Prezident İlham Əliyev noyabrın 3-də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Dövlət Simfonik Orkestri müasir ifaçılıq sənətimizin, milli və dünya klassik musiqisinin təbliğində uzunillik səmərəli fəaliyyəti ilə seçilir.
Sərəncama əsasən, 2017-ci il noyabrın 1-dən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinə aid olan işçilərinin aylıq vəzifə maaşlarına 500 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilib.
Nazirlər Kabinetinə “Mədəniyyət haqqında” 2012-ci il 21 dekabr tarixli qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli fərmanının müvafiq bəndinə əsasən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusun verilməsi barədə qərarı 2017-ci il noyabrın 1-dən tətbiq etmək tapşırılıb.