqələrin yaxınlaşmasında TÜRKSOY-un rolu böyükdür. Bu qurumun layihələri işbirliyinin genişlənməsinə böyük zəmindir. Bu tədbir Ankarada tamamlanmır. İki gün sonra İstanbulda keçiriləcək beynəlxalq kitab sərgisində də Molla Pənah Vaqif yad ediləcək”.
Nazir Vaqifin həyat və yaradıcılığından söz açdı: “Vaqiflə bağlı belə bir ifadə də var: hər oxuyan Molla Pənah olmaz. Yəni Vaqif söz sənətində hələ o vaxt bir meyar kimi qəbul olunurdu. Sonra şair Qarabağ xanının sarayına dəvət olundu, baş vəzir vəzifəsinə qədər yüksəldi. Vaqifin Azərbaycan-türk dilində yazdığı şeirlər yeni ədəbiyyatımızda lirik istiqamət formalaşdırdı, Azərbaycan ədəbiyyatı tarixində böyük iz qoydu. Onun yaşadığı dövr asan deyildi və o, çəkişmələrin qurbanı oldu. Əsərlərinin də çoxu məhv edildi”.
Ə.Qarayev qeyd etdi ki, Vaqifin uyuduğu torpaq bu gün ermənilərin işğalı altındadır, amma biz gələcəyə nikbin baxırıq, bütün təlatümlərə baxmayaraq, öz keçmişimizlə qürur duyuruq: “Bizim böyüklüyümüz ondadır ki, xalqımız tərəfindən mədəniyyət yaradılıb və bu mədəniyyət bizim ortaq mirasımızdır. Gün o gün olsun ki, belə mədəni tədbirləri Vaqifin uyuduğu torpaqda qeyd edək”.
Sonra Vaqifin həyat və yaradıcılığından bəhs edən film göstərildi.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov da öz çıxışında TÜRKSOY-un layihələrini təqdir etdiyini dedi və bildirdi ki, qurum mədəni irsimizlə bağlı böyük işlər görür: “İlboyu Azərbaycan şairi Molla Pənah Vaqifə həsr edilən tədbirlər də bu qəbildəndir. Vaqif xalq dilində yazıb. Böyük şair olub. Amma təəssüf ki, əsərlərinin bir qismi məhv edilib”.
Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxışında 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Vaqifin Şuşadakı məzarı üzərində böyük məqbərənin tikildiyini, hər il Şuşada Vaqif poeziya günləri keçirildiyini yada saldı.
Digər çıxış edənlər Vaqifin yaradıcılığı, poeziyasının özəlliklərindən söz açdılar. Şairin şeirlərinin bir çox dillərə çevrildiyi, o cümlədən bu il TÜRKSOY-un layihəsi üzrə Vaqifin şeirlərinin xarici dillərə tərcümələrindən ibarət toplunun (tərtibçi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı) nəşr olunduğu diqqətə çatdırıldı.
Tədbirin bədii hissəsində musiqinin müşayiəti ilə Vaqifin şeirləri səsləndirildi.
Sonda TÜRKSOY baş katibinin müavini Fırat Purtaş nazir Əbülfəs Qarayevə VƏ Türkiyə mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yaymana xatirə hədiyyələri təqdim etdi.
Mehparə Sultanova
Ankara