Noyabrın 1-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimatı keçirilib. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin beynəlxalq layihələrindən olan nəşr Misir Milli Tərcümə Mərkəzi ilə birgə ərsəyə gətirilib və bu ölkədə çap olunub.
Tədbirdə Tərcümə Mərkəzinin direktoru Afaq Məsud çıxış edərək yeni nəşrin məziyyətlərindən danışıb. Vurğulanıb ki, Azərbaycan ədəbiyyatını ərəb dünyasına ilk dəfə təqdim edən kitabda XX əsrdə yazıb-yaratmış yazıçılarımızın hekayələri yer alıb. Əsərləri ərəb dilinə Misir səfirliyinin Mədəniyyət və təhsil əlaqələri mərkəzinin rəhbəri Əhməd Sami Əl-Aydi tərcümə edib.
Qeyd olunub ki, Tərcümə Mərkəzi “Müasir Azərbaycan ədəbiyyatı” antologiyasının müxtəlif dillərdə təqdimatını keçirib. Yaxın vaxtlarda kitabın Bolqarıstanda təqdimatı nəzərdə tutulur. “Müasir Azərbaycan hekayəsi antologiyası” isə ərəb ölkələrində Azərbaycan ədiblərinin daha da yaxşı tanınmasına şərait yaradacaq. “Biz, eyni zamanda ərəb yazıçılarının seçilmiş hekayələrini Azərbaycan dilinə tərcümə etməklə “Xəzər” jurnalında oxucuların ixtiyarına veririk. Bizim bu işimiz Azərbaycanda ərəb dünyasına, ərəb dünyasında da Azərbaycana olan sevginin bariz nümunəsidir”, - deyə A.Məsud söyləyib.
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman, Mərakeşin ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş çıxış edərək layihənin əhəmiyyətindən söz açıblar.
Qeyd edilib ki, bir xalq haqqında onun milli düşüncəsi, məişəti, mənəvi dayaqları haqqında məlumat əldə etmək üçün ilk növbədə onun ədəbiyyatına müraciət edilir. Bu baxımdan Tərcümə Mərkəzinin gördüyü işlər təqdirəlayiqdir.
Kitabın tərcüməçisi Əhməd Sami Əl-Aydi bildirib ki, xalqların dostluq və qardaşlıq əlaqələrinin faydalı yolu ədəbiyyatdan keçdiyi üçün belə layihələrin icrası qeyd edilən amala xidmət edir.