Noyabrın 2-də Azərbaycan Milli İncəsənət Muzeyi və Qazaxıstanın Təsviri Sənət Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və Qazaxıstanın Təsviri Sənət Muzeyinin direktoru Aynabek Ospanov imzalayıblar.
Ç.Fərzəliyev qonaqları salamlayaraq ölkələrimizin muzeyləri arasında əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edib. Qeyd olunub ki, imzalanan müqavilə mədəniyyət müəssisələrinin əməkdaşlığının daha da inkişaf etdirilməsi məqsədi daşıyır.
Qazaxıstanın Təsviri Sənət Muzeyinin direktoru Aynabek Ospanov da sazişin bundan sonrakı əlaqələrin genişlənməsinə, təcrübə mübadiləsinə öz layiqli töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Müqavilə elmi tədqiqat və bərpa-konservasiya işinin aparılması, muzey işçilərinin təcrübə mübadiləsi sahəsində əməkdaşlıq, birgə sərgilərin təşkili kimi məsələləri ehtiva edir. Eyni zamanda sənəd Azərbaycanda Qazaxıstan mədəniyyətinin, Qazaxıstanda isə Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edəcək.
İmzalanma mərasimində Qazaxıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak edib.