AMEA Rəyasət Heyətinin iclasında “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin yeni, 7-ci nəşri hazırlanması barədə qərar qəbul edilib. Bununla bağlı AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi altında komissiyasının yaradılması və komissiyanın tərkibinə Təhsil, Mədəniyyət və Turizm nazirlikləri, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, Mətbuat Şurası, Terminologiya Komissiyasının nümayəndələrinin daxil edilməsi təklif edilib.
Akademiyanın Nəsimi adına Dilçilik İnstitutuna 1 ay müddətində aidiyyəti qurumlarla birgə orfoqrafiya lüğətinin qayda-prinsiplərini hazırlayıb müzakirəyə təqdim etmək və 2018-ci ilin may ayına kimi yeni lüğətin hazırlanmasını təmin etmək tapşırılıb.
Qeyd edək ki, orfoqrafiya lüğətinin 2013-cü ildə çapdan çıxan 6-cı nəşri ciddi iradlar doğurub və əsaslı şəkildə yenidən işlənilməsi qərara alınıb. Eyni zamanda Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü çapa hazırlanır.