Mingəçevir Dövlət Dram Teatrında Pərvinin başqırd dramaturqu Farid Bulyakovun eyniadlı pyesindən bəhrələnərək qələmə aldığı “Nənələr ərə gedir” lirik-dramatik komediyasının ilk tamaşası olub. Əsərə Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov quruluş verib.
Tamaşa dörd fərqli taleli qadının həyat, insanlıq, sevgi haqqında düşüncələrini əks etdirir. Bu qadınların arasına düşmüş Əjdər isə onlara təsəlli olmağa çalışır. Amma Əjdər kimlə qalacaq, kimə qismət olacaq? Bu sualların cavabı sonda açılır.
Səhnə əsəri böyük maraq doğurub. Premyeradan sonra quruluşçu rejissor Bəhram Osmanov, gənc dramaturq Pərvin səhnə əsərini rəğbətlə qarşıladığına görə tamaşaçılara təşəkkürlərini bildiriblər.
Tamaşanın quruluşçu rəssamı Kəmalə Əsgərova, musiqi tərtibatçısı Elnur Rəsulovdur. Rolları teatrın aparıcı aktyorları - əməkdar artistlər Ella Yaqubova və Şıxı Yaqubov, habelə Afət Əliyeva, Ruhəngiz Abdullayeva, Elmira İbrahimova, Aytən Allahverdiyeva canlandırıblar.