Heydər Əliyev Mərkəzində müasir Çin rəssamlarının sərgisi açılıb
   
   Noyabrın 6-da Bakıdakı Heydər Əliyev Mərkəzində müasir Çin rəssamlarının əsərlərindən ibarət “Ulduzlar toplusu” sərgisinin açılışı olub. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.   
   Tədbir Çin rəqs qrupunun milli rəqsləri ifa etməsi ilə başlanıb.
   Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov müasir Çin incəsənətinə həsr edilən sərgidə 20 rəssam və heykəltəraşın 40-dək əsərinin təqdim edildiyini bildirib. O, layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə, xüsusilə Çinin Azərbaycandakı səfiri Vey Cinhuaya təşəkkür edib.
   Sonra kolleksiyaçı Con Dodeland və sərginin kuratoru Ami Barak çıxış üçün dəvət olunublar.
   Con Dodeland sərginin Heydər Əliyev Mərkəzi kimi möhtəşəm bir məkanda keçirilməsindən məmnunluğunu bildirib. Qeyd edib ki, bir neçə ildir yeni nəsil Çin rəssamlarına dəstək verir. Kolleksiyaçı vurğulayıb ki, sərhədsiz incəsənətlə bağlı eyni duyğu ətrafında bir çox insanları bir araya gətirmək mümkündür: “Ulduz toplusu dedikdə, mən məhz incəsənət aləminin sabah böyük ulduzları olacaq bu gəncləri nəzərdə tuturam. Onlar öz gücləri, öz dünyagörüşü ilə qlobal bir hərəkatın hissəsinə çevriləcəklər”. Kolleksiyaçı Azərbaycan rəssamlarının da Çinə dəvət ediləcəyinə ümidvar olduğunu söyləyib və sərginin təşkilində göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
   Layihənin kuratoru, Fransada və digər ölkələrdə bir sıra sərgilərin təşkilatçısı olmuş Ami Barak bu sərginin də əvvəlcə Tbilisidə nümayiş etdirildiyini deyib: “Bizim arzumuz idi ki, bu sərgini Bakıya gətirək. Nəhayət, bu gün arzumuz reallığa çevrildi. Bu, səyyar sərgidir və o deməkdir ki, biz bu yolla irəliləyərək bu istiqamətdə addımlarımızı davam etdirəcəyik. Əslində bu sərgi bizim böyük layihəmizin bir hissəsidir”.
   Sonra qonaqlar sərgi ilə tanış oldular.
   “Ulduzlar toplusu” sərgisi müasir Çin incəsənəti, bu ölkənin mədəniyyətindəki yeni çalarlarla yaxından tanışlıq imkanı yaradır. Ekspozisiya Heydər Əliyev Mərkəzində 2018-ci il fevralın 1-dək davam edəcək.