Edqar Allan Po - bir zamanlar yetərincə məşhur olub, çağdaş dövrümüzdə nədənsə az oxunan bu yazıçının teatr səhnəsində görünməsi öz-özlüyündə maraq doğuran bir sənət hadisəsidir. Və bu hadisənin A.P.Çexov adına Moskva Bədaye Teatrının yaradıcı heyəti tərəfindən “törədilməsi” onun əhəmiyyətini, eləcə də təsir dairəsini birə-beş artırır.
   Tamaşanın quruluşçu rejissoru Y.Qrişkovetsin onu “Po üzrə” (yaxud Po əsasında oyun) adlandırması, istər-istəməz bir vaxtlar Strindberqin “Ölüm rəqsi” əsərinin təsirilə F.Dürrenmattın yazdığı, “Strindberqi oynayırıq” adı ilə təqdimatının analoji təəssüratını yaratsa da, əslində burada mətləb xeyli dərəcədə fərqlidir.
   Bu məqamda bir məsələni də qeyd edək ki, A.P.Çexov adına Moskva Bədaye Teatrının aktyoru kimi müxtəlif rollar ifaçısı kimi tanınan Yevgeni Qrişkovets az müddət içərisində dramaturji fəaliyyəti ilə diqqət çəkməyə başladı. Və sanki aktyor və dramaturq qismindəki uğurlarından ruhlanan Y.Qrişkovets son vaxtlarda öz pyeslərinin uğurlu səhnə quruluşu ilə özünün rejissor istedadını ortaya qoydu. Odur ki, onun “Po üzrə” pyesinə (əslində bu, klassik mənada dramaturji əsər xüsusiyyətlərinə uyğun deyil) müəllif olmaqdan əlavə quruluş verməsi kimsəyə yeni və təəccüblü görünmür. 
   Y.Qrişkovetsin quruluşunda təqdim edilən tamaşa adından bəlli olduğu kimi, Edqar Allan Ponun ayrı-ayrı hekayələri əsasında səhnə improvizasiyası təsiri bağışlayır. Həmin tamaşa, biri Y.Qrişkovetsinin özü, digəri Moskva Bədaye Teatrının məktəb-studiyasının rektoru İqor Zolotovitski olmaqla, iki ifaçı tərəfindən oynanılır.
   Yuxarıda qeyd etdiyimiz kimi, tamaşanın ədəbi materialı dramaturji əsər deyil, səhnə oyununa və aktyor özünüifadəsinə uyğunlaşdırılmış nəsr nümunəsidir. Əlavə edək ki, tamaşanın müəllifi və ifaçılardan biri olaraq Y.Qrişkovets bunun dramaturji qanunlara riayətlə təqdim edilən əsər kimi qəbulunu heç lazım da bilmir. Və bəlkə elə bu səbəbdəndir ki, həmin tamaşada ənənəvi dramaturgiyada axtardığımız vahid süjet, tərəfləri qarşılaşdıran konflikt, hadisələr xətti və s. yoxdur. Əgər belədirsə, onda bu tamaşada nə var? Əsas olan hər şey. Başlıcası, oxunan rejissor niyyəti, ali məqsəd, teatr sənətini mənalı və cazibədar edən bir çox digər estetik xüsusiyyətlər “Po üzrə” tamaşasının sənət dəyərini müəyyən edir.
   Cəmi iki ifaçı bir saat qırx dəqiqə ərzində Edqar Ponun qorxulu hekayələrinin nəqlini səhnə vasitələri ilə oyun materialına çevirib, ilk baxışda sadə təqdimatla tamaşaçını maraq “tələsinə” salmağı bacarır. 
   Minimalizmə iddialı (az qala adətən ilk məşq prosesində istifadə edilən) məkan tərtibatı və ayrı-ayrı məqamlarda istifadə edilən aksentlər (buna musiqi demək olmaz) aktyor oyununun tam qabarıq görünməsini şərtləndirir. 
   Səhnədə görünən aktyorlar ilk dəqiqədən tamaşanın sonuna qədər onu tərk etmir, biri digərini əvəz edən qorxunc əhvalatları bəzən monoloq, bəzən də əhvalatın birindən o birinə keçid üçün dialoq şəklində təqdim edir və bu zaman, qəribə görünsə də, söylənən həmin qorxunc hadisələr adiləşib məişət məzmunlu söhbət təsiri bağışlayır. Maraqlıdır ki, müəllif mətninin fikir basqısının az-çox təsiri olsa da, Moskva Bədaye Teatrının yaradıcılıq ənənəsi sayılan və A.P.Çexov teatrının psixoloji təbiətindən qaynaqlanan bədii ifaçılıq mədəniyyəti burada özünü bariz göstərir. Belə ki, Y.Qrişkovets (səhnələşdirən və quruluşçu rejissor kimi) tamaşanın müəllifi olaraq Edqar Ponun qorxulu hekayələrini qara yumor estetikasında təqdim etməklə, təkcə söylənən olayları deyil, mövcud mühitin və insan münasibətlərinin xaotik ovqatını çatdırır. Və həmin ovqatda A.P.Çexov, N.V.Qoqol, hətta M.Bulqakov dünyasının işartılarını görmək mümkündür. Burada Çexovun həzin amma işıqlı kədəri, Qoqolun qorxunc, bəzən isə fantasmaqorik aləmi, Bulqakovun bir gözündə hiperbolik fikir sayrışmaları, o biri gözündə isə sərt reallıqlar olan fəlsəfə tərəzisi ideya-estetik ədviyyat kimi təqdim edilən performansa ustalıqla hopdurulmuşdur. 
   Tamaşaçılarla qarşı-qarşıya dayanıb “indi və burada” sadəcə əhvalat danışmağı vəd edən bu iki aktyor əslində sənin, mənim, bütövlükdə bizlərin bəzən əhəmiyyət vermədiyimiz, bəzən isə baş çıxara bilmədiyimiz mətləblərdən, niyyət və əməllərin qorxunc mənasızlığından bəhs edirlər. Onların oyunu tamaşaçı diqqətini nəticə etibarilə bir zamanlar baş vermiş (bəlkə də uydurulmuş) əhvalatların qorxulu müəmmasına cəlb etmək kimi sadə məqsədə yox, həmin əhvalatdakı iştirakçıların düşüncələrinin bu günümüzün insanlarındakı bənzərliyini xatırlatmaqdır. Burada az qala hər kəsin pislədiyi yaltaqlıq, riyakarlıq, tamahkarlıq və s. xüsusiyyətlərin çoxlarının təbiətində parazit kimi mövcudluğuna işarə edilir və bu “satir-aqit” üslubunda verilmir, sadəcə xatırladılır.
   “Po üzrə” tamaşasının oyun həllində Y.Qrişkovets estetik şərt olaraq mətni əməlin içində əridir. Psixologizmə söykənən ifa prinsipi sadə və anlaşıqlıdır. İfaçıların fərqli fiziki proporsiyaları təsadüfi olsa da, bunun özü onların tamaşaçı tərəfindən qavrayışının dadını artırır. İstər Y.Qrişkovetskin, istərsə də İ.Zolotovitskinin tərəf-müqabil olaraq kübar səhnə ünsiyyəti, ifa üslublarındakı örtülü istehzaları “hissiyatın həqiqətəbənzərliyi” (K.S.Stanislavski) ilə mənalı və təsirlidir.
   Tamaşanın bir yerində aktyor İ.Zolotovitski valideynlərini itirmiş varlı əmisi tərəfindən himayəyə götürülən və naz-nemət içərisində yaşayan bir gəncin həmin əmisini öldürmək niyyəti haqqında əhvalat söyləyir. O gəncin məsum niyyəti və qətl cəhdləri aktyor tərəfindən (müəllif Edqar Podan fərqli olaraq) istehzalı təbəssümlə, bəzən az qala həmin gəncə bəraətlə çatdırılır və bu zaman sanki tamaşaçıya fiziki yox, elə mənəvi qətl niyyətinin də necə iyrənc olduğu həqiqətini təlqin edir. 
   Həmin əhvalatın söyləndiyi məqamlarda tərəf-müqabili (Y.Qrişkovets) onun sözünü kəsib, öz uşaqlıq xatirəsini yada salmağa cəhd etsə də, alınmır, çünki birinci əhvalatın təəssüratını sona qədər çatdırmaqda qərarlı olmaqla o, (İ.Zolotovitski) guya ən maraqlı hissəni söyləyəcəkmiş kimi təkid edir və bu zaman yaranan kiçik çəkişmə dinamik səhnə dialoqu deyil, sadəcə aktyorların bir mövzudan başqasına keçid bəhanəsidir. Yəni mövzu qalın bir meşənin dərinliklərinin daha qaranlıq və qorxulu olacağı ehtimalı kimi həqiqətəbənzər olmaqla səhnə oyunu baxımdan hər hansı təhlükə yox, maraq hissi oyadır. Və ifaçı aktyorlar həmin tamaşaçı ümidini doğrultmaq üçün öz “ev hazırlıqlarını” böyük ustalıqla təqdim edirlər.
   Maraqlıdır ki, başlanğıcdan hekayəçi qismində səhnə oyununa başlayan aktyorlar estetik niyyətlərindəki teatral şifri açmağa tələsmir, tamaşaçıları söz təsviri ilə bir qədər Ponun detektiv dolanbacına salırlar. Bu zaman biri o birindən əcaib və amansız situasiyalara sanki məhkəmə iştirakçıları kimi cəlb edilən tamaşaçılar gah bu, gah başqa mövqelərin əməl məntiqi ilə qarşı-qarşıya qalırlar. Niyyətlərin və əməllərin absurd mahiyyəti aktyor oyunu sayəsində tamaşaçıları mənəvi-psixoloji çəkisizlik vəziyyətində saxlayır. Belə ki, tamaşaçının səhnədə baş verənlərə (daha doğrusu, söylənən hekayələrin doğurduğu ovqata) reaksiyası adəti həmrəyliyə yox, fərdiləşməyə tərəddüdlə aparır. Nə üçün? Yəni tamaşanın müəllifi bunu istəyib? Bu suallara birmənalı və qəti cavab vermək mümkün deyil. Amma bunu ehtimal etmək olar ki, “Po üzrə” tamaşasından aldığımız təəssüratda çağdaş dövrün dünya səhnələrinin fəal problematikası ilə müəyyən ideya-estetik və dünyagörüşü səsləşməsi faktı aşkardır. Belə ki, müşahidələrdən əldə etdiyimiz qənaətlərə görə, “insan və həyati dəyərlərin” devalvasiyası haqqında həyəcan təbili çalan Avropa teatr xadimləri o cümlədən fəaliyyətdə olan postdramatik teatrla bağlı aparılan tədqiqatların müəllifləri şərin estetikləşdirilməsini aktuallaşdıran performanslara diqqət yönəltməyi vacib sayır. Yeni dünya düzəninə humanitar reaksiya kimi dəyərləndirilən mədəniyyət faktlarının nüfuz dairəsi getdikcə artmaqdadır. Odur ki, həmin təsirlərin sözügedən tamaşanın ali məqsədinin nüvəsini təşkil etməsi tamamilə təbiidir.
   Tamaşanın müəllifi onun, istər mətn adaptasiyasında, istərsə də səhnə yozumunda, özünün dediyi kimi, “oynaq, şən və paradoksal” bir səhnə işini nəzərdə tutsa da, burada şənlik əlaməti görünmür. Paradoksallığa gəlincə, bu, tamaşanın ovqatı, həmçinin oyun şərti kimi başlıca mövqedədir. 
   Teatral tamaşaçının düşüncəsində dolaşan suallardan biri də güman ki, “Niyə məhz Edqar Po? Tamaşada rejissor fikrinin bədii ifadə vasitəsi kimi başqa bir müəllif seçilə bilməzdi?” şəklində səslənir və qeyd-şərtsiz cavabı axtarılır. Bu suallara cavab verməyə nə var ki. Teatr Po yaradıcılığında bədii səhnə özünüifadəsinə konkret imkanlar tapır və həmin fürsətdən maksimal yararlanır. Burada insan xisləti barədə İncil həqiqətlərinin səhnədən sadəcə səsləndirilməsi yox, bəşəri dəyərlərin qorunmasının fövqəladə vacibliyi kilsə zəngləri ahəngində çatdırılır. Teatr öz müasirinə suallar ünvanlayır: Adəm zamanından bu yana çoxmu dəyişmişik? Nə üçün yaşayırıq? Yaxınlarını sevirsənmi? Yaşayıb zərər verməməyi bacarırsanmı? Bəli, teatr bir vaxtlar olduğu kimi məsələ qaldırıb, onu həll etməyə cəhd etmir. O, həyat və həqiqət haqqında (bəlkə də çoxlarına bəlli olan) həqiqətləri xatırladır və tamaşaçıları qarşısında suallar qoyur. Və hər kəs həmin suallara fərdi cavabları üzərində düşünməli olur. 
   Y.Qrişkovets hiyləgər uzaqgörənliklə tamaşanı Edqar Ponun qorxunc mağarasının vahiməsindən çıxarıb, onu günəş (səhnə işıqları) şüaları altına salır, qorxunc dramatizmi gerçəkliyin ironiyasına hədəf etməyi bacarır. Və bu, iki aktyorun, iki bir-birini baxışlarından anlayan yaradıcı professionalın məharətli oyunu sayəsində mümkün olur. Həmin səhnə məqamlarında bir zamanlar K.S.Stanislavskinin söylədiyi estetik fenomenə şahid oluruq. Yəni iki aktyor səhnəyə çıxıb, bir kiçik xalı üzərində səmimi oyun göstərirlər və nəticədə teatr adlanan möcüzə baş verir.

 

 İsrafil İsrafilov
   filologiya üzrə fəlsəfə doktoru,
   sənətşünaslıq üzrə elmlər doktoru, professor