Yubiley
Keçən əsrin 70-ci illəri milli kinomuzun intibah dövrü idi. Kino işçilərinin yaşlı nəsli gənclərlə çiyin-çiyinə verib yeni-yeni əsərlər yaradır, Azərbaycan kinosunu inkişaf etdirirdilər. Kinostudiyada “O qızı tapın”, “Yeddi oğul istərəm”, “İstintaq”, “Gün keçdi”, “Axırıncı aşırım”, “Alma almaya bənzər”, “Nəsimi”, “Dədə Qorqud” və s. bədii filmlər çəkilirdi. Bu gün ustad sənətkar kimi tanınan, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Avropa Kino Akademiyasının üzvü, kinooperator Kənan Məmmədov kinostudiyaya işləməyə gələndə burada A.Nərimanbəyov, T.Axundov, R.Ocaqov, R.İsmayılov, Z.Məhərrəmov, R.Qəmbərov, B.Kərimov kimi müxtəlif nəsildən olan və özünəməxsus dəst-xəttə malik kinooperatorlar çalışırdılar.
Görkəmli rus kinorejissoru Q.Kozintsev kinotexnikanın kinematoqrafla bağlılığını belə qiymətləndirmişdir: “Kinematoqrafiya təəccüb ediləcək sürətlə öz hüdudlarını dəyişir. Bütün bunlara yalnız sevinmək olar. Lakin texnika, hətta ən mükəmməli sənətə çevrilmir. Ekranda mübarizə gedir: texnika qalib gəlir, lakin texnika üzərində də qələbə çalınır. Başqa şəkildə bunu belə demək olar: texnikanı ruhlandırırlar. Yalnız bu zaman “canlı fotoqrafiya”nın əvəzinə kino sənəti meydana çıxır”.
Bəli, məhz Kənan Məmmədov kimi peşəkarlar, sənətini sevənlər öz işləri ilə texnikanı ruhlandırır, “canlı fotoqrafiya” əvəzinə kino sənəti yaradırlar.
Operator Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirdiyi ili belə xatırlayır: “1976-cı il iyulun 13-də mən bu institutla bağlı ikinci dəfə həyatımın ən xoşbəxt anlarını yaşadım. Birinci dəfə belə bir xoşbəxtliyə Ali Kinematoqrafiya İnstitutuna qəbul zamanı nail olmuşdum. İkinci xoş xəbər mənə sanki uçmaq üçün qol-qanad verdi: mənim “əla” qiymət aldığım diplom işimdən əlavə surət çıxarıldı və nümayiş etdirilmək üçün Daşkənddə keçirilən Beynəlxalq Kinofestivala göndərildi...”
Düz bir həftədən sonra institutun rektoru V.Jdan Kənan Məmmədovu yanına çağırır, onu diplom işindən əla qiymət aldığına görə təbrik edərək deyir: “Biz sizə yaxşı iş təklif edirik. “Belorusfilm” və “Moldovafilm” kinostudiyalarından sifarişlər gəlib, sizin yolunuzu gözləyirlər. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından da tələbnamə almışıq ki, kinooperatorluq fakültəsini bitirən tələbəni göndərin Azərbaycana. İndi seçim sizindir”.
Kənan Məmmədov ona göstərilən diqqət və qayğıya görə təşəkkür edərək Bakıya qayıtmaq, “Azərbaycanfilm” kinostudiyasında işləmək istədiyini bildirir.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası öz qapılarını gənc kinooperator K.Məmmədovun üzünə taybatay açdı. Kənan sanki sehrli bir aləmə düşmüşdü. Baxmayaraq ki, o, artıq bu kino şəhərciyində bir dəfə təcrübədə olmuş, filmin çəkilişində iştirak etmişdi.
Kənan kinostudiyada “Ad günü” televiziya bədii filmində II operator işləyir. “Ovçu, vurma məni” sənədli filmi (1977) onun kinoda ilk müstəqil işi olur.
O, milli kinomuzun görkəmli sənətkarı, tanınmış kinorejissor R.Ocaqovla dörd bədii film - “Özgə ömür”, “Qətldən yeddi gün sonra”, “Təhminə” və “Otel otağı” kinolentlərini çəkmişdir. Ümumiyyətlə, K.Məmmədov 40-dan artıq bədii və sənədli filmin quruluşçu operatoru olmuşdur. Onların arasında el qəhrəmanı Qaçaq Nəbinin həyatından bəhs edən “Atları yəhərləyin” (rej. Ə.Mahmudov, H.Turabov), Azərbaycanın ilk fantastik filmi olan “Əlaqə” (rej. C.Zeynallı), Qarabağ müharibəsi barədə ən dəyərli film - “Fəryad” (rej. C.Mirzəyev), yaxın tarixi keçmişi əks etdirən “Qızıl uçurum” (rej. F.Əliyev), “Ovsunçu” (rej. O.Mir-Qasım), “Qara gölün cəngavərləri” (rej. Ə.Əbluc), cəmiyyətimizin mənəvi həyatı ilə bağlı aktual problemlərə toxunan “Köhnə bərə” (rej. E.Qasımov), “Xüsusi vəziyyət” (rej. T.İsmayılov), “Kölgədə 40 dərəcə isti” (rej. L.Səfərova), “Odla qol-boyun” (rej. M.Səlimov), “Məhkumlar” (rej. M.Ələkbərzadə) və s. filmlər var.
Bədii filmlərlə yanaşı, “Yay günləri”, “Qara Qarayev-60”, “İnsanlar, təkərlər, atlar”, “Ürək yaddaşı” və s. sənədli filmləri, “Nəğməkar torpaq” film-konsertini çəkir.
Bir dəfə onunla müsahibə apararkən soruşdum: “Bu qədər film çəkmisən, çəkiliş vaxtı heç gözlənilməz hadisələrlə qarşılaşmısanmı?” O, gülə-gülə cavab verdi: “O qədər hadisələr başıma gəlib ki...” Sonra “Nəğməkar torpağ”ın çəkilişi ilə bağlı maraqlı bir əhvalat danışdı.
Bu, film-konsert olsa da təsvir baxımından çəkilişlər heç də asanlıqla başa gəlmirdi. Operator demək olar ki, 16 saat vertolyotla səmada uçmuş, Azərbaycanın bir çox şəhər və qəsəbələrini səmadan lentə almışdır. Burada çox gözəl kadrlar vardır. O kadrları musiqi nömrələri müşayiət edir. Kənan “Qarabağ bülbülləri”ni 1980-ci ildə fonoqram altında Əsgəranda çəkmişdir.
Bundan sonra o, Göygöldə çəkilişlər aparmalı idi. Kənan, onun köməkçisi və filmin direktoru Tələt Rəhmanov Zabrat aerodromuna gələrkən artıq pilotlar onları gözləyirdi. Vertolyot yaradıcı qrupu götürüb qədim Gəncə şəhəri istiqamətində yol aldı. Səmadan yer necə də gözəl görünürdü. Çəkiliş üçün çox əlverişli gün idi. Vertolyot Gəncədən keçib, indiki Göygöl rayonuna daxil oldu. Buradan da uçub Hacıkəndə çatanda hava birdən-birə dəyişdi. Elə bil kimsə bu ərazidə günəşin qabağını tutmuş havanı bıçaqla tən yarıdan iki yerə bölmüşdü; günəşli, sakit hava olan hissə və yağışlı, qalın dumanlı hissə. İki hissənin arasında qalmış vertolyot. Bu vaxt möcüzə baş verdi. Elə bil Göygöl tərəfdən səmanın qapısı açıldı, vertolyot ehtiyatla dumanlıqdan bir qədər də yuxarı qalxdı. Vertolyotun qapısı açıq idi. Operator Kənan Məmmədov kəmərlə maşına bağlanmışdı. Hər ehtimala qarşı bütün ehtiyat tədbirləri görülmüşdü. Kənan heç bir şeyə məhəl qoymadan açıq qapıdan çəkilişlərini davam etdirirdi.
Vertolyot Kəpəz dağına tərəf uçurdu. Dumanlığa girəndə vertolyotun mühərrikinin səsi dəyişdi. Mühərrik çox ürəksıxıcı səslə başladı işləməyə. Yağış da bir tərəfdən maşının açıq qapısından içəri vururdu. Bu vəziyyəti görən Tələt Rəhmanov həyəcanlı səslə Kənana baxıb dedi: “Qədeş, sən burda, bu şəraitdə heç bir iş görə bilməyəcəksən, çəkiliş apara bilməyəcəksən. Özün görürsən ki, çəkmək üçün heç bir imkan yoxdur burda. Mən ölüm, gəl qayıdaq, sağ-salamat gedək balalarımızın yanına”.
Kinooperatorun sifətində isə filmin direktorundan fərqli olaraq nə həyəcan var idi, nə də qorxu hissi. O, Tələti sakitləşdirməyə çalışaraq: “Sən nə danışırsan, Tələt müəllim. Biz o boyda yolu basa-basa gəlib, indi də istəyirsən əliboş qayıdaq geri? Özü də vertolyotu hər dəfə götürmək olmur, axı” - dedi və onu sakitləşdirməyə çalışdı: “Sakit ol, elə bir şey yoxdur. Çəkilişləri aparandan sonra sağ-salamat qayıdacağıq geri...”
Vertolyot bir qədər də irəli getdi. Komandir vertolyotu çox gözəl idarə edirdi. Amma Göygöl görünmürdü ki, görünmürdü. Elə bil yoxa çıxmışdı. Kənan vertolyotun sağa-sola çox hərləndiyini görüb keçdi kabinəyə. Buludlardan başqa heç nə görünmürdü. Birdən yenidən möcüzə baş verdi. Buludlar aralandı, aşağıda yaşıl meşələrin əhatəsində olan göl göründü. Göygölü çəkmək üçün vertolyot aşağı enməli idi. Çünki buludlardan yuxarıda yalnız məğrur Kəpəzin başı qarlı zirvəsi görünürdü. 1-ci pilot dedi ki, mən vertolyotu atacağam aşağı, siz maşından möhkəm yapışın, çünki narahatlıq ola bilər.
Filmin direktoru yenə də təlaş içərisində titrək səslə dedi: “Qədeş, sən Allah bizi xataya salma, nə qədər gec deyil, gəl qayıdaq”. Kənan bu dəfə direktorun fikri ilə razılaşıb dedi: “Qayıdaq deyirsən, qayıdaq də”.
Kənan elə bunu demişdi ki, vertolyot iri daş parçası kimi sürətlə keçdi buludların arasına. Az qaldı ki, buradakıların ürəyi çıxsın yerindən. Belə vaxtda özündə istər-istəməz bir ağırlıq hiss edirsən, qorxu hissi keçirirsən. Qorxu hissi insanın beynində nədənsə pis fikirlər oyadır. Yenidən Tələtin boğuq səsi eşidildi: “Qədeş...” Kənanın başı işə elə qarışmışdı ki, onun nə dediyini artıq eşitmirdi.
Vertolyot xeyli aşağı endi, Göygöl ətrafında bir-iki dövrə vurdu. Kənan da nəhayət ki, çox maraqlı kadrlar çəkdi. Hacıkəndi keçəndə elə bil nə bulud varmış, nə də leysan yağış. Günəşin ilıq şüaları əvvəlki kimi ətrafa səpələnmişdi. Vertolyotda olanlar belə möcüzə görməmişdilər. Bu möcüzə “Nəğməkar torpaq”la bağlı idi...
Qəribə də olsa Kənan istər bədii, istərsə də sənədli filmlər üzərində işləyərkən çox vaxt çəkilişləri macərasız ötüşmürdü. Çəkilişlərin yaxşı alınması üçün bu macəraları o özü axtarıb tapırdı.
Kənan 2003-cü ildən 2005-ci ilin sonuna kimi Səngəçal terminalından Qazax bölgəsinə, Bakı-Tbilisi-Ceyhan kəmərinin Gürcüstana keçən hissəsinə qədər məsafəni tək, heç bir kömək olmadan lentə almışdır. İlk baxışda asan görünsə də, əslində olduqca ağır iş idi. Bədii kinoda işləyəndə II operator, assistent operatorlar, kamera üzrə mexanik, işıqçılar K.Məmmədovun ətrafında olurdular. Burada isə elə şey yox idi. Kənan burada kəmər xəttini lentə alarkən həm kinooperator, həm assistent, həm səsyazan, həm də işıqçı idi.
Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkilib qurtarmamış Azəri-Çıraq-Günəşli layihəsini həyata keçirməyə başladılar. Kənan bu kəmərin də çəkilməsini lentə aldı. Bu çəkiliş 2008-ci ildə başa çatdı. Bundan sonra “Şahdəniz” layihəsində, Bakı-Ərzurum qaz kəmərinin tikintisinin lentə alınmasında iştirak etmiş və bu kinoepopeyanı çəkib qurtarmışdır.
Oktyabrın 9-da 65 yaşı tamam olan gözəl sənətkarımız Kənan Məmmədovun filmlərinə baxarkən belə bir fikirlə razılaşmalı oluruq: kinooperatorun zəhməti, onun çətin işi son nəticədə ekranda görünür. Tamaşaçı filmə operatorun gözü ilə baxır və əsərə qiymət verir. Bu çox böyük məsuliyyətdir. Kənan Məmmədov bir kinooperator kimi bu məsuliyyəti dərindən dərk edən sənətkarlarımızdandır.
Azərbaycan kinosunun inkişafı naminə Kənan müəllimə möhkəm cansağlığı və yaradıcılığında daha böyük nailiyyətlər arzu edirik.
Aydın Kazımzadə,
Əməkdar incəsənət xadimi